PDF Oxu

Əsas

  • 16

20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə GVB-nin sədri Muğan Əliyev açdıqdan sonra, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra M.Əliyev çıxışında bildirib ki, 20 Yanvar faciəsi hər il olduğu kimi, bu il də dövlət səviyyəsində qeyd olunur. O, qeyd edib ki, Bakı şəhərində, eləcə də, respublikanın regionlarında, Gəncədə, Şəmkirdə, Şəkidə, Şirvanda faciənin 20 illiyinin qeyd olunması üçün silsilə xarakterli tədbirlər keçiriləcək.
Hətta bununla əlaqədar GVB-nin idarə heyətinin qərarı ilə təşkilat komitəsi də yaradılıb. Tədbirlər planının təsdiq edilməsində əsas məqsəd dünya ictimayyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltməkdən ibarətdir.
M.Əliyev çıxışında onu da bildirib ki, 1990-cı il 19 yanvar tarixində saat 12-00 da başda M.Qorbaçov olmaqla sovet imperiyası Bakıda və ətraf rayonlarda qırğınlar təşkil etmişdir. Belə ki, SSRİ daxili işlər naziri Bakatin, müdafiə naziri Yazov və başqalarının iştirakı ilə Bakı şəhərində dinc əhaliyə qarşı silah tədbiq edilərək, yüzlərlə insan azadlıq uğrunda qətlə yetirilmişdir. Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla öldürülmüş, 800 nəfərdən çox insan yaralanmışdır. 200 ev, mənzil talan edilərək, yandırılmışdır. 80 avtomobil, o cümlədən, təcili tibbi yardım maşınları, külli miqdarda dövlət əmlakı məhv edilmişdir. Onun sözlərinə görə, bu hadisənin törədilməsindən öncə də sovet imperiyası və erməni daşnakları tərəfindən xalqımıza qarşı bir sıra vəhşilik aktları törədilib. 1988-ci ildə Sumqayıt hadisəsi, bir müddət keçəndən sonra Dağlıq Qarabağın Yerevana birləşdirilməsi iddiasının ortaya atılması və s. düşünülmüş addımlar idi: "Daha sonra sovet imperiyasının qəddarlaşmış ordusu tərəfindən 20 Yanvar faciəsi törədilmişdir. Xalqımız üçün unudulmaz bir faciə olan 20 yanvar hadisəsinə əsil siyasi qiyməti məhz ümummilli liderimiz Heydər Əliyev vermişdir. Belə ki, hadisənin səhəri günü ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, imperiya əleyhinə radikal bəyanatlarla çıxış etmişdir. Onun bu bəyanatları Azərbaycanda gedən müstəqillik uğrunda gərgin mübarizəyə son dərəcə ciddi müsbət təsir göstərdi və milli-azadlıq mübarizəsi açıq xarakter daşımağa başladı". QHT sədri onu da bildirib ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi, hüquqi qiyməti 21 noyabr 1990-ci ildə Naxçıvanda Ali Məclisdə verib. Milli Məclisdə 20 Yanvar cinayətkarlarının kim olduğu araşdırılıb və xalqa çatdırılıb. Ulu öndərin göstərişi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında Abidə Kompleksinin ucaldıldığını söyləyib.
O, faciənin törədilməsindən 20 il keçməsinə baxmayaraq, onu törədənlərin məhkəmə məsuliyyətinə cəlb olunmadığını diqqətə çatdırıb. Halbuki bütün dünya bilir ki, bu hadisəni MK katibi M.Qorbaçov və onun komandası törətmişdir.
Tədbirdə, eyni zamanda, birliyin şöbə müdirləri Natik Qaçayev, Arif Əliyev, Nigar Quliyeva, 20 Yanvar əlili Elçin Məmmədov, müharibə veteranı Rəhman Eyibov və QHT-nin nümayəndələri çıxış ediblər. Tədbirin sonunda Şəhidlər Xiyabanı ziyarət edilib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edildi.

Digər xəbərlər