Son 15 il ərzində Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan uğurlar əldə etməkdədir. Müstəqil Azərbaycanın qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın söz sahibindən birinə çevrilib. Hazırda Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə, şərəflə davam etdirən Prezident İlham Əliyev ölkəmizi hərbi, siyasi, iqtisadi qüdrətinə görə, regionun lider ölkəsinə çevrilib. Ümumiyyətlə, iqtisadi və siyasi baxımdan, hər il olduğu kimi, bu il də Azərbaycan üçün uğurlu oldu. Heç şübhəsiz ki, gələn 2010-cu il də Azərbaycan üçün uğurlu illərdən olacaq. Politoloq Elman Nəsirov "Səs" qəzetinə müsahibəsində bütün bunları bir daha təsdiq etdi.
- Bu il Azərbaycan üçün hansı əlamətdar hadisələrlə yadda qaldı?
- 2009-cu il dünya üçün maliyyə böhranı ilə, iqtisadi böhranla yadda qalıb. 2008-ci ildən başlayan bu böhran cari ildə də davam edib. Bu nöqteyi-nəzərdən dünya üçün sıxıntılı olan bu il, eyni zamanda, Azərbaycandan da yan keçməyib. Ən azı ona görə ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi danılmaz bir həqiqətdir. Amma buna baxmayaraq, dünyanı bürümüş maliyyə böhranına rəğmən Azərbaycanda 8 faiz iqtisadi artım olub. Eyni zamanda, ölkəmiz bu il Dağlıq Qarabağ probleminin həlli istiqamətində çox intensiv danışıqlar aparıb. Bildiyiniz kimi, heç zaman Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmayıb. Bu münaqişə başlanandan indiyə qədər iki ölkə prezidentinin 35-dən çox bu qədər görüşü keçirilib. Artıq bu il Münhen danışıqlarından sonra belə bir inam yaranıb ki, tərəflər çərçivə sazişinin imzalanması ilə bağlı fikir ortaqlığına gəlib çıxıblar. Bir sıra detallarda anlaşılmazlıqlar var. Amma burada bir həqiqət var ki, Goranboya səfəri zamanı Azərbaycan Prezidenti qeyd etmişdir ki, biz danışıqları danışıqlar naminə aparmaq niyyətində deyilik. Əgər Münhen görüşündə də bu münaqişə ilə bağlı bir nəticə olmazsa, bundan sonra heç bir halda biz danışıqları davam etdirmək istəmirik. Lakin Münhendən sonra, artıq 2010-cu ildə növbəti danışıqların keçirilməsi ilə bağlı razılıq əldə edilibsə, bu, onu göstərir ki, müəyyən mənada, nikbinlik üçün əsas var. Bu il həm də onunla yadda qaldı ki, bildiyiniz kimi, Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir və bu münaqişənin tənzimlənməsi prosesində o, daha çox vasitəçi olaraq neytral mövqedə dayanmalıdır. Ancaq çox təəssüf ki, ABŞ Konqresi bu il də Dağlıq Qarabağa 8 milyon dollar həcmində vəsait ayırıb. Düzdür, hələlik, prezident onu təsdiqləməyib. Amma bu halın özü, heç şübhəsiz, ona dəlalət edir ki, ABŞ bir çox hallarda tərəfkeş mövqe nümayiş etdirir. Bu da, sözsüz ki, Azərbaycan cəmiyyətində bir narahatlıq yaradıb. Yəni ABŞ-ın bu siyasətinə qarşı bir anlaşılmazlıq yaranıb və insanlar adıçəkilən ölkənin bu mövqeyindən narazı qalıblar. Bunların hamısı, təbii ki, 2009-cu ildə baş verib. Mən bir şeyi də qeyd etmək istəyirəm ki, 2009-cu ildə yaxşı baza yaradılıb ki, 2010-cu ildə münaqişənin tənzimlənməsi prosesində müəyyən irəliləyiş olsun. Bu il ən çox hallardırılan məsələ Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələ idi. Bu məsələ də, təbii ki, Azərbaycan cəmiyyəti və dövlətini çox narahat etdi. Lakin son nəticədə Azərbaycan ictimaiyyətinin və Azərbaycan dövlətinin bu məsələdə tutduğu qətiyyətli mövqe, eyni zamanda, Türkiyə ictimaiyyətinin və müxalifətinin bu məsələyə təsiri nəticəsində, Türkiyə Ermənistanla sərhədləri açmadı.
- Gələn il ölkəmizin ərazi bütövlüyü məsələsi öz həllini tapa bilərmi?
- 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin fikir söyləmək üçün bir sıra amillər var. Fikrimcə, ən ümidverici amil onunla bağlıdır ki, bu il Azərbaycan və Ermənistan prezidentləri arasında intensiv görüşlər keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri də regiona cari ildə, ötən illərə nisbətən, daha çox səfərlər ediblər. Kəmiyyətdən keyfiyyətə də bir keçid baş verib. Ümid edirəm ki, bu qədər səfərlərin, görüşlərin nəticəsində, yəqin ki, 2010-cu il üçün yaxşı imkanlar yaranıb. Yəni qeyd olunan münaqişənin həlli ilə bağlı bu il yaxşı özəl qoyulub. Yəqin ki, burada Rusiyanın Ermənistana təzyiqi faktoru xüsusi rol oynayacaq. Nəzərə alsaq ki, RF ilə Azərbaycanın münasibətləri dinamik inkişafa malikdir. Bu baxımdan, hesab edirəm ki, bütün bunların nəticəsi olaraq, gələn il münaqişənin həlli ilə bağlı nəsə müsbət bir iş gözləmək olar. Lakin buna gələn ilin birinci yarısında ümid etmək lazımdır. Çünki gələn il həm Azərbaycanda, həm də işğalçı ölkədə parlament seçkiləri keçiriləcək. Parlament seçkiləri keçirilən il münaqişələrin həlli üçün sərfəli il sayılmır. Amma 2010-cu ildə 5 rayonun geri qaytarılmasına ümid etmək olar. Ümumiyyətlə, Prezident İlham Əliyev uğurlu siyasət həyata keçirir ki, bütün bunların nəticəsində gələn il də Azərbaycan üçün uğurlu illərdən olacaq.
- 2010-cu il regionda hansısa bir müsbət hadisələrin şahidi olacağıq, yoxsa əksinə?
- Yəni ABŞ və Qərbin İranla ziddiyyətləri bu gün də saxlanılmaqdadır. Gələn il bu ziddiyyət daha da artacaq. O ki, qaldı Gürcüstan-RF münasibətlərinə, məlumdur ki, Gürcüstan prezidenti Qərbyönümlü siyasətçidir. Bu da reallıqdır ki, Gürcüstan ABŞ-dan yardım almaq istəyir. Belə olduqda, ola bilər ki, iki ölkə arasında münaqişə gələn il də səngiməsin. Yəni Mixail Saakaşvilinin Rusiya rəhbərliyi ilə münasibətlərində olan ziddiyyətlər, onu deməyə əsas verir ki, gələn il də iki ölkə arasında müsabət nə isə baş verməyəcək. Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə, qeyd etməliyəm ki, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha böyük imkanlar var.
- MDB-nin AB formasında bir təşkilat kimi formalaşması real görünürmü?
- Bu, prinsip etibarı ilə mümkündür. Məsələ ondadır ki, MDB-yə alternativ olan GUAM yaradıldı. Bu təşkilatın özündə də hansısa ciddi bir iş nəzərə çarpmır. Son zamanlar gedən proseslər, MDB məkanında gedən inteqrasiya prosesi, onu deməyə əsas verir ki, belə bir təşkilatın yaranması mümkündür. İstisna deyil ki, Vladimir Putin 2012-ci ildə Rusiyanın prezidenti olduqdan sonra (yeri gəlmişkən, o, bu niyyətini gizlətmir) bu tendesiya daha real məzmun alar. Təbii ki, bu, MDB daxilində mövcud olan münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra həllini tapa bilər.