YAP bələdiyyə seçkilərinə fəal hazırlaşır
Bələdiyyə seçkilərinə hazırlıqla bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən YAP Xətai rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya tərəfindən Xətai bələdiyyəsinə irəli sürülən namizədlərlə seçicilərin növbəti görüşünü keçirdi.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd etdi ki, Xətai bələdiyyəsinə partiya tərəfindən 19 namizəd irəli sürülüb. Ümumilikdə, iddialıların sayı 119 nəfərdir. Bu faktın özü ölkəmizdə demokratiyanın mövcudluğunun təsdiqidir. Hər bir kəs fərdi, yaxud partiya tərəfindən namizədliyinin irəli sürülməsinə təşəbbüs göstərir. Onların hər birinə təbliğat-təşviqat kampaniyalarını yüksək səviyyədə qurmaları üçün eyni şərait yaradılır. Xətai bələdiyyəsinə irəli sürülən namizədlər arasında müxtəlif partiyaların təmsilçiləri də vardır.
19 yer uğrunda 119 namizədin mübarizəyə qoşulması səsvermə prosesində seçicilərdən daha fəal olmağı tələb edir. Təbii ki, hər namizədin nüfuzu, gördüyü işlər onun qələbəsində mühüm rol oynayan amillərdəndir.
Bu fikir də xüsusi vurğulandı ki, bələdiyyə seçkilərinin prezident və parlament seçkilərindən fərqli xüsusiyyətləri var. Bələdiyyə üzvlüyünə namizədlər yaşadıqları ərazilərdən irəli sürülür. Hər bir rayon sakini həmin namizədin hansı nüfuza malik olduğunu yaxşı bilir. Bu isə səsvermə prosesində seçicilərin seçimlərinə öz müsbət təsirini göstərir.
Bu gün seçicilərin qarşısında dayanan əsas vəzifə səsvermə prosesində fəallıq nümayiş etdirib, xalqa xidmət naminə ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan, apardığı siyasətin əsasında dövlətə, xalqa xidmət dayanan partiyanın irəli sürdüyü namizədə dəstək olmaq, ona səs verməkdir.
Bu gün ölkəmizin hər bir sahədə inkişaf, tərəqqi dövrünü yaşadığı YAP-ın seçki proqramında da öz əksini tapıb. İqtisadi tərəqqi bütün inkişafın əsasıdır. İqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alan Azərbaycan əldə olunan uğurlarla kifayətlənmir, gələcəyə daha böyük inamla irəliləyir. Bunun üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti yüksək səviyyədə dərk etməyə səy göstərməlidir. H.Mirələmov seçiciləri səsvermə prosesində fəal olmağa çağırdı.
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bələdiyyələrin keçdiyi inkişaf yolundan, ötən 10 ildə əldə etdiyi təcrübələrdən bəhs etdi. Bildirdi ki, bələdiyyə institutunun yeni formalaşmasına baxmayaraq, qısa müddətdə müəyyən təcrübələr qazanıb. Bu təcrübə yerli özünüidarəetmə orqanlarının illər keçdikcə daha təkmilləşmələrinə, səlahiyyətləri daxilində görəcəkləri işlərin miqyasının genişlənməsinə stimul verəcək.
Səlahiyyətli nümayəndə qarşıda duran vəzifələrin yerinə yetirilməsində bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini bildirdi. Qeyd etdi ki, bələdiyyələrin inkişafı istiqamətində atılan addımlar təqdir olunur. Qəbul olunan qanunlar, imzalanan fərman və sərəncamlar onların inkişafına zəmin yaradır.
V.Rəhimzadə 18 mart ümumxalq səsverməsində Konstitusiyaya edilən əlavə və dəyişikliklər arasında bələdiyyələrin səlahiyyətlərinin artırılmasına xidmət edən dəyişikliyi xüsusi olaraq diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan bələdiyyəsi hazırda inkişaf dövrünü yaşayır.
Səlahiyyətli nümayəndə vurğuladı ki, "Xalqa xidmət naminə" şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbə qazanmasının əsasında xalqın Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqəti, həyata keçirilən siyasətin gələcəyinə böyük inamı dayanır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin, hər bir vədinin arxasında konkret əməli işin dayanmasının nəticəsidir ki, Azərbaycan ən yüksək zirvələri fəth edir.
Namizdlərdən Məlakət Abdulova, Arif Abbasov, Rövşən Məmmədov, Maqsud Nəcəfov çıxış edərək, ölkəmizin bugünkü inkişafının 23 dekabr bələdiyyə seçkilərinin ictimai-siyasi ab-havasını formalaşdırdığını diqqətə çatdırdılar. Bildirildi ki, YAP-ın seçki proqramının əsas hədəfi bu inkişafı daha da sürətləndirmək, vətəndaşların rifahını daha da yüksəltməkdir.
Namizədlər platformalarını seçicilərə açıqladılar, görəcəkləri işlər barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, partiyanın seçki proqramında da bu müddəalar öz əksini tapıb. Quruculuq və abadlıq işləri, təhsil, mədəniyyət və humanitar, demokratiya, sosial-iqtisadi inkişaf, infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində görüləcək işlər ətraflı qeyd edilib. Təbii ki, məqsəd bələdiyyənin imkanları daxilində qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə nail olmaqdır.
Gənc namizəd Könül Abbasova çıxışında dövlətimizin gənclərə diqqət və qayğısından bəhs etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir" fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın gələcəyi naminə gənclərin potensialından səmərəli istifadə etmək lazımdır. Gənclər böyük qüvvədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirmələrinə xidmət edən Dövlət Proqramı, eyni zamanda, gənclərin dövlət idarəçiliyində irəli çəkilmələrinə göstərdiyi diqqət və qayğı gənclərdə böyük ruh yüksəkliyi yaradır, daha səylə çalışmaların stimul verir.
K.Abbasova bələdiyyə seçəkilərində Ulu Öndər Heydər Əliyevin yarıdıcısı olduğu, hazırda Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlər arasında gənclərə böyük üstünlük verməsini də gənclərə diqqətin bariz nümunəsi kimi qeyd etdi.
Gənc namizəd seçkilərdə uğur qazandığı təqdirdə, göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldacağını bildirdi.
Seçicilərdən Gülşən Fərzəliyeva, Səlim Səlimov, Zərifə Hacıyeva, Tünzalə Rzayeva çıxış edərək, namizədlərə uğurlar arzuladılar.
Sonda namizədlər seçiciləri maraqlandırın sualları cavablandırdılar.