PDF Oxu

Əsas

  • 22

Milli Məclisin yaz sessiyası başlandı

Milli Məclisin yaz sessiyası başlandı

Dünən Milli Məclisin yaz sessiyasının ilk iclası keçirildi. Azərbaycan Respublikasının himni səsləndikdən sonra sessiya öz işinə başladı. Spiker Oqtay Əsədov Milli Məclisin 2009-cu ilin payız sessiyasının məhsuldar olduğunu bildirdi: "Milli Məclisin payız sessiyası dövründə, ümumilikdə 13 iclası keçirilib, 80 qanun və qərar qəbul olunub. Bu müddət ərzində komitələrin 62 iclasında 167 məsələyə baxılıb, 146 sənəd müzakirə olunub. Ümumilikdə, Milli Məclisin payız sessiyasını uğurla başa vurub".
Sonra millət vəkilləri bir sıra təkliflərlə çıxış etdilər. İclasda çıxış edən millət vəkili Cəmil Həsənli Azərbaycanda "Neft haqqında" qanunun qəbul olunması təklifini irəli sürdü. Deputat, həmçinin, yeni tikilən binaların qazla təmin olunmasının zəruri olduğunu da qeyd etdi.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "İşğal altındakı ərazilər haqqında" qanunun qəbul olunmasını təklif etdi. M.Qurbanlının sözlərinə görə, bu qanunla işğal olunan ərazilərin statusu müəyyən edilməlidir: "Bu qanunun qəbulu çox vacibdir. İşğala məruz qalan ölkələrin çoxu belə bir sənədi qəbul edib".
Millət vəkili Qüdrət Həsənquliyev həmkarı Mübariz Qurbanlının qaldırdığı məsələni dəstəklədiyini bildirdi. Deputat, həmçinin, Azərbaycan Silahlı Qüvvələrindəki vəziyyətlə bağlı məsələnin Milli Məclisdə müzakirəsinin vacib olduğunu söylədi.

Siyavuş Novruzov: "Azərbaycanda seçki komissiyalarının tərkibi parlament seçkilərindən sonra yenidən formalaşacaq"

Bu fikri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının qanunvericilik planı müzakirə olunarkən bildirdi. Deputat İkram İsrafilin Seçki Məcəlləsinə əlavə və dəyişiklik edilməsi və seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı təklifinə münasibət bildirən S.Novruzov yeni parlament seçkiləri keçiriləndən sonra seçki komissiyalarının tərkibində dəyişiklik olunacağını vurğuladı. Onun sözlərinə görə, bu, partiyaların parlamentdə təmsilçiliyi ilə bağlıdır: "Bələdiyyə seçkilərində 2 min namizəd tapa bilməyənlər seçki komisisyalarında təmsil olunmağa 10 min adamı haradan tapacaq?"
S.Novruzov Seçki Məcəlləsinin tam normal olduğunu, hər hansı dəyişikliyə ehtiyac görülmədiyini vurğuladı: "Bu gün Azərbaycanda azad, demokratik seçki keçirilir və bundan sonra da keçiriləcək. Hər hansı bir nöqtə və yaxud da vergülün dəyişilməsi heç bir şeyi dəyişdirmir. Bu fikri deyənlər, görünür, adət ediblər ki, hər seçkiqabağı Seçki Məcəlləsinə dəyişikliklər edilməsi təklifi ilə çıxış etsinlər. Ancaq bilmək lazımdır ki, Azərbaycan keçirilən seçkilər tam azad və demokratik baş tutur və bundan sonra da keçiriləcək seçkilər bu istiqamətdə olacaq".
Daşkəsən rayonunda yerləşən hərbi hissədə baş verən faciəli hadisə ilə bağlı bəzi millət vəkillərinin fikirlərinə cavab verən S.Novruzov hərbi hissədə baş verən hadisəni şişirtməməyə çağırdı: "Bu hadisə ilə bağlı prokurorluqda təhqiqat aparılır. Təhqiqatın nəticələri ilə bağlı cəmiyyətə məlumat veriləcək. İndi orduya böyük maraq var. Vaxtı ilə ordudan yayınan insanlar ərizə ilə müraciət edirlər ki, əsgərliyə getmək istəyirik. Hər dəfə baş verən hansısa hadisə ilə bağlı Müdafiə Nazirliyinin hansısa qurumunun hesabatını tələb eləmək düzgün deyil. Onlar Ali Baş Komandan qarşısında məsuliyyət daşıyırlar".

Ziyafət Əsgərov: "Proporsional seçki sisteminin bərpa olunmasına ehtiyac yoxdur"

MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə vurğuladı ki, proporsional seçki sistemi ilə bağlı məsələni indi yox, referendum zamanı qaldırmaq lazım idi: "Buna ehtiyac yoxdur. Düzdür, çoxlu partiya var. Amma bu proses, hələlik, klassik sistem formasına gəlib çatmayıb. Niyə majoritar sistemdən qorxursunuz?"
Z.Əsgərov bəzi millət vəkillərinin səsləndirdikləri növbəti fikirlərinə - həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbinə də aydınlıq gətirdi: "Jurnalistlər də digər vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Hər kəs törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmalıdır. İndi deputatın şərəf və ləyaqəti tapdanıb. O, nə etsin? Bu məsələnin sivil həlli yolu məhkəməyə müraciət etməkdir. Cəlal müəllimin mənim vəkilliyimə ehtiyacı yoxdur, onun vəkili var. Ancaq götürüb etibarlı mənbə adı ilə nə gəldi yazırlar".
Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Z.Əsgərov Daşkəsəndəki hərbi hissədə baş verən hadisənin hamını narahat etdiyini, bunula bağlı ciddi iş görüldüyünü qeyd etdi: "Mən bu hadisədən sonra nazirlə danışdım. Hadisə yerinə komissiya göndərilib. Bu hadisə ilə bağlı ciddi tədbirlər görüləcək"
Spiker O.Əsədov da baş verən hadisə ilə bağlı istintat qrupunun yaradıldığını, cəmiyyətə əlavə məlumat veriləcəyini söylədi. Həmçinin, O.Əsədov bəzi millət vəkillərini parlamentə qarşı çıxış etməkdə ittiham etdi. Spiker mətbuatda deputatların dilindən MM-in işləməməsi barədə çıxışlara rast gəldiyini vurğuladı. O.Əsədov belə deputatları "mövqesiz insanlar" da adlandırdı: "Əgər sənin sözün varsa, çıxış et, sözünü de. Xalqın gözü tərəzidir. Hamı-hamını yaxşı tanıyır. Bu məsələnin kökü var, ancaq mən bunu araşdırmaq istəmirəm. Necə olur ki, işləməyən Milli Məclis dörd il ərzində 938 qanun qəbul edir?"
Spiker deputatları MM-in üçüncü çağırışın sonuncu tam müddətli sessiyasını ləyaqətlə, şərəflə başa vurmağa çağırdı.
Deputat Elmira Axundova isə akademik Zərifə Əliyevanın doğum gününün "Analar günü" kimi rəsmi bayramlar sırasına salınması təklifi ilə çıxış etdi. Deputat dünyanın bir çox ölkələrində "Qadınlar günü" ilə yanaşı, "Analar günü"nün də qeyd olunduğunu vurğuladı.
Müzakirələrdən sonra parlamentin yaz sessiyasının qanunvericilik planı səsə qoyularaq təsdiqləndi.
Qeyd edək ki, yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib. Buraya tikinti, şəhərsalma, rəqabət məcəllələri, "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Pambıqçılıq haqqında", "Fərdi məlumatlar haqqında", "Normativ hüquqi aktlar haqqında", "Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında", "Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "İctimai asayişin təmin edilməsində vətəndaşların iştirakı haqqında", "Kənd təsərrüfatının kooperasiyası haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "İnsan immun çatışmazlığının törətdiyi xəstəliklə mübarizə haqqında", "Kəşflərin hüquqi qorunması haqqında", "Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" qanun layihələri daxildir. Eyni zamanda, Azərbaycan prezidentinin, Ali Məhkəmənin, baş prokurorun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü ilə təqdim olunan qanun layihələri də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.

Digər xəbərlər