Dekabrın 23-də respublikanın həyatında yeni bir ictimai-siyasi hadisə yaşandı. Azərbaycan ərazisində bələdiyyə seçkiləri keçirildi. Bütün seçkilərdə olduğu kimi, dünən də məntəqələrdə canlanma duyulmaqda idi. O cümlədən, Binəqədi rayon ərazisində də seçicilər məntəqələrə gedərək, öz namizədlərinə səs verməkdə fəallıq göstərirdilər. Bu ərazidə üç seçki dairəsi - 8 saylı Binəqədi 1-ci seçki dairəsində 34 məntəqə, 9 saylı Binəqədi 2-ci seçki dairəsi 32 məntəqə, 10 saylı Binəqədi 3-cü seçki dairəsində isə 35 məntəqə fəaliyyət göstərir.
Ərazi dairəsində yerləşən məntəqələrdə iştirak edib, seçki prosesinin gedişatı ilə tanış olduq.
10 saylı Binəqədi 3-cü seçki dairəsi
5 saylı seçki məntəqəsinin sədri Əsgər Məmmədov:
- Məntəqədə 1442 seçici qeydiyyatdadır. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün məntəqədə bütün şərait yaradılmışdır. Artıq məntəqədə ilk dəqiqələrdən seçici fəallığı hiss olunur. Məntəqədə prosesi onlayn rejimində izləmək üçün veb-kameralar quraşdırılmışdır. Seçkilərin gedişini izləyən müxtəlif partiyalardan olan nümayəndələr və müstəqil müşahidəçilər iştirak edirlər. Bələdiyyə seçkilərinin kifayət qədər yüksək fəallıqla təşkili onu göstərir ki, bu günə qədər seçicilərlə təbliğat-təşviqat kampaniyası mütəşəkkil şəkildə aparılmışdır.
Bələdiyyə seçkilərində qadınların və gənclərin namizədliyinə də üstünlük verilmişdir. Budəfəki seçkilərdə bələdiyyələrə ən layiqli namizədlər irəli sürülmüşdür. İnanırıq ki, seçicilər doğru seçim edib, layiqli namizədlərinə səs verəcəklər.
Ana Vətən Partiyası, müşahidəçi Zaur İsayev:
- Seçicilər fəallıq nümayiş etdirirlər. Azərbaycanda görülən işlər insanların rifahının daha da yaxşılaşmasına kömək etmişdir və seçicilər onlara yaradılan bu şəraiti nəzərə alıb, düzgün seçim etməyə çalışırlar.
YAP müşahidəçisi Vüqar Qocayev:
- 10 il fəaliyyət göstərən gənc qurum olan bələdiyyələr öz fəaliyyətləri ilə ictimai fikirdə müsbət rəy yaratdıqlarından, əhali arasında etimad qazanmışdılar. Seçicilər demokratik şəraitdə sərbəst seçimlərini edirlər. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Artıq seçicilər bu istiqamətdə maarifləndirilmişlər və düzgün seçim etmək iqtidarındadırlar.
YAP müşahidəçisi Qurban Qurbanzadə:
- Seçicilər ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verə biləcək namizədlərə səs verirlər. Əhali arasında heç bir çaşqınlıq yoxdur. Seçicilər namizədlərin seçimində sərbəstdirlər. Hər bir seçiciyə nəzarət edirik. Onlar, yəqin ki, xalqın etimadını doğrulda biləcək şəxslərə səs verəcəklər.
10 saylı Binəqədi 3-cü seçki dairəsi 4 saylı məntəqənin sədri Məlik Qəmbərov:
- Bugünkü reallıqlar onu göstərir ki, namizədlər bu günə qədər yerli əhali ilə daha sıx münasibətlər qurmağı bacarıblar. Gün ərzində keçirilən səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmamışdır və seçicilər şəffaf şəkildə istədikləri namizədə səs vermişlər. Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqəsində lazımi şərait yaradılmışdır.
Seçkilərin şəffaf keçirildiyini müşahidəçilər də təsdiqləyə bilərlər.
YAP müşahidəçi İradə Kərimova:
- Bələdiyyə seçkilərində fəallıq diqqətdən yayınmır. Seçicilər xalqın etimadını doğruldacaq namizədə səs verəcəklər. Həmişə olduğu kimi, bu seçkilərdə də seçicilər fəal iştirak edirlər.
Böyük Quruluş Partiyası Lalə Vəlizadə:
- Bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan daha fərqlidir. Burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər, əlbəttə, yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar. Bu baxımdan seçici namizədin platforması ilə tanışlıqdan sonra öz layiqli namizədəni təyin etmiş və məntəqəyə gələrək, tərəddüdsüz səsini verir.
9 saylı 2-ci Binəqədi seçki dairəsi 23 saylı məntəqənin sədri Zakir Səmədov:
- Məntəqəmizdə 1414 seçici var. Hər birinə bülleten paylanılıb. Bu günə qədər də əhali arasında təbliğat işləri aparılıb. Seçicilər tələb və istəklərini nəzərə alaraq, seçimini edir. Azərbaycandakı quruculuq işləri Binəqədi rayonunda da özünü göstərməkdədir. Bu gün rayonumuzda aparılan abadlıq və quruculuq işləri bizi də sevindirir, bu proseslərdə bələdiyyələrində iştirak edir. Namizədlər qələbə qazanacaqları təqdirdə seçicilərin etimadını doğrultmağa çalışacaqlar. Vətəni, dövləti sevən şəxs seçkilərdə fəal iştirak edir. Seçki hüququndan istifadə etməklə vətəndaşlıq mövqeyini ifadə edir və səsini layiqli namizədinə verir.
YAP-ın müşahidəçisi İsmayıl Məcidli:
- Səhər saat 8.00-da qanunvericiliyin tələbinə uyğun olaraq, məntəqə açılmış və fəaliyyətə başlamışdır. Bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar seçki məntəqəsi texniki avadanlıqla tam təmin olunmuşdur. Dairə seçki komissiyasında seçkiləri izləməkdən ötrü müşahidəçi qeydə alınmışdır və burada iştirak edirlər. Seçkinin gedişindən razıyıq. Seçkinin bütün qaydalarına əməl olunur.
Ana Vətən Partiyası Səidə Şərifova:
- Seçicilər məntəqəyə daxil olmamışdan, sol əlin baş barmağının üstü xüsusi cihazla yoxlanılır. Əgər barmaqda mürəkkəb yoxdursa, seçicinin məntəqəyə daxil olmasına icazə verilir. Barmağı mürəkkəblə işarələnən seçiciyə seçki bülleteni verilir. Bütün bunları namizədlərin müşahidəçiləri də izləyir və təsdiqləyirlər. Heç bir qanun pozuntusu baş verməmişdir. Burada da seçicilər mütəşəkkil qaydada səs verirlər.
9 saylı 2-ci Binəqədi seçki dairəsi 25 saylı məntəqənin sədri Oruc Həsənov:
- Azərbaycanda keçirilən bələdiyyə seçkilərə yerli və xarici müşahidəçilər nəzarət edirlər. Müşahidəçilər məntəqədə səsvermə başlamazdan öncə, görülən hazırlıq işləri ilə tanış oldular. Müşahidələr göstərdi ki, məntəqədə heç bir qanun pozuntusu aşkarlanmayıb, bülletenlər, seçki qutusu, eləcə də səsvermə kabinələri seçkiyə hazırdır. Onlara məlumat verildi ki, seçki məntəqəsində 1245 seçici var. Bələdiyyə üzvlüyü uğrunda namizədlər mübarizə aparır. Məntəqədə səsvermə hüququna malik seçici səs verəcək. Seçki məntəqəsi seçici fəallığı ilə diqqəti cəlb edir. Seçki prosesini izləmək üçün məntəqədə veb-kamera da quraşdırılıb.
YAP müşahidəçisi Avtandil Aslanov:
- Seçki demokratik və şəffaf keçirilir, qanun pozuntusuna yol verilməyib.
8 saylı Binəqədi 1-ci seçki dairəsi 27 saylı məntəqənin sədri Aybəniz Fərzəliyeva:
- Hazırda ölkəmizdə böyük ictimai-siyasi tədbir-bələdiyyə seçkiləri keçirilir. Hər yerdə bələdiyyələrə namizədlərlə görüşlər keçirilmişdir. Keçirilən bu görüşlərlə bağlı seçicilərdə fikir yaranıb. Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf prosesində bələdiyyələr də yaxından iştirak etməlidir. Azərbaycanda bələdiyyələr 10 illik fəaliyyəti dövründə müəyyən təcrübə qazanıb. Onlar insanların qaldırdıqları məsələlərin həllinə yardımçı olacaqlar. Seçki məntəqəsində seçicilərin fəallığı yüksəkdir. Vətəndaşlar sərbəst şəkildə səs vermələri üçün bütün zəruri şərait yaradılmışdır. Seçkilərin gedişini fasiləsiz izləyən yerli müşahidəçilər də məntəqələrə cəlb olunub.Heç bir qanun pozuntusuna rast gəlinməmişdir.
Müsavat Partiyasının müşahidəçisi Rauf Səlimov:
- Seçki prosesində qanun pozuntusuna rast gəlinməsə də, xırda texniki qusurlar müşahidə olunmaqdadır.
YAP müşahidəçi Aydın Həsənov:
- İndiyə qədər heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Məntəqələrdə yaradılan şərait seçkinin demokratik və şəffaf keçirilməsinə imkan verir.
8 saylı Binəqədi 1-ci seçki dairəsi 32 saylı məntəqəsinin sədri Şəfa Zeynalova:
- Məntəqəmizdə 1254 seçici var. Əvvəlki seçkilərdən fərqli olaraq, namizədlər arasında qadınlar və gənclərin sayı xeyli artmışdır. Seçkilərin azad və demokratik keçirilməsi üçün məntəqələrdə lazımi şərait yaradılmışdır. Səsvermənin gedişini ayrı-ayrı siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından olan müşahidəçilər izləyir. Kampaniyaya mütəşəkkil hazırlıq görülmüşdür. Seçici siyahıları dürüstləşdirilmiş, komissiya üzvləri təlimatlandırılmış, ilk dəfə səs verən seçicilərin maarifləndirilməsi məqsədilə treninqlər keçirilmişdir.
Seçici Mehri Məmmədova:
- Seçkilər demokratik keçirilir. Bu günə qədər əhali arasında böyük təbliğat aparılmış, namizədlərlə fərdi qaydada tanış olmuşuq. Buna görə də biz seçicilər çətinlik çəkmədən namizədimizə səs veririk.
Müstəqil müşahidəçi Gülafərin Əmrahova:
- Səhər saat 8-də bütün seçki məntəqəsində səsverməyə start verilib. Seçki məntəqəsi texniki avadanlıqla təmin olunub. Səsvermə Seçki Məcəlləsinə uyğun həyata keçirilir, bu saatlara qədər heç bir qanun pozuntusu qeydə alınmayıb.
8 saylı Binəqədi 1-ci seçki dairəsi 31 saylı məntəqənin sədri Sadəgül Həsənova:
- Məntəqəmizdə 844 seçici qeydə alınıb. Seçkilərə start veriləndən indiyədək məntəqələrdə hər hansı bir pozuntu qeydə alınmamış və proseslər qanunauyğun gedir. Bələdiyyə seçkisində seçicilərin fəallığı normal şəraitində davam edir. Seçki prosesini həm yerli, həm də əcnəbi müşahidəçilər izləyir. Seçki prosesini müxtəlif siyasi partiya və hərəkatları, qeyri-hökumət təşkilatlarının və bitərəflər təmsil edən müşahidəçilər izləyir. Səsvermədə iştirak edən seçicilərdə də böyük ruh yüksəkliyi müşahidə olunur. Seçicilər bələdiyyə seçkilərinin demokratikliyindən razılıqla danışaraq, siyasi fəallıqlarını ölkəmizin gələcək inkişafı qarşısında vətəndaşlıq borclarının yerinə yetirilməsinin nümunəsi kimi qiymətləndirdilər.
Müstəqil müşahidəçi Sevil Novruzova:
- Seçki məntəqəsində heç bir qanun pozuntusuna yol verilməyib, səsvermənin tam şəffaflığı üçün hər cür şərait yaradılıb.