Xalqın istəyini tərənnüm edən partiya
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Yevlax rayon mədəniyyət evində seçicilərlə növbəti görüş keçirdi. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov Azərbaycanda bələdiyyələrin yaranma tarixindən danışdı.
1999-cu ildə bu struktur yaradılarkən, ölkədə 2669 bələdiyyənin fəaliyyət göstərdiyini deyən partiyanın rayon təşkilatının sədri bu il aparılan islahat nəticəsində kiçik bələdiyyələrin birləşdiyini və onların sayının 1766-ya endirildiyini söylədi: "Dekabrın 23-də növbəti beşillik üçün bələdiyyələr seçiləcək. Yeni Azərbaycan Partiyası, hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən Ümummilli Lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir".
Yeni Azərbaycan Partiyasının bu seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə getdiyini qeyd edən İ.Məmmədov YAP Yevlax rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar gördüyü tədbirlərdən danışdı. Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı məlumat verən İ.Məmmədov bildirdi ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən tənzimlənir: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Yeni Azərbaycan Partiyası 2009-cu il bələdiyyə seçki kampaniyasını da "Xalqa xidmət naminə" şüarı altında aparır. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. İnanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri, Yeni Azərbaycan Partiyasının şüarında qeyd olunduğu kimi, var gücü ilə xalqına xidmət göstərəcək".
Görüşdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Jalə Əliyeva yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirdi. Onun sözlərinə görə, ölkəmizdə bələdiyyələrin yeni təsisat olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericlik bazası kifayət qədər mükəmməldir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən J.Əliyeva xüsusi vurğuladı ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: "Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi YAP-ın Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır".
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Musa Quliyev çıxışında bildirdi ki, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar. M.Quliyevin fikrincə, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Yevlax rayon seçiciləri yüksək fəallıq göstərəcək.
M.Quliyev bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsinin labüd olduğunu söylədi: "Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalqa xidmət naminə" proqramı ilə gedir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışmalıdır. İnanırıq ki, xalqın yüksək inamını və etimadını qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən dəstəklənəcəyinə inanırıq".
Tədbirdə YAP-ın səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru və "SİA"-nın baş direktoru Bəhruz Quliyev çıxış edərək yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələrin qoyduğunu bildirdi.
B.Quliyev çıxışında 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi zamanı Konstitusiyada bələdiyyələrin statusu, səlahiyyətləri ilə bağlı demokratik dəyşikliklərdən söhbət açdı. Bildirdi ki, Konstitusiyada edilən bu dəyişiklik bələdiyyələrin səlahiyyətlərini daha da artırıb və özünüidarəetmə strukturu ərazilərin quruculuq-abadlıq işlərində, əhalinin sosial durumlarının daha da yaxşılaşdırılmasında yeni imkanlar əldə ediblər: "Yerli özünüidarəetmə qurumları əhalinin maraq və mənafeyini yerinə yetirməkdə müəyyən işlər həyata keçirməlidir. Builki seçkilərdə YAP namizədlərinin sayının ötən seçkilərə nisbətən daha çox olması və əhalinin seçkilərə xüsusi diqqət yetirməsi bələdiyyə üzvlərinin üzərinə daha böyük məsuliyyət qoyur".
B.Quliyev builki seçkilərdə, əsasən, gənclərə və qadınlara üstünlük verildiyini söylədi: "Hər iki təbəqə cəmiyyətdə böyük potensiala malikdir. Qadınlar ölkənin ictima-siyasi həyatında fəal rol oynayırlar. Eyni zamanda, onların dövlət strukturlarında təmsilçiliyi də qənaətbəxşdir. Belə olan halda, bələdiyyələrdə də qadınların yüksək göstəricilərlə təmsilçiliyi vacibdir. Yevlax seçicilərinin seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əminik".
Sonra YAP-ın səlahiyyətli nümayəndələri namizədlərə vətəndaşlarla təmasların qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması haqqında tövsiyələrini çatdırdılar.