PDF Oxu

Əsas

  • 14

Azərbaycan mətbuatı sağlamlaşmalıdır

Azərbaycan mətbuatı sağlamlaşmalıdır

Mətbuat Şurası (MŞ) ötən ili reketçiliklə mübarizə ili elan etmişdir. Aparılan mübarizə tədbirləri hər hansı müsbət nəticələr veribmi? Həmçinin, 2009-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar hadisələrlə və uğurlarla yadda qaldı? 2010-cu ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir? Bu və ya digər suallarla mətbuat nümayəndələrinə müraciət etdik. Məsələyə münasibətini öyrəndiyimiz KİV nümayəndələri MŞ-nin reketçiliklə mübarizəsini yüksək qiymətləndirdilər.

Asəf Abbasov,
"Azad Azərbaycan" qəzetinin baş redaktoru:

- Fikrimcə, mətbuatda mövcud olan problemlərin əsas qaynaqlandığı nöqtə reketçiliklə bağlıdır. Azərbaycan mətbuatının bərbad vəziyyətə düşməsinin bünövrəsini məhz reketçilik təşkil edir. Jurnalist müstəqil fəaliyyət göstərir və bəziləri isə deyir ki, müstəqil jurnalistika Azərbaycanda yox səviyyəsindədir. Amma mən bu fikirlə razılaşmıram. Azərbaycanda müstəqil jurnalistika və müstəqil jurnalistlər də var. Ancaq jurnalist adına qara ləkə yaxan insanlar da çoxdur. Hesab edirəm ki, bunlarla ciddi mübarizə aparmağın vaxtı və zamanı çatıb. Bunun üçün nə etmək lazımdır? İlk növbədə, MŞ əlavə səlahiyyətlərin verilməsi ilə bağlı hansısa bir qurultayın keçirilməsi, orada həmin quruma əlavə səlahiyyətlərin verilməsilə bağlı əsasnamənin dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmək olar. Sözügedən problemlərin aradan qalxması üçün inzibati resurslardan səmərəli istifadə olunmasının tərəfdarıyam. Bildiyimiz kimi, reketçilik jurnalistkaya ən böyük ləkədir. Azərbaycan jurnalistikasının inkişafına nail olmaq və müstəqil jurnalistikanı inkişaf etdirmək üçün hesab edirəm ki, ilk növbədə, reketçiliyin qarşısı alınmalı və reketçiliyə qarşı ciddi mübarizə aparılmalıdır. Əgər biz buna nail ola bilsək, biz Azərbaycan mətbuatının tam inkişafınadan danışa bilərik. Bu istiqamətdə "Azad Azərbaycan" qəzeti də daimi bu məsələni diqqətdə saxlayır.
2009-ci il Azərbaycan mətbuatının inkişafında müəyyən nailiyyətlərlə yadda qaldı. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, KİV-in inkişafında müstəsna xidmətə malik oldu. Bu fond mətbuata texniki məsələlərinin həllində köməklik etməkdən əlavə, bilavasitə dövlət başçısının qayğısı ilə mənəvi dəstək göstərdi. Bildiyiniz kimi, jurnalistlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bir layihə hazırlanır. Digər tərəfdən də, Mətbuat Şurasının fəaliyyətini də çox yüksək qiymətləndirirəm. MŞ bir sıra ciddi layihələr həyata keçirdi. Mətbuatımızın inkişafı üçün müxtəlif yerlərdə beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirildi ki, o da KİV-in bilavasitə, inkişafına yönəldilmiş addım oldu. Ümumiyyətlə, hesab edirəm ki, 2009-ci ildə Azərbaycan mətbuatının uğurları daha çox oldu. Ancaq uğurlarla bərabər, bəzi problemləri də oldu.
Hesab edirəm ki, 2010-cu ildə ötən ildən qalmış bəzi problemlərin həlli istiqamətində ciddi addımlar atılacaq. 2010-cu ildə mətbuatımıza dövlət tərəfindən ayrılmış vəsaitlərin miqdarı bir qədər də artırılacaq. 2010-cu ili bizim jurnalistlərimizin vəziyyətinin yaxşılaşdırılması üçün ciddi addımların atılacağı il hesab edirəm. Bundan əlavə, əsas məsələlərdən biri də bu il mətbuatımızın yaranmasının 135 illiyinin qeyd olunmasıdır. 135 illik yubiliey münasibəti ilə mən müəyyən sürprizlər gözləyirəm. Hesab edirəm ki, jurnalistlərə fəxri adların verilməsi və bir daha qeyd edirəm ki, jurnalistlərin müəyyən problemlərin həlli istiqamətində bu il bir dönüş ili olacaq.

Süleyman Osmanoğlu,
"Proqnoz" qəzetinin baş redaktoru:

- Təbii ki, reketçiliklə mübarizə, müəyyən mənada, ictimai qınaq xarakteri daşıyır. Yəni, başqa bir hüququ əsas yoxdur. Ancaq ümumiyyətlə, həmin mətbuatın reket adlandırılması onların əməllərini ehtiva etmir. Ona görə ki, reket sözünün özündə, onun tərkibində müəyyən bir güc dayanıb. Belə ki, reket deyəndə daha güclü, eyni zamanda, qətiyyətli şeylər nəzərdə tutulur. Ancaq onların siyahısına daxil olan adamların elə bir gücü yoxdur. Sadəcə olaraq, onları dilənçi adlandırmaq olar. Mətbuat Şurasının reketçiliklə bağlı apardığı mübarizəsinin müəyyən təsirləri var və mən bunu alqışlayıram. Hesab edirəm ki, sözügedən mübarizəni davam etdirmək lazımdır.
Mən ötən 2009-cu ili xüsusi il hesab etmirəm. Sadəcə olaraq, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatda müəyyən mənada dəstəkləri oldu. Fikrimcə, bu cür yardımlar olarsa, mətbuatımıza böyük həcmdə xeyir dəyə bilər. Mən güman edirəm ki, cari ildə mətbuatımız üçün reklamların bərabər şəkildə bölünməsi məsələləri, jurnalistlərimizin mənzil məsələləri bu illər həyata keçiriləcəkdir.
Bu gün Mətbuat Şurasının tərtib etdiyi qara siyahıya daxil olan bir qrup qəzet var. Onlar mətbuatın adına o qədər də şərəf gətirmədilər və hesab edirəm ki, mətbuatın nüfuzdan salınmasına gətirib çıxardı. Bildiyimiz kimi, reketçiliklə bağlı bu mübarizə 2009-cu ildə də davam edib. Müəyyən təsadüfi adamların mətbuatdan uzaqlaşmasına və gərəksiz qəzetlərin bağlanmasına gətirib çıxardı. Fikrimcə, bu proses 2010-cu ildə də davam edəcək. Ümid edirəm ki, mətbuatdan, qəzetdən uzaq olan adamlar mətbuatımızdan təmizlənəcək və bu işlə peşakarlar məşğul olacaq.

Digər xəbərlər