Məlum olduğu kimi, Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, dini etiqad azadlığının təmin edilməsi və vətəndaş cəmiyyətinin quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bu danılmaz bir fakt olaraq müxtəlif beynəlxalq təşkilatların bəyanatlarında da yer almışdır.
Lakin son günlərdə ayrı-ayrı ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri öz diplomatik fəaliyyətlərinə uyğun olmayan mövqe nümayiş etdirir, ölkəmizin daxili işlərinə qarışır və beləliklə də Azərbaycanda ictimai asayişin pozulmasına, ayrı-ayrı şəxslərlə dövlət orqanları arasında ziddiyyətin yaranmasına çalışırlar. Bu sıradan olan daha bir hadisə isə ABŞ və Norveç səfirlikləri nümayəndələrinin Naxçıvan MR-də baş vermiş kiçik bir hadisəni böyüdərək bunu qlobal bir problemə çevirmiş və bu hadisəyə siyasi rəng verərək Azərbaycanda "böyük problemlər"in olduğu haqqında rəy yaratmaq cəhdi göstərmişlər. ABŞ və Norveç səfirliklərinin səyləri dini etiqad azadlığının təmin edilməsinə, insan hüquqlarının qorunmasına yönəlmiş addım kimi deyil, dini radikallığın artmasına töhfə, dini ekstremizmə dəstək kimi xarakterizə oluna bilər. Əslində onların bu fəaliyyətləri heç bir diplomatik etiket qaydalarına sığmır. Məsələ barədə fikirlərini öyrəndiyimiz millət vəkilləri də xarici ölkə səfirliklərinin öz münasibətlərini bu tərzdə çatdırmalarının heç bir beynəlxalq hüquqi normaya sığmadığını qeyd etdilər.
HEÇ BİR SƏFİRLİYƏ İCAZƏ VERİLMİR Kİ, FƏALİYYƏT GÖSTƏRDİYİ ÖLKƏNİN DAXİLİ İŞİNƏ QARIŞSIN, BURADA BAŞ VERƏN PROSESLƏRƏ MÜDAXİLƏ ETSİN
Millət vəkili
Məlahət Həsənova:
- Hər bir ölkənin səfirliyinin vəzifəsi ondan ibarətdir ki, təmsil etdiyi ölkə ilə yerləşdiyi ölkənin arasında əməkdaşlığı genişləndirsin. Bu da həmin ölkənin işinə qarışmamaqla olmalıdır. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklərin Azərbaycanın daxili işinə qarışması, ölkədə baş verən kiçik bir hadisəni şişirdərək buna siyasi məna verməsi həmin ölkənin diplomatik fəaliyyətinə yaraşan hərəkət deyil. Mən bunu düzgün saymıram.
Bildiyiniz kimi bu gün dünyada ikili standartlar mövcuddur. Bu hadisəni də Azərbaycana qarşı ikili standartlar baxımından izah etmək olar. Bununla yanaşı, dünyada Azərbaycanın inkişafını sevməyənlər, bunu qəbul edə bilməyənlər var. Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, heç bir səfirliyə icazə verilmir ki, fəaliyyət göstərdiyi ölkənin daxili işinə qarışsın, burada baş verən proseslərə müdaxilə etsin, yalnış məlumatlar yaysın. Əlbəttə, hər bir ölkənin daxilində müəyyən boşluqlar, narahatçılıqlar, hadisələr baş verə bilər. Amma Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri də öz fəaliyyətlərinin heç bir dövlətin daxili işlərinə qarışmamaq müstəvisində qurublar. Düşünürəm ki, digər dövlətlər də bu şəkildə beynəlxalq normalara əməl etməlidirlər. Xarici səfirliklərin Azərbaycanda bu istiqamətdə fəaliyyətləri heç bir beynəlxalq hüquqa sığmır. Bu hərəkətlər beynəlxalq sənədlərə ziddir. Adıçəkilən iki dövlətlə Azərbaycan arasında əməkdaşlıq prinsiplərinə zərər verə bilər. Buna heç bir halda əsaslandırmaq olmaz. Bir daha qeyd etmək istəyirəm ki, səfirliklər təmsil etdikləri ölkələr arasında əmkdaşlığı, dostluğu genişləndirməlidirlər. Nəinki, iki ölkə arasında narazılıq yaratmaq, mövcüd əlaqələri şübhə altına salmağa xidmət etmək.
BU DÖVLƏTLƏRLƏ AZƏRBAYCAN DÖVLƏTİ ARASINDA MÜNASİBƏTLƏRƏ ZƏRƏR GƏLƏ BİLƏR
Millət vəkili
Tahir Süleymanov:
- Xarici ölkələrin səfirliklərinin belə bir fəaliyyəti heç də beynəlxalq qaydalara və prinsiplərə uyğun deyil. Onlar fəaliyyət göstərdikləri ölkənin daxili işinə qarışmamalı, müdaxilə etməməlidirlər. Mən ABŞ və Norveç səfirliklərinin fəaliyyətini Azərbaycanın daxili işinə qarışmaq kimi qiymətləndirirəm. Bu məsləyə münasibətim çox mənfidir. Onların dövlətlərarası münasibətlərə, diplomatik etiket qaydalarına yaraşmayan addımlar atması, anlaşılmaz açıqlamalar verməsinə heç bir halda haqq qazandırıla bilməz. Yaxşı olardı ki, adıçəkilən dövlətlərin Azərbaycandakı səfirlikləri öz səlahiyyətləri çərçivəsində, dövlətlərarası münasibətlərin ruhuna uyğun olaraq fəaliyyət göstərsinlər. Belə olmayan təqdirdə bu dövlətlərlə Azərbaycan dövləti arasında münasibətlərə zərər gələ və onların gələcək taleyi sual altında qala bilər.
BU BİRBAŞA ÖLKƏNİN SUVERENLİYİNƏ, ÖLKƏNİN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAQ KİMİ QİYMƏTLƏNDİRİLİR
Millət vəkili Jalə Əliyeva:
- ABŞ və Norveç səfiriliklərinin nümayəndələri Naxçıvanın Bələnyar kəndinə səfər etmiş və güya burada hansısa bir qeyri-qanuni hadisə ilə rastlaşmışlar. Bununla əlaqədar isə bəyanat verəcəklərini bildirmişdilər. Doğrusu mən düşünürdüm ki, onlar beynəlxalq hüquq normalarını nəzərə alaraq belə bir addım atmayacaqlar. Çünki bu birbaşa ölkənin suverenliyinə, ölkədə həyata keçirilən islahatlara, ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Hətta əgər onlar bu problemə hansısa bir münasibət bildirəcəkləri təqdirdə bunu beynəlxalq münasibətlərin qaydalarına uyğun olaraq həyata keçirəcəklərini düşünürdüm. Amma təəssüf edirəm ki, belə bir münasibət sərgilənib. Çünki həmin ölkələr illərdən bəri Azərbaycanın haqq işinə, Azərbaycanın torpaqlarının işğalına, 1 milyondan çox qaçqının olmasına göz yumub, ikili daha doğrusu çoxüzlü standartlar həyata keçiriblər. Belə olan halda əgər insan hüquqların onlar üçün belə əhəmiyyətəlidirsə 20 ildir bu insanlar yurd yuvalarına qayıda bilmirlər, 20 ildir Azərbaycanın torpaqları işğal altındadır. Bu zaman ərzində onlar harada idilər.
O ki qaldı hadisənin baş verməsinə, məlumatlara görə səfirliklərin nümayəndələri Bələnyara səfər edərkən onlara yolda bir qrup insan hücum edib. Kimdir bu insanlar? Hansı tərəfin adamlarıdırlar? Kim tərəfindən öyrədiliblər? Bunu aşkara çıxarmaq lazımdır. Bu gün demokratiyadan danışan ABŞ əsgərlərinin İraqda qadınlara, kişilərə, uşaqlara, yaşlılara fərq qoymadan işgəncə verməklə məşğuldurlar. Qoy ilk növbədə bu dövlətin islam ölkələrində, Şərqdə apardığı müharibələr, törətdiyi əməllər mühakimə olunsun, ondan sonra Azərbaycanda olan problemlərə diqqət yetirilsin.