Həmsədrlərin bəyanatları reallığı əks etdirmir
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun son zamanlar aktivləşməsi barədə ictimaiyyətdə yaranan fikirlər prezidentlər arasında görüşlər keçirməsi ilə əlaqələndirilir.
Nəzərə almaq lazımdır ki, son iki il ərzində münaqişə tərəfləri arasında intensiv görüşlərin keçirilməsi ilə yadda qalıb. 2008-ci ilin noyabr ayında Moskvada keçirilən ikitərəfli və üçtərəfli görüşlərdən sonra 2009-cu ildə də prezidentlər arasında 6 görüş keçirilmişdir ki, bunlar danışıqlar prosesində indiyə kimi müşahidə olunmamış aktivliyin göstəricisi hesab olunur. Buna baxmayaraq, danışıqlar prosesində hər hansı bir sənədin imzalanması və yaxud prinsipial məsələlərdə mənafelərin uyğunlaşdırılması sahəsində heç bir nəzərəçarpacaq irəliləyiş olmamışdır. Yəni Minsk Qrupunun yalnız görüşlər təşkil etməklə hər hansı irəliləyişə nail olmaq cəhdi baş tutmayıb.
Minsk Qrupunun fəaliyyəti barədə danışarkən, ilk növbədə, onu qeyd etmək lazımdır ki, bu təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan və vasitəçilik missiyasını yerinə yetirən yeganə qurumdur ki, ona da bu fəaliyyətini yerinə yetirmək üçün məhz BMT tərəfindən səlahiyyət verilmişdir. İki ölkə arasında vasitəçiliyi isə, əsasən, Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya yerinə yetirirlər. Bu dövlətləri isə danışıqlar prosesinin gedişatında bir-birini əvəz edən diplomatlar təmsil etmişlər. Onların fəaliyyəti barədə isə son iki ilə kimi hər hansı bir xoş söz demək çətindir. Bunu da bəzən həmsədrlərin uzun müddət dəyişdirilməməsinin nəticəsi kimi qiymətləndirirlər. Dünyada da qəbul olunmuş bir prinsip var ki, beynəlxalq təşkilatlarda bir ölkəyə təyin olunan məruzəçinin uzun müddət eyni postda qalması onda subyektiv fikirlərin yaranmasına səbəb olur. Minsk Qrupunun həməsədrlərindən isə ötən il yalnız amerikalı həmsədr Metyu Brayzanın Robert Bradke ilə əvəz olunmasını müşahidə etdik. Digər həmsədrlərin də dəyişdirilməsi barədə fikirlər olsa da, nə Rusiya nə də Fransa hələ ki, öz nümayəndəsini dəyişdirmək barədə düşünmür. Bunun isə nəticələrinin mənfi olacağı barədə ehtimallar var.
Son iki il ərzində də həmsədrlər hər hansı bir irəliləyişin əldə olunması üçün cəhdlər də göstərməyiblər. Onların vasitəçilik missiyasının öhdəsindən yetərincə gəlmədikləri barədə müxtəlif dövrlərdə Azərbaycan ictimaiyyətində və münaqişənin həllində maraqlı olan tərəflərdə haqlı narazılıqlar yaradıb. Minsk Qrupunun həmsədrlərinin arada bir regiona səfər etmələri və təmas xəttində monitorinq keçirməsi ilə fəaliyyətlərini bitmiş hesab etmələri münaqişənin həllində irəliləyişin olmamasına gətirib çıxarmışdır. Onların münaqişənin tezliklə həllində maraqlı olmamaları da əsas məqsədə çatmaqda bir maneə kimi göstərilə bilər. Tərəflər arasında mövqelərin uzlaşdırılması yönümündə heç bir əməli fəaliyyətlə məşğul olmayan Minsk Qrupu yalnız tərəflərin özlərinin yaxınlaşmasını gözləməklə danışıqlar prosesini daha da uzatmışdır. Onların danışıqlar prosesinin gedişatı barədə bəyanatları da bəzən heç bir məntiqə sığmaması ilə seçilibdir. Onlar sanki öz fəaliyyətlərinin yarıtmazlığını gizlətmək üçün belə bəyanatlar verir və münaqişənin həlli istiqamətində heç bir əməli iş görmürlər. Prezidentlər arasında keçirilən görüşlərdən sonra da həmsədrlərin verdikləri bəyanatlar özlərini doğrultmamaqla yadda qalmışdır. Onların verdiyi bəyanatlar münaqişə tərəflərinin, xüsusilə, Azərbaycanın rəsmi mövqeyi ilə üst-üstə düşməmişdir. Xüsusilə, ABŞ-dan olan keçmiş həmsədr M.Brayza bəzən münaqişənin tezliklə həlli barədə bəyanatlar verməklə və özünün cəfəng ideyaları ilə yadda qalmışdır.
Həmsədrlərin verdikləri bəyanatlarda Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi ilə bağlı heç bir fikir yer almamışdır. Əksinə, bəzi hallarda onlar bunda Azərbaycan tərəfini təqsirləndirməyə üstünlük veriblər. Ermənistanın işğalçılıq siyasətini bu şəkildə müdafiə etmək, Yerevanda başqa, Bakıda isə bir başqa bəyanat verməklə Minsk Qrupu beynəlxalq qurum kimi onlara olan etimadı doğrultmamışdır. Hətta Azərbaycan ictimaiyyətində Minsk Qrupuna qarşı olan narazılıqlar onun səlahiyyətlərinin əlindən alınması tələbləri ilə müşahidə olunmuşdur. Xatırladaq ki, 2008-ci ildə Azərbaycan parlamentinin iclaslarından birində bu məsələyə baxılmış və bir sıra deputatlar tərəfindən Minsk Qrupunun fəaliyyətinin dayandırılması və onun səlahiyyətlərinin əlindən alınaraq, BMT-yə verilməsi barədə fikirlər səsləndirilmişdir. Görünür, Minsk Qrupuna qarşı bu səviyyədə narazılıqların olması onu öz fəaliyyətini müəyyən qədər aktivləşdirməyə sövq etmişdir. Əlbəttə, bu aktivliyin hər hansı bir nəzərəçarpacaq nəticəsinin olması barədə fikir söyləmək isə mümkünsüzdür. Çünki hələ də münaqişə davam etməkdədir və tərəflər arasında prinsipial məsələlərə dair hər hansı razılıq əldə olunmayıb. Azərbaycan öz ərazi bütövlüyünü əlində əsas tutaraq, münaqişənin məhz bu prinsip çərçivəsində baş tutmasının tərəfdarıdır. Ermənistan isə öz işğalçılıq mövqeyindən əl çəkmədən Dağlıq Qarabağa müstəqillik verilməsini istəyir. Minsk Qrupunun üzərinə düşən əsas vəzifə isə bu mövqeləri uzlaşdırmaq və ortaq həll variantının tapılması üçün tərəflərə köməklik göstərməkdir.
Minsk Qrupunun həmsədər dövlətlərinin hansı ölkələr olduğuna nəzər salsaq, onların dünyanın siyasi xəritəsində söz sahibi və həlledici qüvvə kimi çıxış etdiklərini söyləmək olar. Xüsusilə, Rusiyanın regionda və onun forpostu olan Ermənistanda böyük nüfuzunu nəzərə alaraq onların Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi yönündə təzyiq göstərmələri daha məqsədəuyğun olardı.
Həmsədrlərin son günlərdə nümayiş etdirikləri mövqe onların fəaliyyətinin zəifliyindən xəbər vermiş olur. Belə ki, Soçi görüşündən sonra, görüşün nəticəsi kimi, Minsk Qrupunun tərəflərdən təkliflər gözlədiklərini bildirmələri də onların prosesə laqeyd yanaşmasının göstəricisidir. Onların gözlədikləri təkliflərin Ermənistan tərəfindən verilməyəcəyini bilə-bilə belə bir prosesi həyata keçirmələri anlaşılan deyil. Yəni onlar bilirlər ki, Azərbaycan və Ermənistan öz prinsipial məqsədindən əl çəkməyəcək və verəcəyi təkliflər də məhz bu prinsiplər çərçivəsində olacaq. İrəliləyişdən isə, o zaman danışmaq olar ki, Ermənistanın mövqeyində geriyə çəkilmə baş versin.