PDF Oxu

Əsas

  • 16

MİLLİ İNKİŞAFIN LEYTMOTİVİ

MİLLİ İNKİŞAFIN LEYTMOTİVİ
Tarixin yaddaşına öz möhürünü vurmuş böyük şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Müstəqil respublikamızın banisi, ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq, bu gün milyonların qəlbində yaşayır.
Bu gün xalqımızın mütləq əksəriyyət birmənalı etiraf edir ki, ulu öndər Heydər Əliyevin yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti Azərbaycan dövlətini hər zaman davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Ulu öndər ictimai-siyasi sabitliyi tam təmin edərək, sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük şəxsiyyət iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi-demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmin edilməsi vasitəsidir.
Dahilik yalnız qüdrətli təfəkkür sahibi olmaq deyildir. Əsil dahilik zəkanın sarsılmaz gücü ilə zamanı qabaqlamaq və bütöv bir millətin, xalqın məsuliyyət yükünü öz çiyinlərində daşımaq, milyonları arxasınca aparmaq istedadıdır. Azərbaycanın son yüzillik tarixində ən parlaq şəxsiyyət səviyyəsinə yüksəlmiş ulu öndərimiz Heydər Əliyevdə bu keyfiyyətlər özünün məntiqi bağlılığını tapmışdır. Tarixdə çox az dövlət rəhbəri tapılar ki, o, bütün xalq tərəfindən ümummilli lider olaraq qəbul edilmiş, müstəsna dərəcədə rəğbət və məhəbbət qazanmışdır. Burada böyük Mustafa Kamal Atatürkün məşhur bir kəlamı yada düşür: "Xalqa əfəndilik etmək yoxdur. Xalqa xidmət etmək vardır. Kim xalqa xidmət edirsə, o, xalqa əfəndilik edir". Ulu öndər Heydər Əliyev məhz belə xoşbəxt taleli rəhbərlərdəndir.
Daim Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri və dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyət qurmuş, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə qədər də təsir etməmiş, əksinə, bu inam günü-gündən güclənmiş, möhkəmlənmişdir. İctimaiyyət Heydər Əliyev siyasətinə olan yüksək etimadın müqabilində dövlətə, hakimiyyətə inamını bərpa etmişdir. Məhz bu inam da cəmiyyəti mənfi meyillərə doğru sürüyən tendensiyalara qarşı güclü immunitet formalaşdırmışdır. Bu baxımdan, Heydər Əliyevin siyasi varislik irsinin alternativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqləməmişdir. Bu faktor cəmiyyətin ideoloji istiqamətləri baxımından da ciddi əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, son 6 ildə Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsinin uğurlu nəticələri ölkəmizdə siyasi, iqtisadi və sosial sferalarda yaxından hiss olunmaqdadır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan xalqı 2003-cü ildə ümummilli liderin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevə səs verməklə gələcəyə doğru ən düzgün və etibarlı yolla istiqamət götürüb.
2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa müraciətində siyasi varislik məsələsi ilə əlaqədar fikirlərini açıqlayaraq, dövlətin idarə edilməsinin cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu öndərin səsinə səs verən Azərbaycan xalqını 2003-cü ildə prezident seçkiləri ərəfəsində düşündürən yeganə məsələ Heydər Əliyev siyasi kursunun davam etdirilməsi idi. Çünki ölkə vətəndaşlarının heç bir alternativ görmədikləri və birmənalı olaraq, qəbul etdikləri dahi öndər Heydər Əliyev siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdı. Elə buna görə də xalq ulu öndərin çağırışına dəstək verdi, cənab İlham Əliyevi özünə Prezident seçdi. Prezident seçkilərindən bir az sonra cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursuna sadiqliyini bir daha bildirdi: "Əlbəttə, həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır. Amma prinsipial istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır. Biz hamımız ona sadiqik".
Prezident İlham Əliyev isə son 6 ildə verdiyi bütün vədləri tamamilə yerinə yetirməklə, ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə nail olmaqla, Azərbaycanın müstəqil dövlət olaraq regionda və beynəlxalq miqyasda imicini daha da yüksəltməklə özünün bütün azərbaycanlıların Prezidenti olduğunu sübut edib.
Təsadüfi deyil ki, 2008-ci ilin 15 oktyabr seçkiləri də Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə qazandığı böyük uğurları gündəlik həyatında hiss edən, möhkəm təməllərə söykənən iqtisadi-siyasi sabitlik, əmin-amanlıq və sülh şəraitində yaşayan orta statistik azərbaycanlının seçiminin alternativsiz və dəyişməz olduğunu bir daha təsdiqləmişdir. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinad mənbəyi seçdiyi kimi, qarşıdakı illərdə də Azərbaycanın taleyini də ulu öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar etmişlər.
Bu yüksək etimad, ilk növbədə, cənab İlham Əliyevin səmərəli fəaliyyətindən, ən əsası, öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanmışdır. Dövlət başçısı son seçkilərdə də vətəndaşlarımız qarşısına ulu öndər Heydər Əliyevin idarəçilik sistemində formalaşmış və ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi xadim kimi çıxmışdır. Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi müddətdə ulu öndərin banisi olduğu milli dövlətçilik ənənələrinə nəinki sadiq qalmış, böyük əzmlə davam etdirdiyi bu kursun Azərbaycanın dövlət müstəqilliyi qədər əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Müstəqil Azərbaycanın son 6 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi nailiyyətlərə imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev bu illər ərzində Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur. Ölkənin bütün problemlərinə milli dövlətçilik kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın ən müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə və həmin vəzifələrin həllinə müvəffəq olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.
Dövlət başçısı vətəndaşlarımız qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin reallığa adekvat olduğunu əməli işi ilə sübuta yetirərək, formalaşdırdığı işlək mexanizmlər əsasında islahatlar kursunun davamlılığını, ardıcıllığını təmin etmiş, Azərbaycan həyatında yeni bir intibah mərhələsinin başlanmasına nail olmuşdur.
Cənab İlham Əliyevin ötən 6 ildə dövlət idarəçiliyində əldə etdiyi çoxşaxəli nailiyyətlər onun siyasi liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Dövlət başçımız dahi liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və hansısa problem baş qaldıranda, "Heydər Əliyev bu məsələni həll edə bilərdi" sualı üzərində düşündüyünü qətiyyən gizlətmir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə, bu sualı özünə ünvanladığını və cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Hələ 2003-cü ildə Vətənə, xalqa və dövlətə sədaqət andı içərək, prezidentlik səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı İlham Əliyev bu təntənəli mərasimdəki çıxışında Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinə səylə çalışdığını vurğulamışdır: "Andiçmə mərasimində Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bugünü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün, bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".
Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda da xalqa layiqli xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də qüvvəsindədir. "Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır" - bu sözlərin müəllifi cənab İlham Əliyevin şəxsiyyətinə olan yüksək ictimai inam da onun hakimiyyəti yalnız vətəndaşlara layiqli xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan, liderlik institutunun Azərbaycan üçün gerçəkdən nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür. Cənab İlham Əliyevin dövlətçiliyə baxışlar sistemi, xarakterinə xas humanistlik və xeyirxahlıq elementləri, bununla yanaşı, zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərmək məharəti onun qısa müddətdə cəmiyyətdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini təmin etmişdir.
Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan Azərbaycan Prezidenti hökumət qarşısında hər bir mərhələ üçün duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda infrastruktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkir. Cənab İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin formalaşdırılması, habelə, ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur.
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası, xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin, mütəmadi olaraq, gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Nazirlər Kabinetinin 2009-cu ilin ötən 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu növbəti dəfə təsdiqləmişdir.
Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda bir daha aydın görünür. Belə ki, 2003-cü ildə cəmi 1,2 milyard dollar təşkil edən Azərbaycanın dövlət büdcəsi 2009-cu ildə 15 milyard manata çatmış, hərbi xərclər 11 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına düşən milli gəlirin həcmi 888 ABŞ dolları təşkil edirdisə, bu rəqəm 2009-cu ildə isə 6000 dollara çatmışdır. Ötən müddətdə ölkə iqtisadiyyatı, ümumilikdə, 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 12,7 faizə düşmüş, ÜDM-in illik orta artım göstəricisi təxminən 30 faiz təşkil etmiş, yeni açılmış iş yerlərinin sayı 740 mini ötmüşdür.
Eyni zamanda, regionlara yüksək diqqət və qayğının bariz təcəssümü kimi 11 fevral 2004-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" bölgələrin tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi, sahibkarlığın, özəl sektorun yüksəlişi, ölkə iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmişdir. Fundamental əhəmiyyətli bu proqramın ölkəmizin sosial-iqtisadi yüksəlişindəki müstəsnalığını hər kəsdən daha aydın şəkildə qiymətləndirən cənab İlham Əliyev Azərbaycanın ayrı-ayrı bölgələrinə ardıcıl səfərləri zamanı sənədin icrası vəziyyəti ilə yerində tanış olmuş, görülən işlərin səmərəliliyini artırmaq üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Proqram çərçivəsində son altı ildə yerlərdə çoxlu sayda sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması, bütövlükdə, regionları beş il əvvəlki simasından fərqləndirir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ən uğurlu cəhətlərindən biri də son altı ildə ölkədə 740 mindən çox yeni iş yerinin açılması olmuşdur. Nəticədə rayonlardan paytaxta və digər iri şəhərlərə axın prosesi səngimiş, insanların rahat, firavan yaşayışı üçün lazımi kommunal xidmətlər sistemi yaradılmışdır.
Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq, mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkmişdir. Vətəndaşlarla birbaşa təmasa üstünlük verən, özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırmışdır. 2003-2009-cu illərdə Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən, eləcə də, Bakıətrafı kənd və qəsəbələrdə olan cənab İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu əməli olaraq təsdiqləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin öz vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Dövlət başçısı İlham Əliyevin praqmatizmə və real əməli siyasətə söykənən siyasətinin əsas qayəsində məhz insan və şəxsiyyət amili dayanır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun varisliyinə əsaslanan, bununla belə, yeni çalarları ilə seçilən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın, o cümlədən, regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət qayğısının gücləndirilməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm vəsilələri əhatə etməklə, yeni, daha qlobal məqsədlərə xidmət edən iqtisadi strategiyanın reallaşdırılmasına zəmin yaratmışdır.
Dövlət başçısının fəaliyyəti və ötən müddət ərzində görülən işlərin təhlili, birmənalı şəkildə göstərir ki, cənab İlham Əliyev həqiqətən ümummilli lider Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirir, böyük öndərimizin başladığı işlərin keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdırılması, müasir dünyanın tendensiyalarına uyğun inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət yürüdür.
İlham Əliyevin bir dövlət başçısı olaraq apardığı siyasətin başlıca xüsusiyyətlərini təhlil edərkən, onun sosialyönümlülüyünü və bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğu faktorunu önə çəkməsini göstərmək olar. Təsadüfi deyil ki, dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərman da məhz sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında idi. Bu, əhatəli bir sənəd olmaqla yanaşı, iqtisadi islahatların aparılmasına cavabdeh olan strukturların qarşısında çox mühüm tapşırıqlar və vəzifələr qoymuşdur.
Dövlət başçısının iqtisadi siyasətində ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən iki əsas cəhət vardır. Bunlardan biri, cənab İlham Əliyevin iqtisadiyyatda inkişafı qeyri-neft sektorunun hesabına təmin etmək istəyidir. Hərçənd ki, neft sektorunda da ölkənin uğurları heç də az deyil. Cənab İlham Əliyevin prezidentliyi dövründə bir neçə yeni neft müqaviləsi imzalanmış, həmçinin, Bakı-Tbilisi-Ceyhan neft boru və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini kəməri istifadəyə verilmişdir.
İkinci mühüm cəhət, makroiqtisadi inkişaf meyillərinin konkret sosial nəticələrdə əks olunmasıdır. Əlbəttə, dövlətin hər bir uğuru, ilk növbədə, onun xalqının rifah halının və sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasında öz əksini tapmalıdır. Prezident İlham Əliyev məhz belə siyasətə üstünlük verməklə real iqtisadi irəliləyişlərin sosial duruma müsbət təsir göstərməsinə çalışır. Təsadüfi deyil ki, təkcə soni illər respublika üzrə orta aylıq əmək haqqı iki dəfədən çox qalxmışdır. Sosial cəhətdən ən zəif zümrələrin - müəllimlərin, səhiyyə işçilərinin, tələbələrin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan yüz minlərlə insanın əmək haqları qaldırılmışdır.
Xalqın böyük əksəriyyətinin səsi ilə prezident seçilən dövlət başçısı cənab İlham Əliyev bir çox cəhətləri ilə çoxlu sayda yerli və xarici ekspertlərin diqqətini cəlb edir. Onun liderlik dövrünü olduqca əhatəli təhlil etdikdə, ekspertlər haqlı olaraq, Prezident İlham Əliyevi yeniliklərə həssaslıq göstərən, rasional keyfiyyətləri özündə cəmləşdirən müasir lider kimi xarakterizə edirlər. Dövlət başçısında bu cür rasional, əlahiddə keyfiyyətlərin cəmləşməsi xarici siyasətdə və eləcə də, ölkə daxili demokratik proseslərin gedişində əsas leytmotiv təşkil edirdi ki, bu da beynəlxalq münasibətlər sistemində Azərbaycan üçün mühüm faktorlardan biri, bəlkə də, birincisidir. Nəticədə Azərbaycan həm daxili siyasətdə, həm də beynəlxalq birliyə inteqrasiya olunmaqda əməli nəticələrə nail oldu. İctimai-siyasi sabitlik davamlı xarakter aldı və bunun nəticəsi olaraq, ölkədə qlobal layihələr gerçəkləşdi.
Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmaqla, regionda və dünyada aparıcı dövlətlərdən birinə çevrildi. Davamlı sosial-iqtisadi inkişaf regionların dinamik tərəqqisinə stimul verdi. Ölkədə demokratik proseslər dərinləşdi və bununla da, Azərbaycanın beynəlxalq birliyə inteqrasiyası keyfiyyətcə yeni mərhələyə yüksəldi. Regional və beynəlxalq əməkdaşlığı prioritet seçən Prezident İlham Əliyev qısa müddət ərzində mürəkkəb geosiyasi şəraitdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu yaradıcılıqla gerçəkliyə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft, ardınca isə Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin həyata vəsiqə alması bu istiqamətdə daha yeni işlərə yol açdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsinə start verilməsi isə, bu mənada, ən yaxşı nümunədir. İllərlə müzakirə olunan bu transmilli layihə Prezident İlham Əliyevin qətiyyəti sayəsində kağız üzərindəki layihə çərçivəsindən çıxaraq, yeni reallıq müstəvisinə keçdi. Bu gün artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi inandırıcı görünmür. Bu isə ölkənin iqtisadi qüdrəti və beynəlxalq aləmdəki nüfuzu ilə müəyyənləşir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə 2003-cü ilin avqustunda söylədiyi "Mən İlham Əliyevə özüm qədər inanıram" fikrindən güc alır.
Müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını müəyyənləşdirən ümummilli lider Heydər Əliyev, eyni zamanda, bu strateji kursu hazırkı "sürət əsri"nin diktə etdiyi yeni şərtlər müqabilində davam etdirməyə qadir, istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçını da yetişdirmişdir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, bunların birinin digərini tamamlamasına çalışmışdır.
Ötən müddətdə milli inkişaf konsepsiyasını yeni dövrün reallıqlarına nəzərən davam etdirərək, iqtisadi və siyasi islahatların uğurlu sintezinə nail olmuş Prezident İlham Əliyev demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsini, beynəlxalq arenada layiqli yerini tutmasını, dünya təsərrüfat sisteminə inteqrasiyasını qeyri-mümkün sayır. Ölkə başçısı çıxışlarında, onu da dəfələrlə vurğulamışdır ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir.
Cənab İlham Əliyevin idarəçilik üslubunda hər iki təmayülün əhəmiyyəti önə çəkilir və ölkənin uzunmüddətli inkişafının mühüm şərti kimi qəbul olunur. Azərbaycan Prezidenti cəmiyyət həyatındakı fundamental dəyişikliklər fonunda hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş Qərb dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çəkir: "İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, həmin ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir" - deyə ölkə başçısı bildirir.
Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin, mütəmadi olaraq, xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, son 16 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir. Son beş ildə dövlət başçısının kadr seçiminə yanaşma prinsipləri də çağdaş dövrün reallıqları ilə şərtlənmiş, məmurların fəaliyyəti onların xalqa xidmət məramına nəzərən müəyyənləşdirilmişdir.
Cənab İlham Əliyev bu gün də Azərbaycanın inkişaf üçün nümunəvi xidmətlər göstərir. İşgüzarlığı, qabiliyyəti, böyük şəxsiyyətlərə xas olan xüsusiyyətləri ilə seçilən cənab İlham Əliyevin fəaliyyəti bir çox siyasətçilər üçün örnəkdir. Zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək

Digər xəbərlər