PDF Oxu

Əsas

  • 16

“İki sahil” qəzetinin xüsusi buraxılışı

“İki sahil” qəzetinin xüsusi buraxılışı
Azərbaycan neftinin canlı əfsanəsi, əməkdar mühəndis, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, neft sənayesinin korifeylərindən biri görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə "İki sahil" qəzetinin xüsusi buraxılışı nəşr edilmişdir.
Rəngli, illüstrativ materiallardan geniş istifadə olunan 40 səhifəlik xüsusi buraxılış akademik Xoşbəxt Yusifzadənin "Hələ ki yaşayır, çalışır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: Biz əlimizdən gələni, bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!" fikiri ilə başlayır.
İkinci səhifədə bu gün Azərbaycana böyük uğurlar qazandıran neft stretgiyasının banisi ulu öndər Heydər Əliyevin 12 iyul 1999-cu il tarixdə "Şahdəniz" yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimindəki nitqində söylədiyi " Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı. 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan-70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübəhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik.
... Bu gün "Şahdəniz" konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, deyir ki, orada bir trilyon kubmetrə qədər qaz olacaqdır" fikir qeyd olunur.
Sonrakı səhifələrdə Xoşbəxt Yusifzadənin neft sənayesində keçdiyi böyük həyat yolu, sevimli neftçi peşəsi, həmkarları, doğmaları, dostları haqqında fikirlər öz əksini tapıb. Ayrı-ayrı illərdə rastlaşdığı təsadüflərin Xoşbəxt Yusifzadəyə qazandırdığı uğurlar xüsusi buraxılışda diqqətə çatdırılır. Təsadüflər müxtəlif illəri əhatə etdiyi kimi, onların istiqamətləri də fərqli olur. Xoşbəxt Yusifzadənin həyatında bu məqamlar istənilən qədərdir. Ən başlıcası, neft mühəndisi ixtisasını seçməsində rastlaşdığı təsadüf xüsusi qeyd edilir. Orta məktəbi bitirdikdən sonra xeyli tərəddüdlərdən sonra həkim olmaq istəyir. Lakin Tanrının taleyinə yazdığı qismət onu bu qərarından daşındırır. Qarşılaşdığı növbəti təsadüf onun gələcək fəaliyyəti, adlı-sanlı neftçi olması üçün təməl olur.
Xüsusi buraxılışın diqqətçəkən yazılarından biri də "Mənalı ömrün yaddaqalan səhifələri..."dir. Sevib-seçərək ailə qurduğu Fəridə xanımın onun həyatında, sonrakı illərdə qazandığı nailiyyətlərdə oynadığı böyük rol maraqlı məqamlarla qeyd edilir. Oğlu Bağı və qızı Eltac valideynlərinin yolunu davam etdirirlər.
Görkəmli neftçi alim Xoşbəxt Yusifzadənin həyat və fəaliyyətindən bəhs edən xüsusi nəşrdə Xoşbəxt Yusifzadənin rəhbərliyi altında Xəzər dənizində aparılan geoloji-kəşfiyyat işlərinin parlaq nəticələr verməsi konkret faktlarla diqqətə çatdırılır.
"Neft Daşları sınaq meydanıdır" yazısında möcüzələr adasının onun həyatında oynadığı rol ətraflı şərh olunur.
Xoşbəxt Yusifzadənin neftçi-alim və peşəkar mütəxəssis kimi topladığı böyük təcrübə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyi səylər nəticəsində daha da zənginləşmişdir. Xoşbəxt Yusifzadə 1994-cü ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən birinci vitse-prezidentidir. Müstəqil Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşməsində böyük əzmkarlıq göstərir.
Müstəqil Azərbaycanın ali mükafatları- "İstiqlal", "Şərəf" və "Şöhrət" ordenləri ilə təltif olunması, 80 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı da xüsusi buraxılışın səhifələrində önəmli yer tutur. Dövlət başçısının qeyd olunan sərancamında da bildirilir ki, ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri vardır. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz kondensat yatağı- "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və digər yataqlar kəşf olunub.
Xüsusi buraxılışın "Unudulmaz anlar, görüşlər" yazısında ulu öndərin respublikaya rəhbərlik etdiyi 30 ildən çox bir tarixi zaman kəsiyində Xoşbəxt Yusifzadənin Heydər Əliyevlə görüşləri, dahi şəxsiyyətin onun haqqındakı xoş sözləri qeyd edilir.
"İllər onu tanınmış alim, neftçi kimi məşhurlaşdırdı..." yazısında bir daha vurğuanır ki, Xoşbəxt Yusifzadə respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəlmiş elmi yaradıcılıqla məşğul olur. 1961-ci ildə namizədlik, 1987-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 170-dək elmi məqalənin, 17 monoqrafiyanın, 6 ixtiranın müəllifidir.
Xüsusi buraxılışa "Yeni iş günü başlanır..." sözləri ilə yekun vurulur. Xoşbəxt Yusifzadə bu gün də yorulmadan çalışır, elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir.

Digər xəbərlər