PDF Oxu

Əsas

  • 17

Əli Məsimli: “Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq"

Əli Məsimli: “Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq"

- Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda "qlobal enerji mənzərəsi" mövzusunda geniş və əhatəli çıxış edib. Sizcə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu nədən ibarətdir?

- Prezident İlham Əliyev çıxışında bu məsələləri kifayət qədər dəqiq arqumentlərlə əsaslandırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artır. Bu, həm ölkəmizin enerji daşıyıcılarının, həm də neft-qaz hasilatının sürətlə artması ilə əlaqədardır. Yaxın vaxtlarda neft  hasilatı 50 milyon tonu, qaz hasilatı isə 40 milyard kubmetri keçəcək. Uzun müddətdir ki, mübahisəli xarakter daşıyan, eyni zamanda, Avropa üçün çox aktual olan NABUCCO layihəsinin illik ötürmə gücü 31 milyard kubmetrə bərabərdir. İkincisi, NABUCCO ətrafında gəzən söz-söhbətlərə baxmayaraq, Azərbaycan yeganə ölkədir ki, bu layihədə birmənalı siyasi mövqe nümayiş etdirir. Üçüncüsü, artıq enerji məsələsi Avropanın milli təhlükəsizlik problemi səviyyəsinə gəlib çatıb. Əgər Azərbaycan Avropanın milli təhlükəsizlik məsələsi olan enerji probleminin həllinə öz birmənalı töhfəsini verirsə, Avropa da bunu dəyərləndirməlidir. Azərbaycanın isə milli təhlükəsizliyinin özəyini təşkil edən məsələ özünün ərazi bütövlüyüdür. Ona görə də BMT erməni işğalçılarının qeyd-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxarılması haqqında qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrə hörmət etməli və Azərbaycanın milli təhlükəsizlik məsələsində birmənalı mövqe tutmalıdır.

- Əli müəllim, Azərbaycanda nəhəng qaz ehtiyatları aşkarlanır. Bu, ölkəmizin əsas qaz ixracatçısına çevrilməsinə imkan yarada bilər?

- Prezident İlham Əliyevin də dediyi kimi, bu gün ölkəmizdə qaz hasilatının real göstəricisi 2 trilyon kilometrdir. Amma indi, faktiki olaraq, bu rəqəm 5 trilyon kilometrə qədərdir. Neft ehtiyatları isə, 5 milyard tona qədərdir ki, bu da kifayət qədər böyük göstəricidir. Ona görə də Azərbaycan 21-ci əsrin ən iri layihələrinin çox ciddi iştirakçısıdır. Ölkəmiz olmadan enerji daşıyıcılarını ötürən kommunikasiya xətlərini həyata keçirmək mümkün deyil. Ölkəmiz təkcə tranzit ölkə kimi deyil, həmçinin, dünyanın ən iri qaz təchizatçısı ölkəsi statusuna doğru hərəkət edir. "Şahdəniz" yatağının ikinci fazası istifadəyə verilən zaman artıq bu məsələ tam reallığa çevriləcək. Az öncə də, qeyd etdiyim kimi, əgər Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatına öz töhfəsini verirsə, Avropaya enerji daşıyan xətlərin şaxələnməsi prosesində fəal iştirak edirsə, onda Avropa strukturları da Azərbaycanın ərazi bütövlüyü məsələsinə dair qəbul etdiyi qərarların tez bir zamanda icra edilməsinə çalışmalıdır.

- Ötən il ölkəmizdə ümumi daxili məhsulun artımı (ÜDM) 9,3 faiz, iqtisadiyyata qoyulan investisiyanın həcmi isə 9,3 milyard ABŞ dolları məbləğində olub. Bunun da 80 faizə qədəri yerli sahibkarların payına düşür. Bu baxımdan, demək olarmı ki, dövlət yerli sahibkarlara öz biznes sahələrini qurmaları üçün hər cür şərait yaradır?

- Azərbaycanda ÜDM-in 9,3 faizə qədər artması müsbət göstəricidir. Çünki ölkəmizin də daxil olduğu MDB məkanında ÜDM orta hesabla 7 faiz aşağı düşüb. Məsələn, Ukraynada 15 faiz, Ermənistanda 14 faizdən artıq, Rusiyada 8 faiz enmə olduğu halda, Azərbaycanda 9,3 faiz artım var. Ölkə iqtisadiyyatına sərmayə qoyuluşuna gəldikdə isə, bu rəqəm 18-19 faiz aşağı düşüb. Təbii ki, 2010-cu ildə bu geriliyin aradan qaldırılması üçün dövlət tərəfindən bir sıra addımların atılması vacibdir. Qeyd edim ki, sərmayələrin böyük bir hissəsi dövlət vəsaitidir və büdcədən ayrılan bu vəsait də iri infrastruktur layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Bu infrastruktur layihələrinin reallaşması da başqa ölkələrlə müqayisədə qlobal maliyyə böhranının Azərbaycana daha az təsir göstərməsinə səbəb oldu. Əgər əvvəllər ölkə iqtisadiyyatına qoyulan investisiyaların 80 faizini xarici investisiyalar təşkil edirdisə, indi bu 80 faiz göstərici daxili investisiyaların payına düşür. Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri daxili investisiyalardan səmərəli istifadə etməklə ölkə iqtisadiyyatının sürətli inkişaf etməsinə nail olmaqdır.

- Cənab İlham Əliyevin Prezident seçildiyi 6 il ərzində ölkə iqtisadiyyatı sürətli inkişaf edib. Bu inkişaf kontekstində qeyri-neft sektoruna dövlət qayğısını necə qiymətləndirirsiniz?

- 2004-cü ildən bu günədək Azərbaycan iqtisadiyyatı sürətli inkişaf edir. Bu artım 25 faizdən 35 faiz səviyyəsinə qədər qalxıb. Bu, təbii ki, sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Hətta ölkəmiz 2005-ci ildən sonra iqtisadi inkişafın ən yüksək mərhələsinə qədəm qoyub ki, bu da, öz növbəsində, Azərbaycanın qlobal maliyyə böhranından xilas olmasına kömək edir. Böhran vaxtı keçmiş SSRİ-yə daxil olan ölkələrin əksəriyyətində iqtisadi inkişaf müsbətdən mənfiyə doğru dəyişib. Baltikyanı ölkələrdə, Estoniyada 13, Latviya və Litvada 16 faiz enmə olub. Azərbaycanda isə mənfiyə doğru enmə yox, sadəcə, 25 faizlik artımdan 9 faizlik artıma düşülüb. Yəni, böhranın nəticəsi ölkəmizdə iqtisadi inkişaf templərinin aşağı düşməsi kimi özünü göstərib. Bunu da Azərbaycanın böhrandan qabaqkı dövrdə çox yüksək artım templəri ilə əlaqələndirmək olar. Belə ki, 2008-ci ilin ortalarında neftin bir barrelinin qiyməti 147 ABŞ dolları idisə, 2008-ci ilin axırlarında bu rəqəm 33 ABŞ dollarına enmişdi. Bu da neftin bir barrel qiymətinin 4-4,5 dəfə aşağı düşməsi demək idi. Bu fakt ölkə gəlirlərinin aşağı düşməsi ilə xarakterizə olundu. Bunlara baxmayaraq, Azərbaycandakı güclü iqtisadi inkişaf qlobal maliyyə böhranının ölkəmizə təsirini minimuma endirdi.

- Əli müəllim, Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında qanun layihəsi müzakirəyə çıxırılıb. Sizcə, bunun qəbulu gözlənilirmi?

- Rəqabət Məcəlləsi çoxdandır ki, Milli Məclisdə müzakirə olunub. Müzakirələr zamanı ciddi tənqidlərə məruz qalıb. Çünki qanun layihəsi lazımi səviyyədə hazırlanmamışdı. Hazırda parlamentin iqtisadi qanunvericilik şöbəsi və əlaqədar təşkilatların ekspertləri ilə birgə həmin məcəllənin üzərində iş gedir. Güman etmək olar ki, qanun layihəsi yaz sessiyasında müzakirəyə çıxarılacaq. Əgər Rəqabət Məcəlləsi qəbul edilərsə, bu, daxili bazarda rəqabət qaydalarının müəyyənləşdirilməsi, haqsız rəqabətin, təbii və süni inhisarçılığın aradan qaldırılması və yumşaldılması istiqamətində irəli doğru addım olacaq. Təbii ki, bir qanunla inhisarçılığı tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Bununla paralel sürətdə digər təşkilatı işlər görülməlidir. Eyni zamanda, həmin qanunun normal işləməsi üçün də hər cür şərait yaradılmalıdır.

- Məlumatlara əsasən, bu qanuna nəzarəti həyata keçirmək üçün qurum yaradılacaq. Bu qurumun yaradılması hansı zərurətdən irəli gəlir və əsas funksiyası nədən ibarət olacaq?

- Məcəllədə belə bir qurumun yaradılması nəzərdə tutulur. Rəqabətlə bağlı proseslərin tənzimlənməsi üçün belə bir qurumun yaradılmasına ehtiyac var. Bundan ötrü də bu qurum üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir.

Digər xəbərlər