“Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir”
Dünən Azərbaycan Respublikasının BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi üzrə Komitəsinə təqdim etdiyi son hesabat və komitənin Yekun Tövsiyələrinin geniş ictimaiyyətə çatdırılması üzrə dəyirmi masa keçirildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirə Milli Məclisin deputatları, dövlət qurumları və QHT-lərin təmsilçiləri qatıldı.
Dəyirmi masada Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova məruzə ilə çıxış edərək, iştirakçıları qarşıdan gələn Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi. O, başa çatmaqda olan 2009-cu ilin ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycanda "Uşaq ili" elan edilməsi ilə əlamətdar olduğunu diqqətə çatdırdı: "Bu gün uşaqlarımız dövlət qayğısı ilə əhatə olunublar. 2009-cu ilin "Uşaq ili" elan olunması və belə bir ilin qeyd edilməsi dünya ölkələri arasında yalnız bizim ölkəmizdə həyata keçirilir".
E.Süleymanova uşaq hüquqlarının müdafiəsinin ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-uşaq siyasətinin uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəldiyini söylədi. Qeyd edərək vurğuladı ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətində uşaq problemlərinin həllinə böyük önəm verilir. Ombudsman ölkəmizdə regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirilməsinin, yoxsulluğun minimuma endirilməsinin, 750 min yeni iş yerinin açılmasının, əhalinin məşğulluğunun təmin edilməsinin insan hüquqlarının, o cümlədən, uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, ümumən ailənin, o cümlədən, qadınların inkişafı üçün etibarlı zəmin yaratdığını qeyd etdi. Həmçinin, o, ana və uşağın bir-birindən ayrılmaz olduğu, bu baxımdan qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlərin uşaqlara qarşı zorakılıqla mübarizə tədbirləri ilə paralel aparılmasının zəruriliyini diqqətə çatdırdı.
Ombudsman bildirdi ki, ailələrin dağılmasının qarşısının alınması məqsədilə mediatorluq institununun formalaşdırılması və inkişaf etdirilməsinə ehtiyac duyulur, bu institut bir çox hallarda effektiv barışıq vasitəsi kimi istifadə oluna bilər. O, çox vaxt zorakılıq hallarına diqqət yetirildiyini, lakin zorakılıq törədənlərlə zəif iş aparıldığını, onların düzgün yola qaytarılması, reabilitasiyası istiqamətində tədbirlərin genişləndirilməsini önə çəkdi.
E.Süleymanova uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsinin, "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasının sürətləndirilməsinin zəruriliyini millət vəkillərinin diqqətinə çatdırdı. Müvəkkil onu da vurğuladı ki, məişət, ailə zorakılığının bəzən ağır nəticələr verdiyi, boşanma hallarının artdığı, davamlı zorakılığa məruz qalan qadınlar özlərinə qəsd edir, cinayət törədərək, həyat yoldaşlarını qətlə yetirirlər. Həmin qadınlar bu halların səbəblərini ailə zorakılığı, məişət zəminində münaqişələr, daim təhqir olunmaları və döyülmələri ilə izah edirlər. Müvəkkil məişət zorakılığı üzrə hazırlanmış qanun layihəsinin, həmçinin, "Reproduktiv sağlamlıq haqqında qanun"un onun təklifləri də nəzərə alınmaqla, geniş müzakirə edilərək, yaxın gələcəkdə Milli Məclis tərəfindən qəbul olunacağına inandığını da bildirdi.
Ombudsman, həmçinin, bildirdi ki, ölkə Prezidentinin tövsiyəsi üzrə 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan olunması, insanların konstitusion hüquqlarından olan sağlam ətraf mühitdə yaşamaq hüququnun daha səmərəli həyata keçirilməsi ilə bağlı təsisatda Tədbirlər Planının hazırlandığını və bu istiqamətdə silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırmış və dövlət qurumlarını, vətəndaş cəmiyyətini regionlarda bu sahədə birgə tədbirlər keçirməklə əməkdaşlığa dəvət etdi.
Sonda dəyirmi masa iştirakçılarının təklif və tövsiyələri dinlənildi.