Yasamal seçiciləri bələdiyyə seçkilərində aktiv iştirak etdi
Dünən ölkəmizdə bələdiyyələrə növbəti seçkiləri keçirildi. Bütün seçkilərdə olduğu kimi, bu dəfə də ölkəmizdə ədalətli, demokratik seçkilər baş tutdu. Qeyd edək ki, Azərbaycanda 1999, 2004-cü illərdə bələdiyyələrə seçkilər keçirilib. Bu il özünüidarəetmə orqanlarına keçirilən seçkiləri yerli müşahidəçilərlə yanaşı, beynəlxlaq müşahidəçilər də izləyirdi. Aparılan müşahidələr, bir daha onu göstərdi ki, Azərbaycanda hər zaman demokratik, ədalətli seçkilər keçirilib və budəfəki seçkilər də beynəlxalq hüquq normaları çərçivəsində baş tutur. Bütün bunlar isə müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu demokratik islahatların nəticəsidir. Bu gün də ölkə Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu istiqamətində uğurlu işlər həyata keçirməkdədir. Məhz bütün bunların nəticəsi olaraq, respublikamızda keçirilən bütün referendum və seçkilər demokratik şəraitdə həyata keçirilir.
Müşahidə apardığımız 16 saylı Yasamal II seçki dairəsinin 19, 13,12 saylı seçki məntəqələrində, eləcə də, 15 saylı Yasamal I seçki dairəsinin 12, 13, 9, 4, 2, 3, 7, 6, 5 saylı seçki məntəqlərində heç bir qanun pozuntusuna rast gəlinməmiş və seçicilər seçkilərdə aktivlik nümayiş etdirmişlər.
16 saylı Yasamal II seçki dairəsinin 19 saylı seçki məntəqəsinin sədri Gülnaz Əsgərova bizimlə söhbətində qeyd etdi ki, seçicilər məntəqəyə gələrək, istədikləri namizədə səs verirlər: "Səhər saatları olmağına baxmayaraq, 100-dən artıq seçici məntəqəyə gələrək, istədikləri namizədə səs verirlər. Biz seçicilər üçün bütün lazımi olan şərait yaratmışıq və inanırıq ki, səsvermə başa çatana qədər məntəqəyə gələn seçicilərin sayı artacaq". Onu da qeyd edək ki, 19 saylı məntəqədə YAP, "VBP", "BQP", "BAXCP", AXCP (i), "Ümid" və digər siyasi partiyalardan da müşahidəçilər iştirak edirdilər. Onlar da heç bir qanun pozuntusuna rast gəlinmədiyini söylədilər.
13 saylı seçki məntəqəsində də seçkilər demokratik şəkildə keçirildi. Bunu məntəqədə müşahidə aparan şəxslər də təsdiq etdilər. Məntəqə sədri Vaqif Allahverdiyev: "Məntəqənin ərazisində 1471 seçici var. 12:00-a qədər 300-dən çox seçici məntəqəyə gələrək, səslərini verdilər. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Məntəqəmizdə YAP, VHP, AVP və digər təşkilatların nümayəndələri, eləcə də beynəlxalq müşahidəçilər seçkilərin gedişini izləyirlər". Məntəqədə seçkiləri müşahidə edən SMT nümayəndəsi Cavid İbrahimov bildirdi ki, hər hansı bir qanun pozuntusu qeydə alınmayıb, seçicilər isə aktivlik nümayiş etdirir.
Seçicilər 12 saylı seçki məntəqəsinə gələrək, istədikləri namizədlərə səs verirdilər. Məntəqə sədri Fuad Tağızadə "Səs" qəzetinə bildirdi ki, günorta saatlarına qədər 1381 seçicidən 450-dən çoxu məntəqəyə gələrək, səs veriblər. Hazırda biz seçkinin gedişindən tam razıyıq. "YAP, AXCP (i), "MAP", "BQP"-dən olan müşahidəçilər məntəqəmizdə keçirilən səsvermə prosesini izləyirlər"- deyə məntəqə sədri əlavə etdi. Hakim Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Ədalət Əliyev bildirdi ki, müşahidə apardığı 12 saylı məntəqədə hər hansı bir qanun pozuntusuna rast gəlinməyib. Müxalifətdən olan müşahidəçilər də səsvermə prosesi zamanı hər hansı bir qanun pozuntusu ilə rastlaşmadıqlarını söylədilər. AXCP (i)-dən olan müşahidəçi Reyhan Məmmədova: "Müşahidə apardığımız dövrdə hər hansı bir qanun pozuntusu ilə rastlaşmamışam. Seçkilər normal şəraitdə keçirilir." "BQP"-dən olan müşahidəçi Fariz Cəlilov da səsvermə prosesinin normal şəraitdə keçirildiyini vurğuladı.
15 saylı Yasamal I seçki dairəsinə daxil olan məntəqələrdə də seçkilər seçicilərin aktivliyi şəraitində keçirilirdi. Seçki dairəsinin sədri Sərdar Süleymanov: "Dairəyə 30 seçki məntəqəsi daxildir. 15 saylı Yasamal seçki dairəsi ərazisində 40911 nəfər seçici qeydiyyata alınıb. 15:30-a olan məlumata görə, 10084 nəfərdən artıq seçici səsvermə prosesində iştirak edib. 15 saylı seçki dairəsinə daxil olan məntəqələr bütün lazımi avadanlıqla təchiz olunub. 30 məntəqəmizdən 6-da veb-kameralar quraşdırılıb. Bizim dairə üzrə 28 nəfər bələdiyyə üzvülüyünə qeydə alınıb. Bitərəf namizədlərlə yanaşı, YAP, VHP, "BAXCP" və Müsavat partiyasından bələdiyyə üzvülüyünə namizədlər irəli sürülüb. 15 saylı Yasamal I seçki dairəsində müstəqil müşahidəçilər, YAP, "BAXCP" və digər partiyaların müşahidəçiləri qeydiyyata alınıb. Ümumiyyətlə, bizim dairə üzrə 380 nəfər müşahidəçi qeydə alınıb.
Dairənin 12 saylı seçki məntəqəsində də seçicilərin aktivlik nümayiş etdirdiklərinin şahidi olduq. Məntəqə sədri Elmira Babayeva bildirdi ki, məntəqə üzrə 1350 seçici qeydiyyata alınıb. Səhər 11:00-a qədər 100 nəfərə yaxın seçici məntəqəyə gələrək, səs veriblər. 12 saylı məntəqədə 15 nəfər müşahidəçi seçki prosesini izləyirdi.
Müşahidə apardığımız digər məntəqlərdə də seçki fəallığı hiss olunurdu. 13 saylı məntəqənin sədri Cəmil Dadaşov, 9 saylı məntəqənin sədri Nüşabə Novruzova, 4 saylı seçki məntəqəsinin sədri Simuzər Zeynalovanın verdikləri məlumata görə, səsvermə prosesi zamanı hər hansı bir qanun pozuntusu qeydə alınmamışdır. Məntəqə sədrləri onu da qeyd etdilər ki, məntəqələr üzrə seçicilər aktivlik nümayiş etdiriblər.
15 saylı Yasamal I seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Əlixan Quliyev bildirdi ki, məntəqə üzrə 1437 seçici qeydiyyata alınıb. 11:30-a qədər 175 nəfər seçici səsvermə prosesində iştirak edib. "Məntəqəmizdə səsvermə prosesini müxtəlif partiyalardan olan müşahidəçilər izləyir"-deyə o, əlavə etdi. YAP-dan olan müşahidəçi Kutaya Əhmədova, "BAXCP"-dən olan müşahidəçi Əliyar Quluzadə bildirdilər ki, səsvermə prosesi şəffaf şəraitdə keçirildi.
Səsvermə prosesini izlədiyimiz 3 saylı seçki məntəqəsinin sədri Filman Qasımov, eləcə də, məntəqədə seçki prosesini izləyən müşahidəçilər- Vüqar İbrahimov (BAXCP), Zəka Həmzəyev ("VBP") seçki prosesi zamanı qanun pozuntusu ilə üzləşmədiklərini bildirdilər və qeyd etdilər ki, vətəndaşlar məntəqəyə gələrək, istədikləri namizədlərə səs verdilər.
15 saylı Yasamal I seçki dairəsinin 7, 6 və 5 saylı məntəqələrində də seçkilər düzgün, vətəndaşların aktiv iştirakı ilə yadda qaldı. 7 saylı seçki məntəqəsinin sədri Nəzifə Əliyeva, 6 saylı seçki məntəqəsinin sədri Lətafət Həsənova, 5 saylı seçki məntəqəsinin sədri Elmira Ələsgərova seçicilərin aktivliyini qeyd etdilər. YAP-dan olan müşahidəçi Azər Cəfərov, "BAXCP"-dən olan müşahidəçi Arif Bağıyev, "VBP"-dən olan müşahidəçi Bəhman Kərimov da səsvermə prosesinin demokratik şəraitdə keçirildiyini bildirdilər.
Beləliklə, ölkəmizdə növbəti dəfə demokratik, ədalətli, beynəlxalq hüquq normalarına uyğun seçki keçirildi.