PDF Oxu

Əsas

  • 14

"Mübariz Qurbanlının son təklifini birmənalı şəkildə dəstəkləyirəm"

"Mübariz Qurbanlının son təklifini birmənalı şəkildə dəstəkləyirəm"
Məlum olduğu kimi, parlamentin bu günlərdə öz işinə başlayan yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı işğal olunmuş ərazilərlə bağlı Milli Məclis tərəfindən ayrıca qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış etdi. Bu baxımdan, millət vəkilləri bu təklifi müsbət dəyərləndirdilər. Millət vəkili Qənirə Paşayeva deputat həmkarının məlum təklifilə bağlı münasibət bildirərək, söyləyib ki, o, birmənalı olaraq, deputat həmkarı M.Qurbanlının təklif etdiyi məsələni dəstəkləyir. Onun sözlərinə görə, bu, çox müsbət, vaxtında və zamanında səsləndirilmiş bir təklifdir. "Müharibə vəziyyətində olan bir ölkə kimi belə bir qanunun qəbuluna çox böyük və zəruri ehtiyac var. Odur ki, gecikmədən bu qanun layihəsinin hazırlanaraq, parlament müzakirələrinə çıxarılması və qəbul edilməsi lazımdır", - deyə millət vəkili sözlərinə əlavə edib. Yeri gəlmişkən, təxminən ilyarım, iki il öncə Q.Paşayevanın özü buna bənzər bir təkliflə çıxış etmişdi. Belə olan halda, görəsən, Q.Paşayeva deputat həmkarının bu təklifindən sonra yenədəmi öz məlum təklifində qalır? Millət vəkilinin bildirdiyinə görə, o, yenə də öz təklifində qalır: "Heç də vacib deyil ki, bu yöndə iki qanun layihəsi hazırlansın və qəbul edilsin. Məsləhət bilinərsə, bu istiqamətdə bir təkmil qanun layihəsi hazırlana və parlament müzakirələrinə çıxarılaraq, qəbul oluna bilər. Eyni zamanda, bildirmək istəyirəm ki, son illər bəzi xarici ölkələrin şirkətləri Ermənistan rəhbərliyinin şirnikləndirmələri əsasında gedib Azərbaycanın işğal olunmuş ərazilərində iş qururlar. Daha doğrusu, ermənilərlə birlikdə həmin işğal olunmuş ərazilərimizdəki yerüstü və yeraltı təbii sərvətlərimizi talamaqla məşğul olurlar. Mineral sularımızı daşıyıb aparırlar, meşələrimizi məhv edirlər, qiymətli ağaclarımızı qırıb öz ölkələrinə daşıyırlar və sair. Biz bu məqama da çox ciddi diqqət yetirməliyik və həmin xarici şirkətlərlə, onların arxasında dayanan ölkələrlə sərt davranmalıyıq. Bu yerdə başqa bir məqama da diqqət cəlb etmək istəyirəm. Mətbuatdan da məlum olduğuna görə, turizmlə və digər sahələrlə məşğul olan bəzi xarici şirkətlər var ki, özlərinə aidiyyəti olmadığı halda onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini öz saytlarında Ermənistanın ərazisi kimi göstərir, Azərbaycanın ərazi bütövlüyünə qarşı çox ciddi və murdar kampaniya aparırlar. Bundan başqa, bəzi xarici şirkətlər var ki, onlar Azərbaycanın tarixi ilə bağlı tamamilə yanlış, uydurma, həqiqətə uyğun olmayan məlumatlar yayırlar, saxta xəritələr düzəldirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu məsələni parlamentdəki çıxışlarım zamanı da səsləndirmişəm və bu gün də o fikrimin üstündə qalıram ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparan, işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə iş quranlar xarici şirkətlərlə və şəxslərlə bağlı, yaxud ümumilikdə, işğal olunmuş ərazilərlə əlaqədar xüsusi bir qanun qəbul edilməlidir. Biz həmin qanunda göstərməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən xarici şirkətlər, yaxud işğal olunmuş ərazilərdə fəaliyyət göstərən Ermənistanın şirkətləri və ya ayrı-ayrı şəxsləri ilə əlaqə yaradan xarici qurumların Azərbaycanda fəaliyyəti hər zaman yasaqdır. Yəni, o şirkətlər heç zaman, hətta gələcəkdə belə Azərbaycanda fəaliyyət göstərə bilməzlər. Özü də, nəinki o şirkətlər, o şirkətlərdə işləmiş, vəzifə tutmuş, onlara rəhbərlik etmiş şəxslər sabah başqa bir şirkət yaratsalar belə, onların şirkətlərinin və özlərinin Azərbaycanda fəaliyyəti yolverilməzdir, qanunla qadağandır. Bundan savayı, qəbul edəcəyimiz qanunda göstərilməlidir ki, həmin şirkətlərdən hər hansı biri indiyə kimi Azərbaycanın işğal olunmayan ərazilərində də fəaliyyət göstəribsə və yaxud göstərirsə, onların da fəaliyyətinə xitam veriləcək. Həmçinin, o xarici şirkətlər ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı təbliğat kampaniyası aparıblar, Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar, kitablar, xəritələr çap edib, yayıblar, onların da Azərbaycanda fəaliyyətinə qadağa qoyulacaq. Bununla bərabər, həmin xarici şirkətlərin Azərbaycanda satışda olan məhsullarına embarqo qoyulacaq. Bu qanunu qəbul etdikdən sonra da onu xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarına, səfirliklərinə, eyni zamanda, ölkəmizin xaricdə fəaliyyət göstərən nümayəndəliklərinə göndərməliyik. Biz bu qanunla onları yaxından tanış etməliyik ki, gələcəkdə həmin ölkələri və onların işğalçı, separatçı rejimlə əlaqə, iş birliyi quran şirkətlərini hansı aqibət gözləyir. Biz, həmçinin, mütəmadi, vaxtaşırı olaraq Azərbaycanın əleyhinə kampaniya aparmış, işğalçı rejimlə əlaqələr qurmuş, sərvətlərimizi talamış xarici şirkətlərin siyahılarını dərc etməliyik. Hesab edirəm ki, virtual dünyada, internet dünyasında Azərbaycan əleyhinə təbliğat, iş aparan xarici şirkətlərin də araşdırılması, üzə çıxarılması üçün hansısa bir qurum daxilində bir qrup yaradılmalıdır. Mənim fikrimcə, biz bu addımı atmış, bu qanunu qəbul etmiş olsaq, indiyənə qədər Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparmış, hörmətsizlik nümayiş etdirmiş, separatçılarla iş birliyi qurmuş xarici şirkətlər və onların arxasında duran dairələr, dövlətlər bir daha Azərbaycanla bağlı hər hansı bir xətaya yol verməzlər. Bu yerdə, onu da nəzərdən qaçırmayaq ki, bu gün Azərbaycan regionun ən güclü, ən inkişaf etmiş, ən zəngin ehtiyatları olan ölkəsidir. Belə olan təqdirdə, bir çox xarici şirkətlərin də marağındadır ki, onlar Azərbaycanda yaxından fəaliyyət göstərsinlər. Təbii ki, biz yuxarıda qeyd etdiyim addımı atmaqla, gələcəkdə növbəti xoşagəlməz proseslərin qarşısını ala bilərik. Bir daha qeyd edirəm ki, biz mütləq belə bir qanun qəbul etməliyik və onun icrasını reallaşdırmalıyıq. Bunun bizim ümumi işimizə böyük xeyri ola bilər. Biz bununla bir daha Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha yaxından çatdıra bilərik".

Digər xəbərlər