Malaxov: “Bakı çoxdan mənim həyatımda olmalı idi”
Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsində Leyla Əliyevanın rəhbərlik etdiyi beynəlmiləl redaksiyanın hazırladığı, Moskvada nəşr olunan "Baku" jurnalının növbəti nömrəsini həvəslə gözləyirlər. Rusiya Federasiyası Murmansk vilayət hökuməti yanında millətlərin işləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov bildirib ki, Kola yarımadasında yüzdən çox adam bu jurnala abunə yazılıb. Jurnal məktəblərə və kitabxanalara, soydaşlarımızın qulluq etdiyi hərbi hissələrə, Şimal Donanmasının gəmilərinə, Zapolyaryenin azərbaycanlıların çalışdığı aparıcı sənaye müəssisələrinə çatdırılır. Bu günlərdə jurnalın 2010-cu ildə ilk nömrəsi Murmanska gətirilib. Şimalda yaşayan azərbaycanlıları jurnalın üz qabığındakı şəkil dərhal cəlb edib. Üz qabığında əslən Kola yarımadasından olan tanınmış Rusiya telejurnalisti Andrey Malaxovun şəkli verilib. Təbii ki, dərhal belə bir sual meydana çıxır: "Baku" jurnalının redaksiyası bu populyar teleaparıcı ilə nə üçün maraqlanmışdır?" "Bakı tətilləri" oçerkinin ilk sətirlərini oxuyan kimi aydın olur ki, Andrey Malaxov bu yaxınlarda ilk dəfə Azərbaycan paytaxtına gəlib. O, hələ uşaqlıqdan Bakını görməyi arzulayırmış. Maraqlıdır ki, Malaxovun Bakı təəssüratları uşaqlıq xatirələri ilə başlanır. Müəllif konkret coğrafi obyektlərin adını çəkməsə də, aydındır ki, söhbət Xibinsk dağlarından və Kola yarımadasının meşələrindən gedir. Malaxovlar ailəsi hər il dekabrın 31-də köhnə ili yola salmaq üçün məhz bu meşələrə gedirmiş. Andreyin valideynləri sevimli müğənniləri Müslüm Maqomayevin "Mavi işıq" verilişində çıxışını səbirsizliklə gözləyirdilər. Artıq sonralar Moskvada jurnalistlik fəaliyyətinə başlayan Malaxov Azərbaycan müğənnisi ilə şəxsən tanış olmuşdu... Malaxov "Baku" jurnalında yazır: "Bakı mənim həyatımda çoxdan olmalı idi. Hələ o vaxt Müslüm Maqomayev məni ora dəvət etmişdi..."
"Baku" jurnalı həmişə həm nəfis tərtibatı, həm də maraqlı materailları ilə fərqlənir. Baş redaktor Leyla Əliyevanın giriş sözü ilk səhifədən səmimi ovqat yaradır. Oxucuları Yeni il münasibətilə təbrik edən Leyla xanım "ən adi məqamlarda möcüzə axtarmağa" çağırır.
Jurnalda Moskva Mərkəzi Manejində "Bakı haqqında sevgi ilə" fotosərgisi, Londonda keçirilən Azərbaycan incəsənəti festivalı, orqançı Arif Mirzəyevin və pianoçu Murad Hüseynovun Moskvada və Sankt-Peterburqda konsertləri barədə oxumaq olar. XX əsrin ortalarında yaşamış ən müəmmalı Azərbaycan yazıçısı Qurban Səidin rus dilində nəşr olunmuş "Qızıl Buynuzdan olan qız" romanı barədə resenziya Murmansk kitabsevərlərinin xüsusi marağına səbəb olub. Ədəbiyyat biliciləri romanın Murmanskın kitab mağazalarında satışını səbirsizliklə gözləyirlər.
"Baku" jurnalının bu nömrəsindəki ən çox fərqlənən, ən parlaq, ən diqqətəlayiq yazını seçmək çətindir. Jurnalın bütün materialları eyni dərəcədə maraqlıdır. Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin üzvləri bu düşündürən jurnalın materiallarını həmyerlilərimizlə birlikdə müzakirə etmək üçün yanvar-fevral aylarında oxucu konfransları keçirməyi nəzərdə tutublar. Keçmiş murmansklı, hazırda Novqorodda ingilis dili müəlliməsi işləyən Yelena Kaliberova bu yaxınlarda Moskvadan zəng vurmuşdu. O, həmişə kulinariyaya böyük maraq göstərir, "Baku" jurnalını isə həm də Azərbaycan mətbəxinin ləziz nümunələrinin reseptlərini öyrənmək üçün oxuyur. Rusiyalı qadının "Baku" jurnalının bu nömrəsindən əsl Qafqaz xaşının reseptini tapması sevindirici haldır. Beləliklə, jurnalın baş redaktoru Leyla Əliyevanın fikirləri həyatda öz təsdiqini tapır: "Bütün bunlar həyatın adi möcüzələridir. Onu əldə etmək üçün istək və ən sadə məqamlarda möcüzə görmək bacarığı kifayətdir".