PDF Oxu

Əsas

  • 16

Dərbənd şəhərinin mərkəzi küçələrindən birinə Ümummilli Liderin adı veriləcək

Dərbənd şəhərinin mərkəzi küçələrindən birinə Ümummilli Liderin adı veriləcək

Dərbənd şəhərində "5000 il yaşı olan Dərbəndin Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq tarixində yeri və rolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Dərbənd şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Dərbənd şəhəri və onun əhalisi qarşısında böyük xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin adının verilməsi üçün şəhər rəhbərliyinə müraciət qəbul olunub.

Ümumrusiya Azərbaycan Konqresinin Dağıstan regional bölməsinin, Dərbənd şəhər Mədəniyyət İdarəsinin, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının təşkilatçılığı ilə Azərbaycanın şimal qapısı sayılan Dərbənd şəhərinin Maqal adlanan hissəsində Narın Qalanın lap yaxınlığında yerləşən gimnaziyada keçirilən "5000 il yaşı olan Dərbəndin Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq tarixində yeri və rolu" mövzusundakı beynəlaxalq elmi-praktiki konfransa maraq həddindən artıq böyük idi.
Tədbirdə Dərbənd şəhərinin meri Feliks Kaziaxmedov, Dərbənd rayonunun icra hakimiyyətinin başçısı Qurban Qurbanov, Dağıstan və Azərbaycanın tarixçi alimləri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Beynəlxalq konfransın dinləyiciləri isə Dərbəndin orta və ali məktəblərinin tarix və ana dili müəllimləri olublar.
Tədbirdə Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin sədri Seyran Rəhimov çıxış edərək, bu beynəlxalq elmi-praktiki konfransın keçirilməsinin məqsədi və əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Dərbənd şəhər 3 saylı gimnaziyanın şagirdlərinin hazırladığı bədii kompazisiya alqışlarla qarşılanıb.
Konfransda öncə, bu yaxınlarda Rusiyada nəşr edilmiş, dərbəndli diyarşünas Hüseynbala Hüseynovun tərtib etdiyi, dağıstanlı alimlərin, o cümlədən, Dərbənd şəhərinin meri Feliks Kaziaxmedovun da daxil olduğu redaksiya heyəti tərəfindən hazırlanmış "Dərbənd şəhərinin ensiklopediyası" kitabının təqdimat mərasimi keçirilib. Çıxış edənlər qeyd ediblər ki, bu kitabda qədim Azərbaycan torpağı olan Dərbəndin tarixi, tanınmış simaları, o cümlədən, görkəmli dövlət xadimi Əziz Əliyev haqqında ensiklopedik məlumatlar öz əksini tapıb. Təqdimat mərasimində çıxış edənlər bildirdilər ki, kitabda Dərbənddə Azərbaycan tarixinin müxtəlif dövrlərində baş vermiş hadisələr haqqında olan məlumatlar diqqətlə qarşılanacaq, dərbəndlilərin mübarizliyi, dönməzliyi barədə yazılanlar isə geniş oxucu kütləsinin, heç şübhəsiz, marağına səbəb olacaq. İştirakçılar 552 səhifədən, unikal fotolardan ibarət olan kitabın nəfis şəkildə nəşr olunmasını xüsusi vurğuladılar.
"5000 il yaşı olan Dərbəndin Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq tarixində yeri və rolu" mövzusunda keçirilən beynəlaxalq elmi-praktiki konfransda Dərbənd şəhərinin meri Feliks Kaziaxmedov çıxış edərək, son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedevin səyləri nəticəsində inkişaf edən iki ölkənin dostluq əlaqələrindən danışdı. Bu münasibətlərdə Dağıstanın, xüsusilə Dərbəndin böyük payı olduğunu bildirdi.
Beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdirləri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin "XVIII əsrdə Azərbaycan və Dağıstanın əlaqələrində Dərbəndin rolu", tarix elmləri namizədi Hacı Həsənovun "XIX əsrin sonu, XX əsrin əvvəllərində Dağıstan və Azərbaycan xalqlarının ictimai-siyasi, sosial-iqtisadi əlaqələrinin tarixindən", Dərbənd Mədəniyyət İdarəsinin müdiri, diyarşünas Hüseynbala Hüseynovun "Dərbənd-qədim oğuz eposu Kitabi-Dədə Qorqudun vətəni", Dağıstanın xalq müəllimi, tarix elmləri doktoru Şərafəddin Əhmədovun "1942-1948-ci illərdə Azərbaycan və Dağıstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində Əziz Əliyevin rolu", fəlsəfə elmləri namizədi Gülçöhrə Seyidovanın "Dərbənd və Azərbaycanın mənəvi əlaqələrinin tarixi" mövzularında etdikləri məruzələr və digər iştirakçıların çıxışları böyük marağa və diqqətə səbəb oldu.
Beynəlxalq elmi-praktiki konfransın yekununda Dərbənd şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri, Dərbənd şəhəri və onun əhalisi üçün böyük xidmətləri olmuş Heydər Əliyevin adının verilməsi üçün şəhər rəhbərliyinə müraciət qəbul olundu.

Digər xəbərlər