“İctimai və humanitar elmlər: zaman kontekstində baxış”
Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi. Hər bir Azərbaycan vətəndaşı və bütövlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, müəyyən mənada, artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalı, cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik- bu cümlələr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində yer alıb.
Məqalədə deyilir: "Ölkəmizdə keçid dövrünə xas olan amillər ziyalıların vəziyyətinə, elmin, təhsilin və mədəniyyətin durumuna öz təsirini göstərmişdir. 1990-cı illərin əvvəlində bəzilərinə elə gəlirdi ki, vətəndaşlarımızın ağır güzəranı, gələcəyə inamın olmaması və ümumi çətinliklər bir çox ənənələrimizin də məhvinə gətirib çıxaracaqdır.
O illərdə məruz qaldığımız siyasi, iqtisadi və sosial böhran, sözsüz ki, insanların elmə və təhsilə olan münasibətinə də təsir göstərmişdi. Azərbaycanlıların daim öz övladlarının maariflənməsinə, təhsil almasına, alimin mövqeyinin yüksək dəyərləndirilməsinə meyilli bir millət olmasına baxmayaraq, bu dövrdə çoxları artıq ümidsizliyə qapanmışdılar. Sovet məktəbindən milli təhsil sisteminə keçid heç də asanlıqla baş vermədi. Bu illərdə Elmlər Akademiyasının bağlanmasına dair səslənən çağırışlar da elmi ictimaiyyətə bütövlükdə mənfi təsirini göstərdi".
Akademik müstəqilliyin ilk illərində ali məktəblərdə də yeniləşmə prosesinin bir çox cəhətdən kosmetik səciyyə daşıdığını vurğulayaraq yazır: "Elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlandırılır, "Elmi kommunizm" ifadəsi mexaniki olaraq "politologiya" sözü ilə əvəzlənir, dialektik və tarixi materializm kafedraları fəlsəfə kafedralarına çevrilirdi və s. Uzun illər Sov.İKP tarixi ilə məşğul olmuş şəxslər də birdən-birə dönüb Vətən tarixi üzrə mütəxəssislərə çevrilirdilər.
1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin milli elitaya mənfi təsiri haqqında çox danışmaq olar. Əlbəttə, obyektiv informasiyanın olmadığı bir şəraitdə bir çox əyintilərin və səhvlərin meydana çıxması mümkün idi. Əsl həqiqəti ictimaiyyətə çatdırmaq vəzifəsi məhz alimlərin üzərinə düşürdü.
Ziyalılarımızın böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyevin bütün cəmiyyəti səfərbər edərək, onu düzgün yola istiqamətləndirməsi sayəsində 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq".
Alim öz məqaləsində qeyd edir ki, hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq. "Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır.
Müəllif ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələlərin yeni şəraitdə təhlil edilməsinin vacibliyini vurğulayaraq qeyd edir ki, bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. "Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir.
Prezident İlham Əliyevin YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə əldə etdiyi razılıq əsasında beynəlxalq ekspertlər qrupu tərəfindən Azərbaycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair hazırlıq işləri aparılır. Bu ilin sonuna yekun hesabat və təkliflər təqdim olunacaqdır. YUNESKO-nun Azərbaycana göstərdiyi bu kömək elmlə bağlı bir çox problemlərin həllinə də töhfəsini verəcəkdir.
Bu mühüm qərarlar istər-istəməz belə bir sual doğurur: bəs bizim elmi elita ilə birlikdə həyata keçirmək istədiyimiz strateji planlarımızın mahiyyəti nədən ibarətdir? Mən, ilk növbədə, bu sahədə aktual olan bir neçə istiqamətə toxunmaq istərdim.
Onlardan birincisi idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasıdır. Məlumdur ki, idarəçilik sistemində qəbul edilən bir çox qərarlar müəyyən elmi təhlilə istinad etməlidir. Bu təhlilin əsas prinsiplərini üç suala veriləcək cavablar müəyyən edir. Bu suallar əslində çox sadədir: Problem nədən ibarətdir? Problem necə və hansı alternativ yollarla həll oluna bilər? Mövcud alternativ həllərdən ən optimalı hansıdır?
XX əsrdə biz elə şəraitdə yaşamışıq ki, siyasi qərarların qəbul edilməsi prosesinin özlüyündə bir elm sahəsi olması totalitar dövlətdə inkar edilirdi. Bununla belə, bu gün hamımız üçün danılmaz həqiqətdir ki, cəmiyyətimizin uğurlu inkişafı naminə qəbul olunan siyasi qərarların dürüstlüyünü təmin edərkən biz, əsasən, üç istiqamət üzrə elmi tədqiqatların nəticələrinə arxalanmalıyıq:
- sosial-siyasi elmlər sahəsində, o cümlədən politologiya, sosiologiya və iqtisadi elmlər;
- fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətləri;
- dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələr.
Məlumdur ki, dövləti və siyasi qərarları qəbuletmə nəzəriyyəsi XX əsrin 40-cı illərində əsasən ABŞ-da təşəkkül tapmış elm sahəsidir. Məhz bu dövrdə siyasi idarəetmə elmləri sosial biliklərin ayrıca bir istiqaməti kimi formalaşmışdır. 1979-cu ildə yaranan müvafiq beynəlxalq assosiasiyanın çoxsaylı üzvləri hazırda bütün dünyada siyasi təhlil və proqnozlaşdırma ilə bağlı araşdırmalar aparmaqla yanaşı, hətta bunları universitet proqramlarına daxil ediblər".
Akademik bununla bağlı rastlaşdığımız çoxsaylı problemlərdən yalnız ikisi üzərində dayanır: "Birincisi, Azərbaycanın hazırda iştirak etdiyi beynəlxalq miqyaslı bir neçə layihə "enerji təhlükəsizliyi" ilə əlaqəlidir. Ona görə də siyasi və iqtisadi amillərin güclü olduğu beynəlxalq energetika sahəsi üzrə ölkəmizdə nüfuzlu elmi ekspertlərə böyük ehtiyac vardır.
İkincisi, transmilli korporasiyaların fəaliyyətinə, dünya maliyyə bazarlarının vəziyyətinə, beynəlxalq ticarət və xarici investisiya axınlarının istiqamətləndirilməsinə müraciət edərkən aydın olur ki, bizim iqtisadçı alimlər hazırda xüsusi əhəmiyyət kəsb edən bu sahələrlə ciddi məşğul olmalıdırlar.
Beləliklə, aydındır ki, siyasi qərarların qəbul edilməsi mərhələsinə qədər zəruri olan elmi araşdırmaların aparılması günün əsas tələblərindən biridir. Lakin kadr qıtlığı və müvafiq mexanizmlərin işlənilməməsi bu prosesi hələlik düzgün qurmağa imkan vermir".
Müəllif qeyd edir ki, Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət ən nüfuzlu dairələrdə belə müdrik və tarazlaşmış strateji xətt kimi qiymətləndirilir. Ancaq dövlətin və dövlət başçısının bu siyasəti hələlik yalnız jurnalist mövqeyi səviyyəsində şərh edilir.
"Bizdə siyasi anlayışlardan və politologiyanın müasir problemlərindən heç olmasa, baş çıxara bilən mütəxəssislər yoxdur, yalnız bir-iki həqiqi politoloqumuz ola, ya olmaya. Bu politoloqlar da son dərəcə mürəkkəb olan müasir dünyada qloballaşmanın problemlərinə və ziddiyyətlərinə məhz başqalarının fikirlərinə əsasən şərhlər verirlər. Onların məqalələrində dünyanın aparıcı informasiya agentliklərinin, Rusiyanın, Türkiyənin, Avropanın analitik mərkəzlərinin mövqeləri səslənir. Deməli, hər şey var, yalnız müstəqil Azərbaycanın real siyasi mövqeyinin elmi əsaslarla təhlilindən başqa.
Mövcud vəziyyət tələb edir ki, adı çəkilən sahələr üzrə mütəxəssislərin hazırlığı dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil mərkəzlərində aparılmalıdır. Prezident İlham Əliyevin bir neçə sərəncamı, o cümlədən azərbaycanlı tələbələrin xaricdə təhsil almağa göndərilməsi barədə qərarı yeni texnologiyaların mənimsənilməsi ilə yanaşı, həmin problemlərin də həllinə yönəlibdir"
Ramiz Mehdiyev xüsusilə vurğulayır ki, bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. "Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi son dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edərək gələcək inkişafımızın bazasını yaradırıq.
İctimai elmlər sosial sifarişə çevik reaksiya verməlidir. Ancaq o, hələ də ətalət, gözləmə və passiv seyrçi mövqeyindədir. Bunun müxtəlif səbəbləri vardır. İnformasiya cəmiyyətinə inteqrasiya prosesində isə vaxt itkisini, "gecikmə effekti"ni heç nə ilə kompensasiya etmək mümkün deyildir".
Müəllifin finrincə, qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər: "Odur ki, tədqiqatlar yalnız şəxsi karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət etməlidir.
Elmin hər bir nümayəndəsi öz fəaliyyətini iki mövqedən qiymətləndirməlidir: əvvəlcə vətəndaş, sonra alim kimi. Amma digər maraqlar üstün gəldiyindən milli mənafe, vətənpərvərlik fikri və milli mənlik ideyası zaman-zaman kənarda qalır. İnstitut və kafedra rəhbərləri kollektivin elmi potensialını dövlətin fundamental maraqlarının xidmətinə yönəltməlidirlər. Ona görə də islahatların elmi əsaslarının izahı və təqdimində ictimai elmin yaxın iştirakı və əzmi hiss olunmalıdır".