PDF Oxu

Əsas

  • 18

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü diaspor təşkilatlarımız tərəfindən təntənəli qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü diaspor təşkilatlarımız tərəfindən təntənəli qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xaricdəki diaspor təşkilatlarımız tərəfindən böyük təntənə ilə qeyd olunub.
31 dekabr tarixi xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək, təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etməsi ilə yanaşı, eyni zamanda, diaspor hərəkatının inkişafında yeni mərhələnin əsasını qoyub. Müxtəlif tədbirlərdə bir araya gələrək xalqımızın birliyini bütün dünyaya bəyan edən soydaşlarımız bu tarixi günün məhz ümummilli lider Heydər Əliyev sayəsində əhəmiyyət kəsb etdiyini bildiriblər. Soydaşlarımız dünya azərbaycanlılarının mütəşəkkilləşməsində Onun əvəzsiz xidmətlərini dönə-dönə qeyd ediblər. Bu gün də bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinə şad olduqlarını bildiriblər.

TÜRKİYƏ

Bu münasibətlə silsilə tədbirlərdən biri Türkiyənin paytaxtı Ankarada keçirilib. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Ankarada təşkil edilən tədbirdə müxtəlif universitetlərdə təhsil alan 300-ə yaxın azərbaycanlı tələbə iştirak edib. Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib, Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrikinin mətni oxunub. Dövlətimizin inkişafında xaricdə, o cümlədən, Türkiyədə təhsil alan azərbaycanlı gənclərin üzərinə xüsusi vəzifələr düşdüyü qeyd edilib. Mərasimdə Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin daha yaxşı təşkilatlanması, onların birləşəcəyi qurumlar arasında daha sıx əlaqələrin yaradılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Tədbir Azərbaycan musiqisinin sədaları altında davam edib. Milli rəqslərimiz tələbələrimizdə əsil bayram əhval-ruhiyyəsi yaradıb. Tələbələr bayramı doğma evlərindən kənarda qeyd etsələr də, xüsusi gənclər siyasətini həyata keçirən Azərbaycan dövlətinin diqqət və qayğısından məmnun qaldıqlarını bildiriblər.

AMERİKA

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Nyu-Yorkda təntənəli gecə təşkil olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının tarixi əhəmiyyətindən danışan A.Mehdiyev bunu dünyada yaşayan bütün azərbaycanlıların birləşməsi, Azərbaycanın firavan və parlaq gələcəyi naminə həmrəy olması istiqamətində atılmış ən mühüm addımlardan biri kimi qiymətləndirib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriki oxunub.
Nyu-York Assambleyasının üzvü Alek Bruk Krasni, Azərbaycan Nyu-York Assosiasiyasının sədri Əli Nəsibov, Azərbaycandan Birləşmiş Ştatlara köçmüş müxtəlif xalqların nümayəndələrinin təmsil olunduğu "AZEM" cəmiyyətinin rəhbəri və Nyu-Yorkda çap olunan "Yeni hədd" qəzetinin baş redaktoru Nobert Yevdayev, Türkiyə-Amerika Assosiasiyasının sədri Kaya Boztəpə də tədbirdə çıxış ediblər.
Bruklin şəhər administrasiyasının rəhbəri Martin Malkovitsin də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ABŞ-da, xüsusilə də, Bruklində yaşayan azərbaycanlılara təbrik məktubu ünvanlayıb.
Məktubda Bruklində yaşayan azərbaycanlıların şəhərin ictimai-siyasi və mədəni həyatında fəal rolu qeyd olunub. Həmçinin, məktubda vurğulanıb ki, 2009-cu il dekabrın 29-u M.Malkovits tərəfindən Bruklində Azərbaycanlıların Həmrəyliyi Gününün qeyd olunması bəyan edilib.
Sonda "Prezident" adlı sənədli film nümayiş olunub.
Tədbirdə ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və dağ yəhudi cəmiyyətlərinin rəhbərləri, Nyu-Yorkda və digər ştatlarda yaşayan azərbaycanlılar, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

HOLLANDİYA

Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə bu ölkədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli mərasim keçirilib. Niderland Krallığında yaşayan soydaşlarımızın və qardaş Türkiyə diasporu nümayəndələrinin iştirak etdikləri mərasimdə BAK-ın sədri Elsevər Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən ətraflı söhbət açıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu bayram xaricdə yaşayan soydaşlarımızın öz doğma Vətənləri ətrafında daha da sıx birləşdirmək məqsədi daşıyır. Bu günün artıq milli bayrama çevrildiyini və hər il təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdıran natiq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciəti oxuyub.
Elsevər Məmmədov dövlətimizin onun hüdudlarından kənarda yaşayan soydaşlara xüsusi qayğısından bəhs edib, bunun bariz nümunəsi kimi Amsterdam və Rotterdam şəhərlərində kiçik yaşlı azərbaycanlı uşaqlar üçün həftə sonu məktəblərinin fəaliyyət göstərdiyini, orada təhsil alan şagirdlərin Heydər Əliyev Fondu tərəfindən dərslik və məktəb ləvazimatları ilə təchiz edildiyini xüsusi vurğulayıb. Mərasimdə həftə sonu məktəbləri şagirdlərinin və müəllimlərinin bayramla əlaqədar hazırladıqları çıxışlar maraqla qarşılanıb.
BAK-ın fəxri sədri Sahil Qasımov Azərbaycan - Hollandiya Cəmiyyətinin yaranmasının beş illiyi münasibətilə təşkilatın ən fəal üzvü Elxan İsazadəyə xüsusi mükafat təqdim edib. Tədbirin sonunda qonaqlara Azərbaycan və türk müğənnilərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

İSPANİYA

Ölkəmizin İspaniyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bu ölkədə yaşayan Azərbaycan və türk diasporu nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə səfir M.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bayram münasibətilə soydaşlarımıza ünvanlanmış müraciətini oxuyub.
Əlamətdar bayramın tarixi haqqında danışan səfir bildirib ki, bu bayram ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bütün dünyada yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onların qayğı və problemləri ilə maraqlanmaq, soydaşlarımızın Bakıda qurultaylarını keçirmək ideyası da ümummilli liderimiz Heydər Əliyevə məxsusdur.
Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı və dünyadakı qlobal böhrana baxmayaraq, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğu toplantı iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları səfirlikdə açılmış bayram süfrəsinə dəvət olunub. Onlar bayram süfrəsini bəzəyən Azərbaycan mətbəxinin nemətlərindən dadıb və milli musiqimizi dinləyiblər. Bayram tədbirində iştirak edənlər vurğulayıblar ki, belə yığıncaqların əhəmiyyəti çox böyükdür və bunlar xaricdə yaşayan soydaşlarımızın birliyinə, onların respublikamızın milli maraqlarının qorunması və təbliği yolunda əməkdaşlığının güclənməsinə xidmət edir.

GÜRCÜSTAN

Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli qəbul təşkil olunub. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan İş Adamları Birliyinə daxil olan 30-dək şirkət nümayəndəsinin dəvət olunduğu tədbirdə səfir Namiq Əliyev Azərbaycan-Gürcüstan dostluğu, Azərbaycanın iş adamlarının Gürcüstanda uğurlu fəaliyyəti, Azərbaycan biznesinin xaricdə geniş fəaliyyəti, xaricə investisiya qoyuluşu və s. məsələlər haqqında danışıb. Səfir ümummilli lider Heydər Əliyevin Gürcüstanla bağlı siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və onun böyük nəticələr verdiyini vurğulayıb. N.Əliyev "Baku" jurnalını tədbir iştirakçılarına təqdim edib, burada Azərbaycan gerçəkliklərinin öz əksini tapdığını xüsusi qeyd edib.
ARDNŞ Gürcüstan nümayəndəliyinin meneceri Arif Əliyev nümayəndəliyin rəhbəri Mahir Məmmədovun soydaşlarımıza xoş arzularını çatdırıb. O, ümumiyyətlə, Azərbaycan şirkətlərinin, o cümlədən, ARDNŞ-in Gürcüstanda fəaliyyətinin getdikcə genişləndiyini, yeni şirkətlərin bu ölkədə iş qurduğunu deyib.
A.Əliyev təmsil etdiyi qurumun Gürcüstanda mühüm layihələrə imza atdığını qeyd edib, Azərbaycan İş Adamları Birliyinin ulu öndərin xaricdəki soydaşlarla əlaqadar siyasətinə söykənərək, bundan sonra da fəaliyyətini genişləndirəcəyinə əmin olduğunu bildirib.
Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı İrakli Matkava da təbriklərə qoşularaq, soydaşlarımızı bayram münasibətilə təbrik edib. Sonra fərqlənən 10 şirkətə sertifikat verilib. Baş sertifikat isə ARDNŞ-ə təqdim olunub.
Tədbirdə Gürcüstan parlamentinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, gürcü sahibkarları, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Digər xəbərlər