PDF Oxu

Əsas

  • 19

Bələdiyyələr vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafını sürətləndirir

Bələdiyyələr vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafını sürətləndirir
Dünən Binəqədi rayon təşkilatında 6-cı mikrorayon sakinləri ilə Binəqədi rayon bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş nümayəndələrlə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, rayon bələdiyyəsinə partiya tərəfindən 19 nəfərin namizədliyi irəli sürülüb. Təşkilat seçkilərə hazırlığını YAP-ın Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun şəkildə davam etdirir. Qarşıdan gələn bələdiyyə seçkilərində rayonda fəaliyyət göstərən 5 bələdiyyəyə partiya tərəfindən 73 nəfərin namizədliyi irəli sürüldüyünü qeyd edən sədr əlavə edərək, bildirdi ki, partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, partiya tərəfindən irəli sürülmüş namizədlərin 50 faizinə qədərini qadınlar və gənclər təşkil edir. Qeydə alınan namizədlərin əksəriyyəti ali təhsillidir. N.Xəlilov partiyanın seçkilərə hazırlığının çox yüksək səviyyədə olduğunu söyləyərək, görülən işlər yekunda müsbət nəticələnəcəyinə əminliyini bildirdi. O, qeyd etdi ki, rayon ictimaiyyəti daim dövlətimizin taleyüklü məsələlərində xalqımızla həmrəylik nümayiş etdirib. N.Xəlilov, eyni zamanda, Binəqədi rayon sakinlərinin seçkilərdə hər zaman böyük fəallıq nümayiş etdirəcəyini diqqətə çatdıraraq, qarşıdan gələn bələdiyyə seçkilərində də bu fəallığın təkrarlanacağına əminliyini ifadə etdi. 23 dekabr bələdiyyə seçkilərində iştirak etməyə xalqımızın layiqli namizədlərinə səs verməyə çağırdı. Sonra təşkilat sədri bələdiyyə seçkilərinin prezident, parlament seçkilərindən fərqliliyini diqqətə çatdıraraq, bildirdi ki, əgər bu seçkilərdə partiya tərəfindən 19 nəfərin namizədliyi irəli sürülübsə, 19-na da səs verilməlidir, əks halda, səslər etibarsız sayılacaq.
Tədbirdə çıxış edən partiyanın səlahiyyətli namizədi, millət vəkili Rafael Cəbrayılov Konstitusiyamızda yerli özünüidarənin təşkili məsələləri öz əksini tapmışdır. İlk dəfə olaraq, respublikamızda "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Qanunlar və digər normativ hüquqi sənədlər işlənib hazırlandı. 1999-cu ildə respublikamızda ilk dəfə olaraq, bələdiyyə seçkiləri keçirildi. Hüquqi-demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biri kimi respublikamızda dövlət siyasətinin əsas məqsədi hər bir inzibati ərazi vahidində əhalinin özünün inkişafı, özünün reallaşması və öz bacarığını, potensialını ərsəyə gətirmək üçün imkan yaradılması ilə səmərəli yerli özünüidarə sisteminin formalaşdırılmasıdır.
Millət vəkili yerli özünüidarə sisteminin yaradılmasının respublikamızda həyata keçirilən demokratik, siyasi digər islahatlarla paralel olaraq başlanıldığını qeyd etdi. O bildirdi ki, bütün demokratik ölkələrdə bələdiyyələr fəaliyyət göstərir. Bu demokratik cəmiyyətin, vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafına təkan verir. Dövlətimizin siyasətinin əsas məqsədi olan səmərəli yerli özünüidarəetmə sisteminin formalaşdırılması məhz bu beynəlxalq təcrübələrə uyğun gəlir.
Millət vəkili ötən dövr ərzində bələdiyyələrin fəaliyyətinə nəzər salaraq, qeyd etdi ki, bu sahədə kifayət qədər irəliləyişlərə nail olunub. Bələdiyyələr bu dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak edərək, quruculuq-abadlıq sahələrinin müxtəlif istiqamətlərində işlər görmüşlər.
Artıq respublikamızda 3-cü bələdiyyə seçkiləri keçirilməkdədir. Bəldiyyələrin fəaliyyəti zamanı bələdiyyələrlə əhali arasında daha sıx qarşılıqlı münasibətlərin qurulması vacibdir. Bələdiyyə idarəçiliyi sahəsində kifayət qədər irəliləyişlər baş vermiş, müəyyən uğurlar əldə edilmişdir. R.Cəbrayılov yeni seçiləcək namizədləri əhalinin problemləri ilə yaxından tanış olmağa çağıraraq, eyni zamanda, seçicilərə onların problemlərini həll edə biləcək namizədlərə səs verməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Madar Musayev bələdiyyə seçkilərinin mahiyyətindən danışaraq, bildirdi ki, bələdiyyələrə keçirilən ilk seçkilərdən sonra bu institut, faktiki olaraq, fəaliyyətə başlayıb. Cəmiyyətimizdə bələdiyyələrin müəyyən dərəcədə nüfuzları artmış, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraqlar yaranmışdır. Bu, növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayının çoxluğunda özünü aydın göstərir. Növbəti mərhələ üçün bütün bu əsaslara, əldə olunan təcrübəyə söykənərək, yeni təşkil olunan bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli, maliyyə imkanlarını artırmalı, səlahiyyətlərindən istifadə edərək, demokratik idarəetmə sistemini təkmilləşdirməli, əhali və dövlət orqanları ilə sıx təmasda olaraq fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.
Millət vəkili qeyd etdi ki, yeni seçilən namizədlər seçildikləri ərazinin problemlərinə yaxından bələd olmalıdırlar. Nəzərə almaq lazımdır ki, onun özü elə həmin ərazidə yaşayır, hər gün həmin problemləri öz həyatında hiss edir. Bələdiyyələr öz üzərilərində cavabdehlik və məsuliyyət daşımalıdırlar. Yerli özünüidarəetmə orqanına seçilən şəxslər həmin ərazidə yaşayan insanlar, ona səs verən seçicilər qarşısında birbaşa məsuliyyət, cavabdehlik daşıyır. Əhalinin problemləri ilə yaxından tanış olan bələdiyyələr seçicisini razı salmağa mütləq borcludur. M.Musayev sakinləri seçkilərdə iştirak etməyə dəvət edərək, işin öhdəsindən gələ biləcək namizədləri dəstəkləməyə çağırdı.
Tədbirdə çıxış edən partiya tərəfindən namizədlikləri irəli sürülən Qəhrəman Qəhrəmanov, Məlahət Hüseynova və başqaları çıxış edərək, görəcəkləri işlərdən, seçildikləri ərazilərin problemlərinə vicdanla yanaşacaqlarına, xalqa gərəkli insanlar olacaqlarını söz verdilər.
Seçicilər öz çıxışlarında, əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləridə də yüksək fəallıq nümayiş etdirməklə, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbələrinin təmin edilməsinə və onun namizədlərini dəstəkləyəcəklərini bildirdilər.

Digər xəbərlər