Erməni təcavüzü dünya ictimaiyyətinə yetərincə çatdırılırmı?
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ də işğaldan azad edilməyib. Təəssüf ki, beynəlxalq qurumlar bu təcavüzə hələ də göz yumurlar. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, əgər torpaqlarımız sülh yolu ilə işğaldan azad edilməsə, Azərbaycan hərbi variantına əl atacaq. Erməni təcavüzü dünya ictimaiyyətinə yetərincə çatdırılırmı? Həmçinin, respublikamız Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatları apara bilərmi? Bu suallarla tarix elmləri doktoru, professor Musa Qasımlıya müraciət etdik.
- Fikrimcə, əgər hər hansı bir təşkilat, xüsusən, universial tipli Birləşmış Millətlər Təşkilatı və həmin qurumun Təhlükəsizlik Şurası əgər qərar qəbul edirsə, onların yerinə yetirilməsinə də çalışmalıdır və israr etməlidir. BMT TŞ-nin məsələ ilə bağlı qətnamələrinin yerinə yetirməməsi, aydın şəkildə göstərir ki, adıçəkilən qurumun strukturlarında ciddi islahatlar aparılmalıdır. BMT-nin fəaliyyətində çoxlu nöqsanlar var. Eyni zamanda, Ermənistanın siyasətinə münasibətdə ikili standartlar mövcuddur və bu standartlar təcavüzkarı şirnikləşdirməyə xidmət edir. Ona görə də, hesab edirəm ki, Azərbaycan böyük dövlətlərin ikili standartlar siyasətinin mahiyyətini açmalıdır. BMT sənədlərinin yerinə yetirilməsində israr etməlidir. Həmçinin, Azərbaycan xalqı öz probleminin həllinə çalışmalıdır.
Məlumdur ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Antiterror əməliyyatının həyata keçirilməsi isə Ermənistanın Azərbaycana təcavüzü qarşısında çox məhduddur və kiçikdir. Təbii ki, Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmək üçün istənilən aksiyanı keçirə bilər. Amma hesab edirəm ki, biz Ermənistanın Azərbaycana təcavüzü məsələsini yalnız terror aktlarının törədilməsi ilə məhdudlaşdıra bilmərik. Terror aktlarının törədilməsi Ermənistanın ümumi təcavüzkarlığının siyasətinin tərkib hissələrindən biridir.
Fikrimcə, son illər Azərbaycanda bu sahədə sistemli iş görülür. Heydər Əliyev Fondunun fəaliyyəti, digər fondlar üçün və qeyri-hökumət təşkilatları üçün, eləcə də, yaradıcı qurumlar üçün bir nümunədir. Fond tərəfindən Xocalı faciəsi ilə bağlı tədbirlərin keçirilməsi bu sahədə atılan ciddi addımlardan biridir. Hesab edirəm ki, bu məsələlərlə qeyri-hökumət təşkilatları da məşğul olmalıdılar. Amma biz də, yanlış olaraq, qeyri-hökumət təşkilatları yalnız seçki məsələləri ilə məşğul olurlar. Hesab edirəm ki, bu, bizim demokratikləşdirmə prosesində olan qüsurlardan biridir. QHT-lərin fəaliyyəti yalnız seçki ilə məhdudlaşmamalıdır. QHT-lər hökumətin görmədiyi məsələlərə xüsusi diqqət yetirməlidir.