“Türkiyə ilə Rusiya arasında əlaqələrin inkişafı...”
Məlum olduğu kimi, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli gözlənilirmi? Bir neçə gündən sonra Rusiya və Türkiyənin baş nazirləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş olacaq. Bu görüş Dağlıq Qarabağ probleminin həllinə nə kimi təsir göstərəcək? Bu məsələ ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızına müraciət etdik.
- 2010-cu ildə bütün dünya, xüsusilə də, Azərbaycan ictimaiyyətində Dağlıq Qarabağ probleminin həllinə böyük ümid bəslənilir. Ona görə ki, 2009-cu ildə bizim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı xarici siyasət, Onun həyata keçirdiyi uğurlu diplomatiya və eyni zamanda, Azərbaycanda həyata keçirilən uğurlu, çox nailiyyətli siyasət, xüsusilə, ordu sahəsində həyata keçirdiyi siyasət bizdə bir daha əminlik yaradır ki, 2010-cu ildə Dağlıq Qarabağ probleminin müsbət həllində, beynəlxalq hüquq çərçivəsində həll olunacaqdır. Bildiyiniz kimi, ötən 2009-cu ildə, əvvəki illərdən fərqli olaraq, istər Ermənistan prezidenti, istər xarici işlər nazirləri səviyyəsində görüşlər, istərsə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qurupunun həmsədrlərinin görüşləri əvvəlki illərlə müqayisəolunmaz dərəcədə sürətlənmiş, intensivlənmiş və səmərəsi xeyli yüksəlmişdir. Bu mənada, Prezidentimizin apardığı xarici siyasət, Onun uğurlu diplomatiyası və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı görüşlərində xalqa verdiyi hesabat xarakterli çıxışları bizim hər birimizdə əminlik yaradır ki, Prezidentimiz bu uğurlu siyasətini müvəffəqiyyətlə davam etdirəcək. 2010-cu ildən Dağlıq Qarabağ probleminin həlli istiqamətində müsbət dəyişilik gözləyirik.
Bildiyiniz kimi, Rusiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı həmsədr ölkələrdən biridir. Rusiya bizim tarixi qonşumuzdur. İstər ümumilli lidermiz Heydər Əliyevin, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyevin Rusiyanın rəsmi dairələri ilə çox yüksək əlaqələri və münasibətləri olub. İstər dövlət, istərsə bizim müəyyən tarixi bağlılıqlarımız çərçivəsində Rusiyanın Azərbaycanla gələcəkdə də yaxın qonşuluq, dostluq siyasəti davam etdirilicək. Ümumiyyətlə, bizim dövlətimizin siyasəti balanslaşdırılmış siyasətdir. Bu günə qədər həyata keçirilən bu balanslaşdırılmış diplomatiya siyasəti doğruluğunu və uğurlu olduğunu dəfələrlə sübut edib. Fikrimcə, Rusiya ilə yüksək səviyyədə qonşuluq siyasətini və əməkdaşlıq əlaqələrini davam etdirmək çox zəruridir. Amma eyni zamanda, Rusiya Ermənistanla strateji müttəfiqdir. Hər kəsə məlumdur ki, Rusiya ilə Ermənistanın daha sıx bağlılıqları mövcuddur. Bu, bir realıqdır ki, RF ilə Ermənistan strateji mütəffiqdir və işğalçı ölkəyə Rusiya tərəfindən daimi olaraq dəstək, yardım var. Rusiya Ermənistana bütün istiqamətlərdə olduğu kimi, eyni zamanda, hərbi yardım da göstərir. Bunu deməkdə məqsədim odur ki, bu gün Rusiya-Türkiyə əməkdaşlığının istiləşməsi və son vaxtlar bu yaxınlaşma təkcə iki ölkə üçün deyil, region üçün də müsbət təsir olar. Fikrimcə, Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşması və yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin region üçün çox böyük səmərəsi olacaq. Çünki bayaq qeyd etdiyim kimi, Rusiya ilə Ermənistan arasında ciddi bağlantılar, əlaqələr və əməkdaşlıqlar var. Türkiyə ilə də Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq, qardaşlıq və dostluq münasibətləri var. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Türkiyə ilə Rusiya arasında yaxınlaşma Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə müsbət təsir göstərəcək.