Yeni Azərbaycan Partiyasına xalq dəstəyi güclüdür
Dünən Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fuad Orucov rayon təşkilatının 5000 üzvünün olduğunu və bələdiyyə seçkilərində partiyanın 350 üzvünün namizədliyinin irəli sürüldüyünü söylədi.
F.Orucov seçkilərə hazırlıq işlərinin sistemli şəkildə aparıldığını və bununla bağlı qərargah yaradıldığını bildirdi. YAP Quba rayon təşkilatının sədri bələdiyyə siyasətində qadınların rolunun artırılmasının vacib olduğunu və bələdiyyələrə namizədlikləri irəli sürülənlərin 50 faizinin qadınlardan, 35 faizinin isə gənclərdən ibarət olduğunu söylədi. "Seçki siyahılarının dəqiqləşdirilməsi və bələdiyyə seçkilərinin də, parlament, prezident seçkiləri kimi, rayonumuzda yüksək səviyyədə keçirilməsi üçün ən zəruri işlər həyata keçirilir" deyən F.Orucov bu seçkinin də tam demokratik və şəffaf formada keçiriləcəyinə əminliyini ifadə etdi.
F.Orucov bələdiyyə seçkilərinin digər seçkilərdən fərqləndiyin bildirdi: "Bu baxımdan seçici yaşadığı ərazidə onun problemlərini həll edə biləcək şəxsi bələdiyyə üzvlüyünə seçir. Əgər kəndlərin problemləri həll olunarsa, onda rayonun problemi olmaz. Rayonun problemi olmazsa, respublikanın problemi olmaz".
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, millət vəkili Əli Hüseynov çıxışında bələdiyyə seçkilərinin qanunvericiliyinin tələblərinə uyğun uğurla başa çatacağına inandığını bildirdi: "Bu gün əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasını işə məsuliyyətlə yanaşmadan azad etmir. Əksinə, partiyamız hər bir seçkidə ortaya yeni texnologiya qoymağa çalışır ki, seçkilər daha şəffaf, ədalətli və demokratik keçirilsin. Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışmalıdır".
Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdə xüsusi nüfuza və hörmətə malik olduğunu söylədi: "YAP-ın irəli sürdüyü namizədlər də xalqın rifahı üçün çalışacaq. YAP-ın qələbəsi hamımızın qələbəsi olacaq".
Ə.Abıyev YAP-ın sıralarında gənclərin və qadınların xüsusi çəkisinin olduğunun və bunun ictimaiyyət tərəfindən müsbət qiymətləndirildiyini vurğuladı: "Partiya tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülən namizədlərin 30-40 faizinin qadın olması bunun bariz nümunəsidir. Seçkilərin mühüm mərhələsi olan seçicilərlə görüşlər zamanı bir daha bunun şahidi oluruq. Eyni zamanda, keçirilən görüşlərin böyük əhəmiyyəti var. Çünki bu görüşlər zamanı seçicilər öz fikirlərini söyləyir, seçəcəkləri namizədlə daha yaxından tanış olurlar. Seçiləcək namizədlər də ölkədə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial-məişət qayğılarının həllində məsuliyyət hissini hiss edirlər".
Ə.Abıyev onu da qeyd etdi ki, əvvəlki seçkilər kimi, bu seçkilərin də şəffaf və demokratik şəraitdə baş tutacaq: "Bu gün müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Bu istiqamətdə, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda təbliğ olunmaqdadır. Məhz bunun nəticəsidir ki, ötən prezident, parlament seçkilərini uğurla başa vuran Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr qurumun ictimaiyyət arasında nüfuzunu, çoxsaylı sosial bazasının olduğunu göstərdi. Xalqın yüksək inamını və etimadını qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən dəstəklənəcəyinə inanırıq".
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirdi. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisatın olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericilik bazası kifayət qədər mükəmməldir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən Ş.Hacıyev qeyd etdi ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: "Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi onun Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır".
Ş.Hacıyev Quba seçicilərinin həmişə siyasi proseslərdə fəal iştirak etdiklərini və dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçiriləcək seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi.
Sonda YAP-ın səlahiyyətli nümayəndələri namizədlərə vətəndaşlarla təmasların qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması haqqında tövsiyələrini çatdırdılar.