Bələdiyyə seçkiləri Azərbaycanın siyasi inkişaf tarixinin yeni bir səhifəsinə çevrildi
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədovun mətbuat konfransı keçirildi.
Mətbuat konfransında çıxış edən Ə.Əhmədov Azərbaycanda növbəti seçkilərin arxada qaldığını bildirdi. Dedi ki, bələdiyyə seçkiləri Azərbaycanın siyasi inkişaf tarixinin yeni bir səhifəsinə çevrildi, ölkəmizdə üçüncü dəfə keçirilən bələdiyyə seçkiləri baş tutdu: "Məlum olduğu kimi, Azərbaycanın bütün seçki məntəqələrində səsvermə sona çatdı və hazırda seçki məntəqələrində səslərin hesablanması prosesi gedir. Hesab edirəm ki, ölkəmizdə növbəti yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər Azərbaycanın həm seçki praktikasının təkmilləşməsində, seçki demokratiyasının genişlənməsində və bütövlükdə ölkəmizin demokratik inkişafında əhəmiyyətli bir mərhələni təşkil edir. Qeyd etmək lazımdır ki, iki ay yarım davam edən seçki kampaniyasının bütün gedişi Azərbaycanın Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə təşkil edilib, seçkilərin ədalətli, şəffaf, demokratik şəraitdə keçirilməsi üçün seçki prosesinə qoşulan bütün tərəflər və ilk növbədə, müvafiq strukturlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Güman edirəm ki, görülən bütün bu işlərin nəticəsində Azərbaycanda növbəti seçkilər tamamilə şəffaf, demokratik, ədalətli və bərabər səviyyəli yarışma şəraitində baş tutub. Seçki prosesinə Azərbaycanın çoxlu sayda siyasi partiyaları qoşulublar və bütövlükdə, seçki kampaniyasına passiv seçki hüququ əsasında qoşulanların sayı 30 mindən yuxarı olub. Yeni Azərbaycan Partiyasının seçki kampaniyasındakı iştirakı kifayət qədər fəal və yüksək səviyyədə olub. YAP Azərbaycanın bələdiyyə dairələrinin hamısına öz namizədlərini irəli sürüb və namizədlər qeydə alınıb. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası partiya şəklində iştirak edən yeganə siyasi təşkilatdır. Onu da qeyd etmək olar ki, YAP 2004-cü ildə keçirilən, bələdiyə seçkilərində də partiya şəklində iştirak edən yeganə siyasi təşkilat olmuşdur. Bu, YAP-ın, bir tərəfdən, seçki prosesinə kifayət qədər ciddi yanaşmasını sübuta yetirirsə, digər bir tərəfdən isə, siyasi resurslarının genişliyinə dəlalət edir. YAP Azərbaycanda keçirilən 1718 bələdiyyə üzrə seçkilərdə iştirak edib və namizədlərinin ümumi sayı 15630 nəfər olub.
Seçki kampaniyasının şəffaflığının təmin edilməsi bir sıra vacib amillərlə şərtlənir. Burada istər qanunun şərtlərinə və tələblərinə, istər mətbuatın seçki kampaniyasının gedişinə və istərsə də çoxlu sayda müşahidəçilərin seçkinin gedişini müşahidə etmək imkanlarına malik olunması xüsusi qeyd olunmalıdır. Bildiyiniz kimi, MSK-nın verdiyi məlumata görə, seçkilərin gedişini izləmək üçün müşahidəçi qismində 40 mindən artıq müşahidəçi cəlb olunubdur. YAP da, təbii olaraq, seçki kampaniyasında özünün müşahidəçilərini təyin edibdir. Bu gün ölkəmizdə keçirilən səsvermənin bütün gedişi və prosesin təfərrüfatı haqqında YAP-ın bütün məntəqələrə təyin etdiyi müşahidəçilər müfəssəl məlumatlar veriblər. Əldə edilən ilkin nəticələrə görə, seçki prosesi, xüsusilə də, səsvermənin gedişi hər hansı ciddi qanun pozuntuları olmadan baş tutubdur. Bu, bir tərəfdən, seçki prosesinin kifayət qədər kamil şəkildə təşkil edilməsindən xəbər verir, ikinci bir tərəfdən isə, Azərbaycan vətəndaşlarının siyasi təəssüratları, seçki təcrübəsi və seçki mədəniyyətinin səviyyəsi də yüksəlib ki, bu da səsvermənin gedişinin ciddi qanun pozuntularına yol verilmədən, baş tutmasını təmin edən vacib şərtlərdən biridir".
İcra katibi Yeni Azərbaycan Partiyasının seçki prosesinə ciddi şəkildə yanaşması, geniş kampaniya aparması, çox əsaslandırılmış seçki konsepsiyasına malik olması və çoxlu sayda seçki prosesinin və kampaniyasının aparılmasına fəal üzvlərinin cəlb etməsi seçkinin nəticələrinin YAP üçün uğurlu olacağına böyük inamın olduğunu bildirdi. Qeyd etdi ki, bu yaxın zamanlarda MSK-nın açıqlayacağı seçkinin nəticələrindən bəlli olacaqdır: "YAP olaraq seçkinin partiyamız üçün uğurlu gedişinin və nəticələrinin təmin edilməsi üçün çox geniş işlər görülüb".
"Seçki kampaniyasının davam etdiyi iki ay yarım, YAP-ın daha fəal surətdə seçki kampaniyası ilə məşğul olduğu bir dövrdür. Bütövlükdə, yerli özünüidarə seçkilərinə hazırlaşmağımız yalnız bu dövrlə də məhdudlaşmamışdır. Bundan da xeyli əvvəl YAP dekabr ayının 23-də baş tutan bələdiyyə seçkilərinə hazırlaşmağa başlamışdır. YAP-ın ciddi şəkildə əsaslandırılmış və hazırlanmış seçki konsepsiyası mövcuddur. Bu müddət ərzində məhz bu konsepsiyanın bütün müddəalarını və proqramlarını həyata keçirmək mümkün oldu. Təbii ki, birincisi, YAP-ın seçkilərdə iştirakı ilə əlaqədar əsas hədəflərini müəyyənləşdirilməsidir. İkincisi, namizədlərin müəyyənləşdirilib irəli sürülməsi və qeydiyyata alınması, üçüncüsü isə, müəyyənləşmiş və qeydə alınmış namizədlərin uğurlu təşviqat kampaniyasının həyata keçirilməsi idi".
"Bütün bu istiqamətlər üzrə Yeni Azərbaycan Partiyası və partiyanın rayon və şəhər təşkilatları çox səmərəli, gərgin fəaliyyət göstəriblər. İnanırıq ki, bunun nəticələri də uğurlu olacaqdır. YAP seçki kampaniyasında irəli sürmüş olduğu namizədlərin təşviqatının aparılması üçün çox geniş bir proqram hazırlamışdır. YAP-ın fəalları Milli Məclisdə partiyamızı təmsil edən deputat korpusu və onun hər bir nümayəndəsi, partiyada olan ziyalılar təşviqat kampaniyasında yaxından iştirak ediblər. Azərbaycanın bütün bölgələrində, bütün məntəqələrdə, bələdiyyələrin ərazilərində seçicilərlə görüşlər keçirilib. YAP-ın irəli sürmüş olduğu namizədlərin layiqli şəxslər olduğu vətəndaşların və seçicilərin diqqətinə çatdırılıb. YAP-ın müəyyənləşdirilmiş olduğu proqram əsasında həyata keçirdiyimiz təşviqat kampaniyasının nəticələri həmin proqramda öz əksini tapıbdır. Burada keçirilmiş görüşlər və onların yeri, vaxtı və həmin görüşlərdə kimlər iştirak edib, nə qədər seçici həmin görüşlərə qatılıb, bütün bunların hamısı həmin sənəddə öz əksini tapıb. Yəni bu, YAP-ın müəyyənləşdirmiş olduğumuz proqram əsasında həyata keçirilən görüşlərinin icmalıdır. Bütövlükdə, Azərbaycanda 1718 bələdiyyə üzrə seçkilər keçirilib, YAP-ın keçirmiş olduğu 2000-nə yaxın görüşdə çoxlu sayda insanlar iştirak edib. Bu görüşlərdə 450 minə yaxın seçici iştirak edib. Bundan əlavə, irəliyə sürülmüş namizədlərin seçki kampaniyasını təşkil etməkdən ötrü bütün bölgələrdə treninqlər və seminarlar keçirilib. 64 seminarda irəliyə sürülmüş bələdiyyələrə namizədlərin demək olar ki, hər biri iştirak edibdir. Beləliklə də, bir tərəfdən irəliyə sürülmüş namizədlərin uğurlu seçki kampaniyasını təşkil etmək üçün onların hər biri ilə seminarlar, treninqlər təşkil etdik ki, onların, namizəd olaraq, seçki kampaniyasını təşkil etmək təcrübəsi və vərdişləri formalaşsın, inkişaf etdirilsin. İkinci bir tərəfdən isə, hörmətli partiya və cəmiyyət üzvlərini cəlb etməklə, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin təşviqat kampaniyasını uğurla həyata keçirməyə səy göstərdik və güman edirik ki, buna da nail olduq. Beləliklə də, Yeni Azərbaycan Partiyası özünün malik olduğu bütün resursları, ilk növbədə, insani resursları, təşkilati resursları seçki kampaniyasının YAP tərəfindən uğurla keçirilməsi üçün səfərbər etməyə müvəffəq olduq. Məlum olduğu kimi, YAP-ın 500 minə yaxın üzvü var və bu yaxınlarda partiyamızın üzvlərinin sayı 500 minə çatacaqdır. Bunların hər biri fəal seçicilərdir, və bütövlükdə, YAP-ın insani resurslarıdır. Digər bir tərəfdən YAP-ın bölgələrdə səmərəli şəkildə işini qura bilən rayon və şəhər təşkilatları var ki, seçki kampaniyasının təşviqat hissəsinin həyata keçirilməsində onlar yaxından iştirak ediblər və beləliklə də, YAP uğurlu təşviqat kampaniyası apara bilibdir. Bu seçki kampaniyasında YAP XALQA XİDMƏT NAMİNƏ şüarını seçmişdir və əsas məqsədimiz də bundan ibarətdir ki, dekabr ayının 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticəsində formalaşacaq yerli özünüidarəetmə orqanları Azərbaycanın əhalisinə keyfiyyətli xidmət göstərə bilsinlər. Bütün bunların hamısı bizə inam verir ki, seçkilər uğurlu sonluqla nəticələnəcəkdir. Seçkilərin YAP üçün uğurlu sonluqla nəticələnməsinə bizlərdə ciddi inamın formalaşmasını Partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlarımızın birmənalı şəkildə inanması və Onu dəstəkləməsidir".
YAP-ın Sədr müavini Azərbaycanın bütün regionlarında həyata keçirilən işlər, regionların inkişafı, yeni iş yerlərinin açılması, regionların simasının əhəmiyyətli şəkildə dəyişdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlər olduğunu və Azərbaycan vətəndaşlarının Prezidentin həyata keçirdiyi siyasətin birmənalı şəkildə dəstəklədiyini sübut edir və bu amil təbii ki, Prezident Partiyasının irəliyə sürdüyü bələdiyyə üzvlüyünə namizədlərin də insanlarımızın əhəmiyyətli hissəsi tərəfindən dəstəklənməsi üçün etibarlı bir bazanın olduğuna dəlalət edir.
Ə.Əhmədov qeyd etdi ki, YAP-ın həyata keçirdiyi təşviqat kampaniyası, eyni zamanda, irəliyə sürülmüş namizədlərin şəxsi keyfiyyətləri, bütövlükdə, cəm halında YAP-ın irəli sürdüyü namizədlərin, səsvermənin nəticələrinə uyğun olaraq, uğur qazanacağına bizdə böyük və ciddi bir inam yaradır: "Növbəti seçki kampaniyasının uğurla başa çatması münasibətilə, ilk növbədə, seçki kampaniyasına qoşulmuş bütün namizədləri və xüsusilə də, uğur qazanacaq namizədlərin seçki kampaniyasına qoşulmuş bütün siyasi partiyaları və bütövlükdə, Azərbaycan xalqını, o cümlədən də, mətbuat nümayəndələrini təbrik etmək olar. İki ay yarım davam edən seçki kampaniyası əmin-amanlıq şəraitində, eyni zamanda, zəruri seçki fəallığı zəminində sona çatdı".