Azərbaycan sərhədləri etibarlı əllərdədir
Dünən Dövlət Sərhəd Xidmətinin Mərkəzi aparatında DSX-nin 2009-cu ildəki xidməti döyüş fəaliyyətinin təhlilinə həsr olunan müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirədə xidmətin il ərzindəki fəaliyyəti ətraflı təhlil edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Müşavirədə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev qeyd edib ki, əsası 2002-ci ildə ulu öndərimiz tərəfindən qoyulmuş Dövlət Sərhəd Xidməti müqəddəs sərhədlərimizin mühafizəsi işinin səviyyəsinin daha da yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparılması kimi önəmli vəzifələri uğurla yerinə yetirir. E.Quliyev məruzəsində qeyd edib ki, 2009-cu il ərzində Dövlət Sərhəd Xidmətinin xidməti döyüş fəaliyyətində baş vermiş əsas hadisələr, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Sərhədçi" idman olimpiya mərkəzinin və xüsusi təyinatlı hərbi hissənin açılış mərasimlərində iştirak etməsi, terrorçularla döyüşdə öz həyatı bahasına komandirini və əsgər yoldaşlarını xilas etmiş əsgər Eltun İsgəndərovu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq bilməsi, əməkdaşlarımızı orden və medallarla təltif etməsi olub.
Onun sözlərinə görə, "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrasının 4-cü mərhələsi uğurla başa çatıb.
"DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli gəmilər verilib. İyun ayının 21-25 tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin cəlb edildiyi "Qalxan-2009" birgə əməliyyat-taktiki təlimlərində DSX-nin bölmələrinin qarşısına qoyulmuş döyüş tapşırıqları uğurla yerinə yetirilib",- deyə qeyd edən Elçin Quliyev bildirib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində qanunsuz silahlı qruplaşma üzvləri olan 6 şəxs yaxalanıb, 3 nəfərin zərərsizləşdirilib, o cümlədən, "Meşə qardaşları" terror dəstəsinin 10 üzvünün müqabil ölkələrin ərazisinə keçmələri qarşısının alınıb, silahlı dəstəyə məxsus ərazidə gizlədilmiş xeyli silah-sursat, külli miqdarda ərzaq, geyim əşyaları, texniki və məişət avadanlıqları aşkarlanıb.Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3, qaçaqmalçılıq, o cümlədən, narkotik vasitətələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Rusiya Federasiyası və Gürcüstan ilə dövlət sərhədlərinin delimitasiyası işləri davam etdirilib.
Elçin Quliyevin sözlərinə görə, sərhədin pozulması ilə əlaqədar olan cinayətlərə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri ilə birgə uğurlu əməliyyatların keçirilməsi, hərbi prokurorluq və məhkəmə orqanları ilə birgə hərbi cinayətlərin profilaktikası, şəxsi heyət və yerli əhali arasında geniş izahat və qanunsuz əməllərdən çəkindirmə praktikası davam etdirilib. "İl ərzində dövlət sərhədini 76 halda 119 nəfər saxta, 28 halda 28 nəfər özgəsinin sənədi ilə və 16 halda 17 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb, axtarışda olan 1045 nəfər tutulub. Əməliyyat tapşırığına əsasən, 347 nəfərin ölkədən çıxışı qadağan olunduğu üçün Azərbaycan Respublikasından çıxmasına icazə verilməyib, 83 nəfərin ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycan Respublikasına buraxılmayıb, 166 nəfərin pasportu etibarsız olduğu üçün alınıb"- deyə komandan bildirib. Toplantıda 2009-cu ilin nəticələri nəzərə alınaraq, 2010-cu ildə qarşıda duran vəzifələrin icrasına dair müvafiq göstəriş və tapşırıqlar verilib.
Son illər ərzində Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçərək sərhəd təhlükəsizliyinin təminatı sahəsində hər bir vəzifəni yerinə yetirməyə imkan verən ciddi potensial əldə edib. Bu inkişafın əsasında da dahi öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan sərhəd mühafizəsi strategiyası, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu strategiyanın genişləndirilməsi və uğurla həyata keçirilməsi durur. Prezidentin 27 dekabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin 2006-2010-cu illərdə texniki inkişafına dair" Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində qısa müddətdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin sözlərinə görə, bütün sərhəd xətti boyu müasir tələblərə tam cavab verən sərhəd bölmələri sistemi yaradılıb, müasir silahlarla təchiz olunub, sərhəd aviasiyası formalaşdırılıb, radiolokasiya sistemlərinin, müasir müşahidə və aşkaretmə vasitələrinin tətbiqi təmin olunub.
Dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsi gücləndirilib, DSX-nın Akademiyası fəaliyyətə başlayıb. Dövlət sərhədinin fiziki yolla mühafizəsindən əməliyyat və texniki yolla mühafizəsinə keçid istiqamətində mühüm addımlar atılıb, sərhəd nəzarəti məntəqələri və sərhəd gözətçi gəmiləri tam peşəkar heyətlə komplektləşdirilib. Hazırda dövlət sərhədlərimizdə durum sabitdir və dövlət sərhədlərimizin yaxınlığında cərəyan edən hadisələr, onların inkişafı daim izlənilir və xidmətin təşkilində mütləq qaydada nəzərə alınır. Xəzər dənizinin Azərbaycan sektorunda təhlükəsizliyin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun mühafizəsi sahəsində Dövlət Sərhəd Xidmətinə vəzifələr həvalə olunub. 2005-ci ildə dövlət başçısının qərarı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində Sahil Mühafizəsi yaradılıb. "Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin 2006-2010-cu illərdə texniki inkişafına dair" Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası inşa olunub.
Xidmətin sərəncamında olan sərhəd gözətçi gəmiləri müasir radiolokasiya sistemləri və silahlarla təchiz olunub, onların manevr imkanları genişləndirilib. Ötən il Dövlət Sərhəd Xidmətinə tam texniki təminatlı, ağır hava şəraitində xüsusi tapşırıqları yerinə yetirə biləcək bir neçə gəmi verilib.
Dənizçi sərhədçilərin peşəkarlığının artırılması, həmçinin, sərhəd bölmələri arasında qarşılıqlı əlaqələrin işlənilməsi məqsədi ilə "Sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda xidməti döyüş hərəkətləri və dənizdə xilasetmə işlərinin aparılması" mövzusunda hər il keçirilən taktiki təlimlər də mühüm əhəmiyyət kəsb edir. Həmsərhəd ölkələrlə sərhəd əməkdaşlığı münasibətləri də dinamik inkişaf edir. Quru sərhədlərində Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə sərhəd nümayəndələri xəttində dəyərli qarşılıqlı əlaqələr yaradılıb və inkişaf etdirilib. Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası sahəsində mühüm nailiyyətlər əldə olunub. Ümumi sərhəd xəttinin əhəmiyyətli hissəsinin razılaşdırılmasına nail olunub. Dəniz istiqamətində Rusiya, Qazaxıstan, Türkmənistan və İranın sərhəd xidmətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr inkişaf edir. Son illər ərzində Rusiya və Qazaxıstanın sərhəd xidmətləri ilə dənizdə birgə təlimlər təşkil olunub. Bütün Xəzər hövzəsi dövlətlərinin sərhəd xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib.
Bütün bunlar onu göstərir ki, Azərbaycan sərhədləri yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyev bu müqəddəs işə hər zaman böyük önəm verir. Çünki bir dövlətin müstəqilliyinin əsas qarantı onun sərhədlərinin etibarlı qorunmasıdır. Azərbaycanın bütün quru, su və hava sərhədləri isə etibarlı əllərdədir.