PDF Oxu

Əsas

  • 14

İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir

İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem bu günlərdə öz vətənindədir. İsrail KİV-ləri yazırlar ki, M.Lavon-Lotem ötən ilə yekun vuraraq, gələcək planlar barədə məlumat verib: "İsrailə bir həftə bundan əvvəl Xarici İşlər Nazirliyinin konfransında iştirak etməyə gəlmişəm. Ölkə rəhbərliyini dinləmək, XİN-in başçısı Aviqdor Libermanla görüşmək çox vacib idi.
Nəhayət, biz diplomatlar dövlətimizin hansı xətti yeritdiyini bilməli və buna müvafiq işləməliyik". M.Lavon-Lotem konfransdan sonra İsraildə qısa müddətli istirahət etməyə qalıb. İsrail KİV-ləri yazırlar ki, səfirin fəxr etməyə haqqı vardır. Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, ötən il Azərbaycan-İsrail münasibətləri üçün faydalı olub. Hərbi-texniki əməkdaşlıq sahəsində bir sıra sövdələşmələr, İsrailin "Şikun u-Binuy" şirkəti ilə bağlanmış iri müqavilə və iki ölkə arasında əmtəə dövriyyəsinin sürətlə artması İsraili və Azərbaycanı strateji tərəfdaşa çevirib.
M.Lavon-Lotem deyib: "2009-cu ildə İsrail Azərbaycana 250 milyon dollarlıq məhsul göndərib ki, bu da 2008-ci ildəkindən təxminən 50 faiz çoxdur. Neft ixracı da nəzərə alınmaqla İsrailə təqribən 4 milyard dollarlıq məhsul ixrac edilib. Bu əməliyyatlar dünya iqtisadiyyatının böhrandan qurtulmağa çalışdığı ağır ildə həyata keçirilib. Şübhəsiz, onu demək olar ki, biz düzgün yoldayıq və qlobal böhran bizdən yan ötmüşdür". M.Lavon-Lotem gələcək planlardan danışaraq bildirib ki, fevralın 9-da İsrailin Bakıdakı səfirliyi mühüm tədbir keçirəcək. Tədbirin məqsədi Azərbaycanı moda və kosmetika ilə məşğul olan İsrail firmaları ilə tanış etməkdir. Səfir deyib: "Ümidvarıq ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman məhz həmin günlərdə Azərbaycana səfər edəcəkdir. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəkdir. Bundan əlavə, aprel ayında İsrail dirijoru və opera müğənnisinin iştirakı ilə konsert təşkil etməyə hazırlaşıram. Ölkəmizin texnologiyaları və yenilikləri ilə yanaşı, mədəni həyatını da göstərmək istəyirəm".

Digər xəbərlər