Dekabrın 12-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın "Unudulmaz görüşlər" kitabının təqdimat mərasimi keçirildi.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdi, məzarı önünə əklil və qızılgül dəstələri qoydular. Görkəmili oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı.
Sonra "Hyatt Recency" otelinin "Quba" zalında YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və ziyalıların iştirakı ilə davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirdi ki, dövlət başçısına olan hörmət və ehtiram hər bir millətin siyasi mədəniyyətinin kamilliyini göstəricisidir: "Azərbaycan xalqı, on millərlə insan Ulu Öndər Heydər Əliyevin uyuduğu Fəxri Xiyabana gələrək, Ona hörmətini və ehtiramını bildirməklə, öz mənəvi kamilliyini ifadə edir. Hər bir millət keçmişinə hörmət bəslədikdə, onun gələcəyi parlaq olur. Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişi deyil, ölkəmizin bugünkü uğurları və perspektivləri Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevə və Onun xatirəsinə hörmət təkcə anım günlərində deyil, bunun bir ifadəsi də xatirəsinə həsr olunan kitabların nəşr olunması və gələcək nəsillərə çatdırılan səlnamələrin yaradılmasıdır."
"Ümummilli Lider haqqında çox kitablar yazılıb və bundan sonra da yazılacaq. Bu, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə deyil, Onun şəxsiyyətinin miqyası, dünyagörüşünün genişliyi və Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır" söyləyən Ə.Əhmədov qeyd etdi ki, hər bir kitabın dəyəri üç əsas amildən asılıdır: "Mövzu, məzmun və müəllif. Heydər Əliyev mövzusunun həm elmi tədqiqatlar, həm də bədii əsərlər üçün çox maraqlı olduğunu sübut etməyə ehtiyac yoxdur. Onun haqqında çoxlu sayda kitabların yazılması Heydər Əliyev şəxsiyyətinin bir mövzu olaraq necə cəlbedici olduğunundan xəbər verir. Kitabın məzmunu maraqlı, əhatəli və cəlbedici olmasa, o nəşrin dəyəri haqqında danışmaq mümkün deyil. Nəhayət, hər bir sözün dəyəri o sözün sahibinin hörmətindən, nüfuzundan asılı olur. Bu parametrlərdən yanaşdıqda, təqdimatına toplaşdığımız və Anarın müəlifi olduğu "Unudulmaz görüşlər" kitabının dəyərinin böyük olduğu fikrinə gəlmək olar. "Bu kitab xatirə sisiləsindən olan bir kitabdır. Amma bu, sadəcə olaraq, xatirə deyil, bu kitabın işıq üzü görməsində Anarın daha böyük məqsəd və vəzifəni qarşıya qoyduğunu düşünmək istərdik. Kitabı oxuyanda Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ifadələrindən olan şəxsiyyət sadəliyini açıq şəkildə duyuruq və o təxayüldən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün dərk edilməsi cəhdi göstərilib. Böyük şəxsiyyətin böyüklüyü onun sadəliyində ifadə olunur. Kitabda Heydər Əliyev dövrünün mədəni intibahının və sürətli inkişafının anatomiyasının açılması cəhdi göstərilir. Başqa bir niyyət "Dövlət rəhbərinin mədəniyyətə və bu mədəniyyətin ağırlığını öz üzərində daşıyan xadimlərə hörməti necə olmalıdır" sualına cavabın axtarılmasındadır."
"Kitabda böyük bir tərbiyəvi-mənəvi yükü də açıq-aydın görürəm" fikrini ifadə edən YAP Sədrinin müavini bildirdi ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri arasında mədəniyyətə, incəsənətə və bu sahənin xadimlərinə böyük hörməti və ehtiramı hər bir kəsə bəllidir: "Böyük dahi şəxsiyyətlər haqqında Azərbaycan xalqının xüsusi hörmət və ehtiramı olan insanların fikir söyləməsi, fəaliyyətinin ayrı-ayrı məqamlarına diqqət yönəltməsi həm tarixi həqiqətlərin işıqlandırılması və gələcək nəsillərə çatdırılması, həm də bilavasitə mənəvi-əxlaqi dəyərlərin cilalanması baxımından xüsusi əhəmiyyət kəsb edir". Ə.Əhmədov xalq yazısı Anarı "Unudulmaz görüşlər" kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi.
Görüşdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov çıxış edərək, bildirdi ki, Ümummilli Liderimizin Anım Günündə belə bir dəyərli əsərin təqdim olunması ədəbi ictimai fikrimiz üçün çox maraqlı hadisədir. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün, sadəcə, fəaliyyətinin deyil, daha çox qəhrəmanlığının nəticəsidir. Müstəqil Azərbaycan Respublikası da, sadəcə, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin deyil, qəhrəmanlığının nəticəsidir.
"Anar müəllimin bu kitabının əsas ideyası da milli dövlət quruculuğu dövründə Heydər Əliyevin göstərdiyi qəhrəmanlığın böyük bir səhifəsini, xüsusilə, mədəniyyət və mədəni-ictimai həyat sahəsindəki xidmətlərini göstərir" bildirən N.Cəfərov vurğuladı ki, görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Hakimiyyətdə olduğu bütün dövrlərdə yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan Ulu Öndər Heydər Əliyev həyatını Azərbaycanın dünya birliyində tanınıb, seçilən qüdrətli bir dövlət kimi görmək naminə sərf etdi. Ümummilli Lider Heydər Əliyev ağlının, zəkasının qüdrəti ilə çoxları üçün keçilməz olan bu yolda xalqına inanaraq, milyonların dəstəyinə güvənərək qətiyyətlə addımladı. Özünün də qeyd etdiyi kimi, qorunub saxlanılması əldə olunmasından qat-qat çətin olan Azərbaycanın müstəqillik yolunda əbədi işıq kimi parladı, ziyası ilə insanlara doğru yol göstərdi.
"Heydər Əliyevin xalq, millət qarşısında xidmətləri o qədər böyükdür, O Azərbaycana bu günü və gələcəyi üçün elə bir neməti əbədilik bağışlayıb, istiqlalımızı ən fırtınalı illər içərisindən çıxararaq, onu millətimizin bütün gələcəyinə töhfə edib ki, biz Ona hər zaman minnətdar olmalıyıq. Heydər Əliyev böyük Azərbaycan ziyalısı idi. Ona görə də bütün ömrü boyu Azərbaycan ziyalısına yüksək qiymət verirdi" söyləyən Milli Məclisin deputatı, professor Rəfael Hüseynov bildirdi ki, bu gün təqdimatına toplaşdığımız kitab da Azərbaycan ziyalılığının, bütövlükdə, Heydər Əliyevə minnətdarlıq duyğusunun ifadəsi kimi ortaya çıxıb.
Azərbaycanda əldə olunan nailiyyətlər, qazanılan uğurlar hər birimizdə qürur hissi doğurur. Azərbaycanın əldə etdiyi hər bir qələbəyə hamıdan artıq sevinən, bir lider kimi dövlətçilik fəlsəfəsinin görünməyən tərəflərinə imza atan Ümummilli Lider Heydər Əliyev oldu. Ulu Öndərin tarixi, maraqlı məqamlarla zəngin siyasi fəaliyyətinin bütün dövrlərinə xronikal nəzər saldıqda, aydın görünür ki, bu gün haqqında ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların müəllifi Heydər Əliyev olduğu kimi, quruculuq işlərinin təməli də o çətin illərdə qoyulub.
Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Şərqdə günəş kimi parlayan Azərbaycan dünya birliyinin də ən qüdrətli ölkəsi kimi tanınmalıdır.
Müstəqillik illərində bu təməl əsasında davam etdirdiyi islahatlar Ulu Öndərin istək və arzularını reallaşdırdı. Daxili və xarici bədxahlarının təzyiq və hədələrinə baxmayaraq, gördüyü işlər tək müasir dövrümüz üçün deyil, gələcəyin xoşbəxt günləri naminə hesablanmışdı.
Milli Məclisin deputatı Fəttah Heydərov qeyd etdi ki, daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan, yenilik və müasirliyi hər zamanın başlıca tələbi hesab edən fədakar, təcrübəli lider kimi fəaliyyətinə də elə islahatlardan başladı. Müstəqilliyin əbədi olması üçün düşünülmüş, həyati əhəmiyyətli islahatlar isə həddindən artıq çox idi. F.Heydərov bildirdi ki, Ulu Öndər ilk günlərdən bütün xalqlarla qardaşlıq, bərabərlik, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində yaşamağı dövlət siyasətinin əsas atributları kimi müəyyənləşdirdi. Onun ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu oldu. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı islahatlar ölkəsinə çevirən Heydər Əliyevin xidmətləri əvəzsizdir.
"Ulu Öndərin həyata keçirdiyi və kitablara belə sığmayan dövlətçilik fəaliyyəti, Azərbaycan naminə gördüyü işlərdən bəhs etmək üçün illər yox, qərinələr belə bəs etməz" deyən Milli Məclisin deputatı Elmira Axundova qeyd etdi ki, Ulu Öndərin Azərbaycan xalqı üçün böyük xidmətlərindən biri isə özü qədər inandığı Prezident İlham Əliyev kimi dövlət xadimini yetişdirməsi oldu. Ulu Öndərin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda aparılan islahatlar ölkəmizi daha da gücləndirdi, dünya birliyinin aparıcı dövlətləri sırasına çıxardı. Xalq bu yüksəlişi, eyni zamanda, Heydər Əliyev siyasətinin qələbəsi kimi yüksək dəyərləndirir. Qədirbilən xalqımız bu xidmətləri unutmur, daim yaşadır. Özünün də qeyd etdiyi kimi, Azərbaycan var olduqca xalqla bir olan Heydər Əliyev də ideyaları ilə yaşayacaq, ən böyük azərbaycanlı və islahatçı kimi ənənələri davam etdiriləcək.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirdi ki, hər bir siyasət adamının mədəniyyətə verdiyi önəm diqqətəlayiqdir. Bu mənada, "Unudulmaz görüşlər" kitabında Ulu Öndər Heydər Əliyevin ədəbiyyat adamları ilə söhbətləri düşünməyə əsas verir. Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı məqamlarda söylədiyi fikirlər və xalq yazıcısının güclü yaddaşı sayəsində kitabda əksini tapan həmin məqamlar gələcəkdə böyük öndərin irsini araşdıranlar üçün mənbə olacaq.
Kitab haqqında söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Ulu Öndərin böyük dövlətçilik fəaliyyətinin təhlilinə, öyrənilməsinə və təbliğinə dair hələ çox kitabların yazılmasına ehtiyac olduğunu bildirdi. Qeyd etdi ki, Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidməti bugünkü inkişaf, tərəqqi yolunda inamla irəliləyən Azərbaycandır.
Çıxışlarda bu fikir bir daha vurğulandı ki, Heydər Əliyev ideyaları hər bir dövr üçün proqram sənədidir. Bu ideyalar Azərbaycanı daha işıqlı gələcəyə aparır. Prezident İlham Əliyev hər bir çıxışında bildirir ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.