PDF Oxu

Əsas

  • 15

Bənəniyar kəndində təxribatlar törətməyə cəhdlər göstərilib

Bənəniyar kəndində təxribatlar törətməyə cəhdlər göstərilib
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi Bənəniyar hadisələri ilə bağlı məlumat yayıb. Nümayəndəlikdən "Səs" qəzetinə verilən məlumata görə, 2009-cu il dekabrın 28-də Culfa rayonunun Bənəniyar kəndində həyatına sui-qəsd etməyə cəhd göstərən şəxs Bənəniyar kənd sakini 1974-cü il təvəllüdlü Əliyev Yunis Kamal oğlu Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub və müalicə alıb: "Bu ailənin digər üzvləri-anası Əliyeva Şərəbanı Qardaşxan qızı, dayıları Quliyev Vasif Qardaşxan oğlu və Quliyev Yusif Qardaşxan oğlu da həmin dispanserdə qeydiyyatda olub, müalicə alıb və həkim nəzarətində saxlanıblar. Y.Əliyevin dayısı Yusif Quliyev 2002-ci ildə qeyd olunan xəstəliklə dünyasını dəyişib".
Məlumatda, həmçinin, vurğulanır ki, Y.Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olan Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə sərxoş vəziyyətə gətirərək, kənd məktəbinin ərazisində və ətrafında fəaliyyətləri dayandırılan yöndəmsiz köşklərin yenidən açılması üçün qeyri-qanuni hərəkətlərə təşviq edib: "Belə ki, Y.Əliyev dekabrın 27-də, Aşura mərasiminin keçirildiyi gün kənd icra nümayəndəsinə "Ya bizə aid olan köşklərin fəaliyyətinə icazə verməlisiniz, ya da mən özümə qəsd edəcəyəm" deyib. Yaxınlıqda olan kənd sakinləri onu sakitləşdirməyə çalışıb, lakin Y.Əliyev sərxoş vəziyyətdə səs-küy salmaqda davam edib, gətirdiyi benzini üstünə tökərək özünü yandırıb. Kənd sakinlərinin və polis nəfərlərinin köməyi ilə hadisənin qarşısı alınıb, Y.Əliyev üçüncü dərəcəli yanıq xəsarəti ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. 2010-cu il yanvar ayının 5-də ailəsinin təkidi ilə o, İran İslam Respublikasının Təbriz şəhərindəki xəstəxanaya yerləşdirilib, hal-hazırda müalicə alır".
Nümayəndəlikdən onu da bildiriblər ki, baş vermiş hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb. Y.Əliyevi cinayətə və özünə qəsdə təhrik edən şəxslər ifadə vermələri üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət edilib, lakin həmin şəxslər polis işçilərinə hücum edərək, küt alətlərlə onlara xəsarət yetiriblər: "Bu səbəbdən onların məcburi izahata cəlb edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin şəxslər izahatlarında qanunsuz əməllərini etiraf edib və bağışlanmalarını xahiş ediblər. İstintaq zamanı müəyyən edilib ki, özünə qəsd edən Y.Əliyevin və onu bu işə təhrik edənlərin hər birinin ailəsinə dövlət tərəfindən əmək haqqı, təqaüd və sosial yardım formasında 400-600 manat vəsait verilir. Qeyd olunan cinayət əməlindən - xəstə insanın həyatı bahasına məqsədlərinə nail olmaq cəhdlərindən nəticə çıxartmaq əvəzinə izahata cəlb olunanların Bakı şəhərindəki qohumları Culfa rayonunun Bənəniyar kəndində "qanunsuzluğun baş alıb getməsi" ilə bağlı müxtəlif instansiyalara şikayət edir, mətbuata müsahibələr verirlər. Bildiririk ki, Culfa rayonunun Bənəniyar kəndində vəziyyət sabitdir və bir sıra mətbuat orqanlarında məqsədli şəkildə başlanan kampaniyanın - ictimaiyyətə yalan məlumat vermək cəhdinin heç bir real əsası yoxdur".

Digər xəbərlər