Dünən Prezident İlham Əliyevin doğum günü idi
Dünən Azərbaycan Respubliklasının Prezidenti İlham Əliyevin doğum günü idi. Müstəqil Azərbaycanın inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin varisi olaraq, xalqın inam və etimadı nəticəsində hakimiyyətə gələn cənab İlham Əliyev ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi istiqamətində mühüm addımlar atmışdır.
Bu gün dünyada hökm sürən və ən böyük dövlətləri belə inkişafdan saxlayan qlobal maliyyə böhranına baxmayaraq, ölkəmiz özünün əvvəlki sürətli inkişafını davam etdirməkdədir. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məhz dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətdə olduğu 6 il ərzində yürütdüyü daxili və xarici siyasət Azərbaycan xalqının istək və arzularının təzahürüdür. Bu mənada, xalqımızın Prezident İlham Əliyevə bəslədiyi sevgi və məhəbbət əsassız deyildir. Biz də "Səs" qəzeti olaraq, mötərəm Prezidentimizi 48 yaşının tamam olması münasibətilə təbrik edirik, Ona müqəddəs, şərəfli və eyni zamanda, yüksək məsuliyyət tələb edən vəzifəsində uğurlar arzu edirik. İnanırıq ki, Onun sayəsində əldə etdiyimiz milli uğurlarımızın davamı olacaq və müstəqil dövlətimiz daha da qüvvətlənəcək və qüdrətlənəcəkdir. Bu gözəl gün münasibətilə qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə arzu və istəklərini çatdıran millət vəkilləri də Onun dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərindən danışdılar.
Millət vəkili Nizami Cəfərov: "Azərbaycan İlham Əliyevlə xalqın birliyi nəticəsində inkişaf etdirilən Azərbaycandır"
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin missiyası Azərbaycanın müstəqil dövlətini qurmaqdan ibarət idi. Bu missiya çox böyük uğurla həyata keçirildi. Həm ölkənin iqtisadi təsərrüfat sistemi, həm də sosial-siyasi strukturu, idarəçilik mexanizmi, beynəlxalq mövqeyi və s. müəyyənləşdirildi. Yəni, bütün sahələr üzrə çox mükəmməl siyasi kurs yaradıldı. Prezident İlham Əliyev bu işlərin həyata keçirilməsi üçün yeni bir mərhələnin başlanğıcını qoydu. Bu yeni mərhələni də xarakterizə edən çoxlu xüsusiyyətlər var. Onlardan birincisi, ölkənin iqtisadi inkişafının lazımi səviyyəyə çatdırılması oldu. Əgər müqayisə etsək, dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın dövlət büdcəsinin təxminən on dəfə artdığını, Azərbaycanın iqtisadi potensialının gücləndiyini, güclü infrastrukturanın yaradıldığını, ölkəmizin beynəlxalq mövqeyinin yüksəldildiyini görərik. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, bu gün regionda heç bir dövlət Azərbaycanla hesablaşmadan heç bir böyük layihə həyata keçirə bilməz. Region ölkələri içərisində Azərbaycan müqayisə olunmayacaq dərəcədə yüksək mövqe qazanıb. Bu da Prezident İlham Əliyevin həm ümummilli lider Heydər Əliyev siyasətinə sədaqəti ilə, həm də bu siyasəti inkişaf etdirməsi ilə müəyyənləşən məsələdir. Bu mənada, İlham Əliyev iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına, eləcə də neft və qeyri-neft sektorlarının inkişafına xüsusi şərait yaratdı. Bunun üçün çox böyük perspektivli layihələr gerçəkləşdirildi. Eyni zamanda, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin inkişafı və təbliği istiqamətində də mühüm işlər gördü. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Onun bu fəaliyyəti Prezident İlham Əliyevin fəaliyyətini tamamlayır.
Bu gün dünyanı bürüyən maliyyə böhranı şəraitində Azərbaycanda gedən yüksək iqtisadi, siyasi, mədəni və s. inkişaf dövlət başçısının yürütdüyü böyük siyasətin nəticəsidir. Bu siyasət, sadəcə, təbliğatdan ibarət deyil. İlham Əliyev öz siyasətinin konturlarını çox dəqiq müəyyənləşdirdi və qeyd etdi ki, "Bizim siyasətimiz bizim işimizdir". Həqiqətən, dövlət başçısı İlham Əliyevin apardığı siyasət əməli işdən və onun göz qarşısında olan nəticələrindən ibarətdir. Bu faktı bütün dünya qəbul edir. Ölkədə demokratikləşmə prosesi getdi. Əgər bir vaxtlar Azərbaycanda müstəqil və güclü dövlət qurmaqdan ötrü güclü mərkəzləşdirməyə ehtiyac var idisə, artıq İlham Əliyevin fəaliyyəti ilə demokratikləşmə meyilləri də xeyli dərəcədə gücləndirildi. Bu mənada, artıq Prezident İlham Əliyevin iqtisadiyyatın nkişafının keçid dövrünün başa çatdığını deməsinin də əsası var. Hesab edirəm ki, ölkə başçısının bu fikirlərində, eyni zamanda, mənəvi-mədəni məsələlər də ön planda olub. Bu fikirlər universal inkişaf magistralına çıxmaq mənasında da, özünü doğrultdu ki, bu da artıq xeyli müddət idi ki, davam edən dağılmış təsərrüfatımızı, dövlətçiliyimizi, parçalanmış cəmiyyətimizi mütəşəkkilləşdirən bir prosesin əsasını qoydu.
Böyük müvəffəqiyyətlərdən biri də budur ki, ölkəmiz inkişafın keçid dövrünün heç bir ilini və ayını itirmədi. Təbii ki, Azərbaycan xalqının iradəsini toplamaq, onu müəyyən perspektivlərə yönəltmək, xalqımızı öz milli dövlətçiliyini qurmaq üçün səfərbər etmək üçün cənab İlham Əliyev liderlik keyfiyyəti nümayiş etdirdi. Bu gün də bu keyfiyyət dinamik xətlə davam etdirilir. Ona görə Azərbaycan artıq İlham Əliyevlə xalqın birliyi nəticəsində inkişaf etdirilən Azərbaycandır.
Mən böyük məmnuniyyətlə Prezident cənab İlham Əliyevin doğum gününü təbrik edirəm. Dünən Yeni Azərbaycan Partiyası olaraq, bu münasibətlə konfrans keçirdik, geniş məruzələr dinlənildi. Həmin tədbirdə də dövlət başçısı İlham Əliyevin doğum gününü böyük ruh yüksəkliyi ilə təbrik etdik. İnşallah, çox yaşasın və Azərbaycanın hər zaman önündə getsin.
Millət vəkili Məlahət İbrahimqızı: "Prezident İlham Əliyevin ad günü, təkcə Onun üçün deyil, hər birimiz üçün əzizdir"
- Əvvəlcə, mötərəm Prezident İlham Əliyevi və Onun ailə üzvlərini, bütün Azərbaycan xalqını bu doğum günü münasibətilə təbrik edirəm. Prezident İlham Əliyevin ad günü, təkcə Onun üçün deyil, hər birimiz üçün əzizdir. 2003-cü ildən etibarən ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, özü qədər inandığı və bizə də tövsiyə etdiyi namizəd cənab İlham Əliyevdir. Onun ötən 6 il ərzindəki fəaliyyətini yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşları deyil, ölkəmizə gələn qonaqlar da Azərbaycanın son illərdə inanılmaz və təsəvvürəgətirilməz dərəcədə gözəlləşdiyini və inkişaf etdiyini dilə gətirirlər. Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin ən ucqar bölgələri də sürətli inkişaf edir. Sovet dövründən bu günə kimi yol çəkilməyən ərazilərə yeni yollar çəkilir. Bunlarla bərabər bölgələrdə yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir, qazlaşdırma işi aparılır. Bir sözlə, bu gün Azərbaycanın ən ucqar kəndləri belə şəhər mərkəzini xatırladır. Yəni, istər infrastrukturanın, istərsə də digər sahələrin, o cümlədən, daxili və xarici siyasətin bütün istiqamətlərində çox böyük irəliləyişlər əldə olunub. Hətta bu gün Bakını Avropanın Vyanası ilə müqayisə etmək olar. Ölkəmizdə gedən bu qədər inkişaf əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasətin, xalqın rifahına, əmin-amanlığına, tərrəqisinə, dövlətimizin qüdrətlənməsinə yönələn siyasətin Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir. Azərbaycanda minlərlə məktəblərin, ali məktəblərin, uşaq və qocalar evlərinin, xəstəxanaların tikilməsi, yolların və körpülərin salınması böyük nailiyyətlərin bəhrəsidir. Bir müsahibə ərzində bu qədər uğurları saymaqla qurtarmaq olmaz.
Nailiyyətlərin ən böyüyü isə Azərbaycanın haqlı mövqeyinin son 6 ildə dünyaya tanıtdırılması və regionda lider dövlətə çevrilməsidir. Bütün sahələrdə çox böyük nailiyyətlər var və hesab edirəm ki, ən böyük nailiyyət dövlət başçısı İlham Əliyevə xalqın sonsuz etimadı və inamıdır. Xalqımızın öz qeyrətli oğluna dayaq durması Ona bəslədiyi böyük sevgi və məhəbbətin əvəzsiz göstəricisidir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. O, hər dəfə böyük səmimiyyətlə bəyan edir ki, mənim əldə etdiyim bütün nailiyyətlərin və uğurların səbəbi xalqımın mənə olan inamı, etimadı və mənim də xalqıma arxayın olmağımdır.
Mən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının adından bir daha əziz Prezidentimiz İlham Əliyevi təbrik edirəm. Prezident İlham Əliyevin hər bir çıxışı xalqın inamına və dövlətimizin güclənməsinə yönələn bir tezisdir. Onun çıxışlarının hansı cümləsinə diqqət yetirsək, görərik ki, Onun hər bir fikri Azərbaycan xalqının əmin-amanlığının və firavanlığının artmasına hesablanan fikirlərdir. İnanırıq ki, dövlət başçısının apardığı güclü diplomatiya sayəsində xalqımızın hər bir üzvünün ürəyinin ağrısı olan Dağlıq Qarabağ münaqişəsi də çox böyük qalibiyyətlə həll olunacaq və torpaqlarımız işğaldan azad ediləcəkdir. Beləliklə, bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına qayıdacaqdır.