PDF Oxu

Əsas

  • 15

Azərbaycan səhiyyəsi zəngin potensialını nümayiş etdirir

Azərbaycan səhiyyəsi zəngin potensialını nümayiş etdirir
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Azərbaycanın hərtərəfli inkişafı üçün Onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edir. Müasir həyatımızda dahi öndərimiz Heydər Əliyev ideyalarını yaşadan və təbliğ edən Heydər Əliyev Fondu Azərbaycanın ictimai, mədəni, sosial həyatında mühüm rol oynamaqdadır. Görkəmli siyasi xadimin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönələn işlər fondun həyata keçirdiyi əsas ideyalardan biridir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrlə çıxış edən fond atrıq beş il ərizində geniş bir miqyası fəaliyyəti ilə dünyaya inteqrasiya etmişdir. Belə ki, elm, təhsil, mədəniyyət, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, bu sahələrdə uğurlarına imza atmışdır. Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyəyə qayğı ilə yanaşmaq fond tərəfindən görülən işlərin davamıdır.
Yola salacağımız 2009-cu il Heydər Əliyev Fondu tərəfindən Azərbaycan səhiyyəsində bir sıra əhəmiyyətli, yaddaqalan hadisələrlə zəngin oldu. Belə ki, fondun diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsi onilliklərə bərabər olan bir dövrünü yaşadı. Qısa bir zamanda, Azərbaycan səhiyyəsinə dövlət və fond tərəfindən göstərilən diqqətin nəticəsində böyük bir oyanış yarandı. Səhiyyə müəssisələrin təmir və bərpa etdirilməsi, müasir avadanlıqlarla təchizat, müxtəlif yaş həddində olan insanlar üzərində cərrahiyyə əməliyyatlarının aparılması fondun xeyriyyəçilək missiyasının bir hissəsidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa iştirakı ilə dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərin məntiqi nəticəsi əks-səda doğurub. Mehriban xanım Əliyeva ötən beş ildə ölkəmizdə həyata keçirilən bir çox irimiqyaslı layihələrə dəstək vermişdir. Fond, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır.
2009-cu ildə Ulu Öndərin anadan olmasının 86-cı ildönümü ərəfəsində Ümummilli Liderin adını daşıyan, ideyalarını təbliğ edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və bu gün istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olunan və onların yaxınları üçün ümid yeridir. Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin binası müasir standartlara cavab olan bir səviyyədə inşa olunub. Ən müasir avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur. Yaxın gələcəkdə burada talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi də nəzərdə tutulur. Bu isə xəstənin tam sağalması deməkdir. Burada quraşdırılan avadanlıq müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.
Paytaxtımızda yeni müalicə mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindən biridir. Bu il Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirərək, Fransanın ən güclü əczaçılıq qrupu olan "Servyer" şirkəti ilə birgə 100 diabetli insanın bir illik müalicəsini dərmanla təmin etmişdir. Yasamal rayonundakı Heydər Əliyev məktəb-muzeyində şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan diabetli vətəndaşlara 1200 qutu "Diabeton MR" preparatı təqdim edilmişdir. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Heydər Əliyev Fondu ilə birgə ikinci tip diabetli insanların müalicəsini təmin edən layihəni gerçəkləşdirir. Bu iş davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər.
2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkəran şəhərinin "Qafqaz Sahil" istirahət mərkəzində sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların psixo-sosial reabilitasiyası üçün istirahət düşərgəsi təşkil olunmuşdur. Düşərgədə əlil, Qarabağ müharibəsi əlili, məcburi köçkün və qaçqın ailələrindən, valideyn himayəsindən məhrum, şəkərli diabet xəstəliyindən əziyyət çəkən iki və daha çox uşaqlı ailələrdən olan 30 uşağa 4 həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq xidmət göstərirdi. Uşaqlar maraqlı ekskursiyalarda və təbiət qoynunda gəzintilərdə olmuş, Lənkəran şəhərinin tarixi guşələrinə səyahət etmişlər. Düşərgədə uşaqlar müxtəlif idman yarışları və əyləncəli oyunlar keçirmiş və sosial-psixoloji yardım almışlar.
Diabetli uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Fondun dəstəyi ilə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkədə diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqlar 2004-2009-cu illər ərzində müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.
Fondun əhalinin sağlamlığının qorunması, tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçiridiyi irimiqyaslı proqram layihələri Azərbaycanda diabetli xəstələrə xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin yenidən qurularaq istifadəyə verilməsi də Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşmışdır. Fondun prezideni Mehriban xanım Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaratmışdı. Bu il 4800 kvadratmetr sahəsi olan beşmərtəbəli yeni bina istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binada gələcəkdə Taun Mərkəzinin tikintisi də planlaşdırılır. Binanın inşasında xarici ölkələrdən gətirilmiş tikinti materiallarından və avadanlıqdan istifadə olunmuşdur. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində də yenidənqurma işləri aparılmış, uşaqların və işçilərin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə kompleksi tikilmiş, 2 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Kiyev şəhər Ürək Cərrahiyyə Mərkəzinə göndərilən 6 azərbaycanlı uşağın üzərində aparılan əməliyyat da bu xeyirxah missiyanın davamıdır. Ürək cərrahiyyəsi üzrə böyük nüfuza malik olan mərkəz uşaqlarda anadangəlmə ürək çatışmazlığı xəstəliyini cərrahiyyə əməliyyatı vasitəsilə müalicə edir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur. Ötən ay Heydər Əliyev Fondunun prezidenti fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatını səhiyyə nazirliyinə təqdim etmişdir. Bu tibbi avadanlıqlar Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır. Qeyd edək ki, "Fresenius Medical Care" şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın nəticəsində Heydər Əliyev Fonduna 20 bahalı hemodializ aparatının hədiyyə edilmişdir. Bu aparatların sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatların quraşdırılmışdır. Hazırda respublika üzrə 1200 xəstə dövlət tərəfindən hemodializlə təmin olunur.
Mərkəzi Neftçilər Xəstəxanası, Türk Kardioloqlar Dərnəyi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "İntervension Kardiologiya və Exokardioqrafiya kursları" mövzusunda elmi-praktik konfrans çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ürək çatışmazlığından əziyyət çəkən beş xəstə üzərində yerli və xarici həkimlərin iştirakı ilə təmənnasız əməliyyat aparılmışdır. Xarici ölkələrin tibb mütəxəssisləri ilə elmi bilik və təcrübə mübadiləsi, tibb sahəsində olan yeniliklərin öyrənilməsi və ölkəmizdə tətbiq olunmasına köməklik göstərilməsi məqsədi ilə görülən işlərin nəticəsi olaraq insanlar sağlamlıqlarına qovuşurlar. Bu baxımdan Heydər Əliyev Fondunun köməyi ilə sağlamlığı bərpa olunan insanlar Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. Həm respublikamızda, həm də onun hüdudlarından çox-çox uzaqlarda xeyirxahlıq və humanizm təşəbbüsləri ilə tanınan Mehriban xanım Əliyevanın bu addımı fiziki sağlamlığa ehtiyacı olan insanlara, onların ailələrinə böyük sevinc bəxş etmiş, ailə üzvlərinin böyük sevincinə səbəb olmuşdur.
Son bir ildə Heydər Əliyev Fondu tərəfindən görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr yüksəliş dövrünü yaşayan Azərbaycan səhiyyəsinin zəngin potensialını əyani şəkildə nümayiş etdirir.

Digər xəbərlər