Seçicilər YAP-ın namizədlərini yekdilliklə dəstəkləyəcəklər
Dünən Binəqədi rayonunun Xocasən, Sulutəpə və 28 May yaşayış ərazisinin sakinləri ilə Xocasən bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş nümayəndələrlə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bildirdi ki, Binəqədi rayonu üzrə 73 nəfərin namizədliyi irəli sürülüb. Onlardan Xocasən bələdiyyəsinə 11 yerə, 11 partiya üzvünün namizədliyi təklif olunub. O, qeyd etdi ki, Xocasən bələdiyyəsinin fəaliyyəti zamanı burada bir sıra neqativ hallara yol verilmişdir. Bu xoşagəlməz halların aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülmüşdür. Yeni seçilən bələdiyyələri əhalinin güzəranını, onların problemlərinin aradan qaldırmasında müəyyən işlər görəcək.
Rayon təşkilatının sədri yeni yaranan, bötövlükdə, 10 il fəaliyyət göstərən yerli özünüidarəetmə strukturu olan bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan struktur olduğunu qeyd etdi. O, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə olduqca ciddi şəkildə hazırlaşdığını bildirdi. Bunun üçün sakinlər arasında maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdıran sədr, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən yekdilliklə dəstəklənəcəyinə əminliyini bildirdi.
Partiyanın səlahiyyəli nümayəndəsi, millət vəkili Madar Musayev çıxışında qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün təbliğat-təşviqat işinin vacibliyini önə çəkərək, bildirdi ki, Yeni Azərbaycan Partiyasının namizədləri bu seçkilərdə də yüksək fəallıq göstərməlidirlər. Millət vəkili bildirdi ki, bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi, təbii ki, onların səlahiyyətlərini artırmaqla yanaşı, öz işlərinə məsuliyyətlə yanaşmağı da tələb edir. 10 il fəaliyyət göstərən gənc qurum olan bələdiyyələr illər keçdikcə, öz fəaliyyətləri ilə ictimai fikirdə müsbət rəy yaratmalı, fəaliyyət istiqamətlərini genişləndirməlidirlər.
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Rafael Cəbrayılov çıxışında bildirdi ki, bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində parlament tərəfindən müəyyən işlər görülür.
Partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü deyən millət vəkili bu etimadı doğruldacaqlarını və seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi.
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq. Millət vəkili bildirdi ki, bələdiyyə sistemi ildən-ilə inkişaf edir, insanların bu struktura inamı artır, onların səlahiyyətləri daha aydın olur.
Səlahiyyətli nümayəndə qeyd etdi ki, cəmiyyətin strukturlarından biri kimi, bələdiyyələrin inkişafda, ərazilərdə aparılan yenidənqurma və abadlıq işlərində önəmli rol oynayır. Artıq bələdiyyə idarəçiliyi sistemində kifayət qədər irəliləyiş var və müəyyən təcrübə toplanmışdır ki, bu da müsbət haldır. O cümlədən, bələdiyyələrin hüquqi bazası möhkəmlənmiş, əhali arasında nüfuzu artaraq, əhalinin yerli özünüidarəetmə orqanlarına inamını artmışdır.
Bələdiyyələr insanların ən çox problemlər yaşanan yerlərdə fəaliyyət göstərir. Onlar problemlərin həllində bir qurum kimi tələb olunaraq, seçki hüququ əsasında seçilirlər. O, bələdiyyələrin maliyyə bazasına nəzər salaraq, bildirdi ki, əgər bələdiyyələrin büdcəsi yoxdursa, sakinlərin problemlərinin həllində kömək göstərə bilməzlər.
R.Cəbrayılov qeyd etdi ki, 2010-cu ildə bələdiyyələrə 3 milyon yarım maddi vəsait ayrılacaq. Azərbaycanda isə 1718 bələdiyyə fəaliyyət göstərir. Lakin bu da çox az miqdardır. Bunu görə də onlar özləri -özlərini maliyyələşdirməlidir. Səlahiyyətli nümayəndə Azərbaycanda növbəti bələdiyyə seçkilərinə əhali tərəfindən marağın artmasını, həm bələdiyyələrin keçən dövrdə gördüyü işlərin nəticəsi kimi, həm də bələdiyyələrin üstün cəhətlərinin əhalidə maraq oyatmasından irəli gələn bir məsələ kimi qiymətləndirdi. Millət vəkili seçiciləri gələcək həyatlarının işıqlı gələcəyini təmin edə biləcək namizədlərə səs verməyi tövsiyə etdi.
Namizəd Məhərrəm Əsgərov və başqaları çıxış edərək, bildirdilər ki, bələdiyyələrlə bağlı olan problemlər həddən artıqdır. Bələdiyyələr bu problemlərin aradan qaldırılması üçün öz təsərrüfatlarını yaratmalıdırlar. Yeni Azərbaycan Partiyasının fəalları partiya tərəfindən onlara göstərilən yüksək etimaddan danışdılar. Bu etimadı dekabrın 23-də keçiriləcək seçkilərdə qələbə qazandıqları halda, həmyerlilərinə layiqli xidmət etməklə doğruldacaqlarına söz verdilər.