Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayacaq
Dünən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu 2009-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Mətbuat konfransında çıxış edən A.Təvəkküloğlu Milli Məclisin 2009-cu ilin payız sessiyasının məhsuldar olduğunu bildirdi: "Ötən dövr ölkə həyatındakı mühüm əhəmiyyətli ictimai-siyasi hadisələr və dünya miqyasında gedən qlobal proseslərlə yadda qaldı.
Belə ki, payız sessiyası dövründə ölkə əhalisi növbəti dəfə yerli özünüidarə orqanlarının - bələdiyyələrin formalaşmasında yaxından iştirak edərək, nisbətən, yeni olan bu institutun təşəkkül tapmasında fəallıq nümayiş etdirdi. Milli Məclis, öz növbəsində, bu proseslərdən kənarda qalmadı, bələdiyyələrlə bağlı bir sıra hüquqi sənədlər qəbul edərək, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsinə öz töhfəsini verdi. Payız sessiyası dövründə Milli Məclis ölkənin milli maraqlarına bu və ya digər şəkildə təsir göstərə biləcək genişmiqyaslı proseslərə münasibət bildirdi, lazım gəldikdə, bir sıra beynəlxalq qurumlara və xarici ölkə parlamentlərinə müraciətlər ünvanladı".
A.Təvəkküloğlu parlament həyatında ötən dövrün ən mühüm hadisələrindən biri olan 2009-cu il sentyabrın 25-də Milli Məclisin yeni korpusunun istifadəyə verildiyini söylədi: "Yeni korpusun açılışında Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva iştirak etdilər. Heç şübhəsiz, parlamentdə aparılan dünya standartlarına uyğun quruculuq və bərpa işləri müstəqil Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Bu, ulu öndər Heydər Əliyev siyasətinin yeni dönəmdə uğurlu davamının bariz nümunəsidir".
Parlamentin 2009-cu il payız sessiyası dövründə, ümumilikdə, Milli Məclisin 13 iclasının keçirildiyini deyən A.Təvəkküloğlu 80 qanun və qərarın da qəbul olunduğunu bildirdi: "Bu sənədlərdən 1-i Konstitusiyaya dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır. Bu müddət ərzində komitələrin 62 iclasında 167 məsələyə baxıldı, 146 sənəd müzakirə olundu. Ötən dövrdə ölkədə demokratiyanın daha da dərinləşməsinə xidmət edən "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə sənəd üzrə ikinci səsvermə keçirildi, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında qərar, "İctimai televiziya və radio yayımı haqqında" Qanuna dəyişikliklər və əlavə edilməsi barədə qanun qəbul olundu. Ümumiyyətlə, payız sessiyasında hüquqi sahəyə aid bir sıra sənədlər qəbul edildi. Onlardan "Daxili qoşunların statusu haqqında" Qanuna əlavə və dəyişiklik edilməsi barədə, "Məhkəmə qərarlarının icrası haqqında" Qanunda dəyişiklik edilməsi barədə, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə, Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə, "Dövlət qulluğu haqqında" Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə qanunları misal göstərmək olar. Payız sessiyası dövründə parlamentdə "Azərbaycan Respublikasının sülhyaratma əməliyyatlarında iştirakı haqqında" Qanun layihəsi 2-ci oxunuşda qəbul etdi. Bu günə qədər Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakı dövlətlər arasında bağlanmış Sazişlərlə həyata keçirilir. Sənədin qəbulu Silahlı Qüvvələrin ölkə hüdudlarından kənarda istifadə olunması ilə bağlı yaranan münasibətləri hüquqi cəhətdən tənzimləyəcək".
Mətbuat xidmətinin rəhbəri Milli Məclisin payız sessiyası dövründə yerli özünüidarənin hüquqi bazasının təkmilləşdirilməsini diqqət mərkəzində saxladığını vurğuladı. Onun sözlərinə görə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə, "Qazax rayonunun Alpout və Xanlıqlar bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında", "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanunlar qəbul olundu. Vergilər Nazirliyinin 10 illiyi ilə əlaqədar parlamentdə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalların təsis edilməsi haqqında sənədlər qəbul olundu".
Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, parlament, həmişə olduğu kimi, bu dəfə də sosial sahəyə aid bir sıra mühüm əhəmiyyətli qanunlar qəbul etdi. Onun sözlərinə görə, uzun müddət aparılan monitorinqin nəticəsi olaraq Milli Məclisdə Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri hazırlandı. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər və əlavələr bilavasitə işçi və işəgötürən arasında yaranan əmək münasibətlərinin daha səmərəli tənzimlənməsi, işçilərin hüquqlarının etibarlı qorunması məqsədinə xidmət edir. "Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsi isə əsasən nikahqabağı tibbi müayinə, övladlığa götürmənin daha səmərəli təşkili, yaş həddinə yenidən baxılması, nikah müqaviləsi və s. məsələləri əhatə edir. Sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olmuş "Əmək pensiyaları haqqında", "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Dərman vasitələri haqqında", "Özəl tibb fəaliyyəti haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri Milli Məclisdə qəbul edildi".
A.Təvəkküloğlu payız sessiyasında parlament Serbiyada, Oman Sultanlığında, Liviyada, Livanda və Estoniyada səfirliklərin təsis edilməsinə razılıq verildiyini vurğuladı. Qeyd etdi ki, bu dövrdə Milli Məclisdə bir sıra beynəlxalq əhəmiyyətli sənədlər və sazişlər də təsdiq olunub. Onlardan Azərbaycan və Latviya Prezidentlərinin Birgə Bəyannaməsinin, Azərbaycan Suriya hökumətləri arasında Sazişlərin təsdiq edilməsi barədə qanunu, "Kibercinayətkarlıq haqqında" Konvensiyanı, "Birgə film istehsalı haqqında" Sazişin təsdiq edilməsi barədə qanunları göstərmək olar.
Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, ötən dövrdə bir sıra xarici ölkələrin, beynəlxalq təşkilatların təmsilçiləri Milli Məclisdə oldu, müstəqil Azərbaycan parlamentinin işi ilə yaxından maraqlandılar.
Bu dövrdə parlamentdə müxtəlif mövzularda "dəyirmi masa"lar və seminarlar keçirildiyini deyən A.Təvəkküloğlu ötən ilin dekabrın 2-də qanunvericilik orqanında "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda dinləmələrin keçirildiyini söylədi. Mətbuat xidmətinin sözlərinə görə, 2009-cu ilin ölkə başçısı tərəfindən "Uşaq ili" elan olunması ilə bağlı ötən ilin dekabrında BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunan Milli Məclisin xüsusi iclası keçirildi. İclas çərçivəsində Milli Məclis Aparatı tərəfindən hazırlanmış "Azərbaycan qanunvericiliyində uşaq hüquqları" adlı kitabın təqdimatı oldu.
"Reket" qəzetlər Milli Məclisin adından istifadə edir" fikrini söyləyən A.Təvəkküloğlu mətbuat nümayəndələrini "Parlamentin sədası", "Azərbaycan parlamenti", "Parlament", "Parlamentin səsi", "Parlament-2005", "Parlament xəbərləri", "Parlament və cəmiyyət", "Millət vəkilləri", "Deputat tribunası" qəzetlərinə qarşı mübarizə aparmağa çağırdı. A.Təvəkküloğlu bu qəzetlərdən ikisinin - "Parlamentin sədası" və "Azərbaycan parlamenti" qəzetinin Mətbuat Şurası tərəfindən rəsmən "reket" qəzet kimi tanındığını söylədi: "Bu qəzetlərin Milli Məclislə heç bir əlaqəsi yoxdur. Milli Məclisin iki orqanı var. Bunlar "Milli Məclis" jurnalı və "Azərbaycan" qəzetidir. "Reket"çiliklə məşğul olanlar mətbuatımıza gölgə salırlar. Ona görə də, hər birinizi belələrinə qarşı birgə mübarizəyə çağırıram".