PDF Oxu

Əsas

  • 18

Mübariz Qurbanlı: “Rəcəb Tayyib Ərdoğanın Rusiya rəhbərləri ilə görüşündə Qarabağ məsələsinin gündəmə gətirilməsi problemin həllinə müsbət təsir göstərə bilər”

Mübariz Qurbanlı: “Rəcəb Tayyib Ərdoğanın Rusiya rəhbərləri ilə görüşündə Qarabağ məsələsinin gündəmə gətirilməsi problemin həllinə müsbət təsir göstərə bilər”
"Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə münasibətlərində bir sıra məsələlərin həllinə yönəlib. Məlumdur ki, son illər bu dövlətlər arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bir sıra iqtisadi layihələrdə Rusiya və Türkiyənin ortaq maraqları görünməkdədir. Xüsusilə enerji sahəsində bu dövlətlər müəyyən layihələri birgə həyata keçirməkdədirlər". Bu sözləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya gözlənilən səfərini şərh edərkən deyib. Türkiyə və Rusiyanın hələ sovetlər dönəmində müəyyən problemlərinın olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, hazırda iki ölkənin münasibətlərinin yaxşılığa doğru inkişaf etməsi müşahidə olunur. YAP İcra katibinin müavini qeyd edib ki, bu dövlətlər arasında yaxınlaşma, iqtisadi-siyasi münasibətlərin dərinləşməsi, nəticə etibarilə Cənubi Qafqazdakı problemlərin həllinə müsbət təsir göstərir və göstərəcək: "Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Türkiyə mətbuatının verdiyi məlumata görə, aparılan danışıqlarda Qarabağ məsələsi də gündəmdə olacaq. Bu təsadüfi deyil, çünki Türkiyə Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması üçün müxtəlif layihələr ortaya qoyub. Xüsusilə Qafqazda sülh və sabitlik paktı ideyasını irəli sürüb. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Türkiyə bu bölgədə sülhün yaradılması üçün ən çox səy göstərən dövlətlərdən biri kimi çıxış edib". M.Qurbanlının sözlərinə görə, cənab Ərdoğanın Rusiya rəhbərləri ilə görüşü zamanı Qarabağ məsələsinin ətraflı şəkildə gündəmə gətirilməsi bu problemin həllinə müsbət təsir göstərə bilər. "Rusiya Minsk Qrupunun həmsədridir, Türkiyə isə Minsk Qrupunun üzvü və böyük bir dövlətdir. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Rusiyanın da maraq dairəsindədir. Ona görə ki, bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana "nəfəs" vermiş olardı. Ancaq Türkiyənin mövqeyi də aydındır ki, Qarabağ məsələsi həll edilmədən sərhədlər açılmayacaq. Bu baxımdan, gözlənilən səfərdə hesab edirəm ki, bir sıra kompleks məsələrin müzakirəsi müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq" deyə YAP İcra katibinin müavini bildirib.

Digər xəbərlər