Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə 1 saat 40 dəqiqə davam edən görüşü ictimaiyyətin diqqət mərkəzindədir. SİA-nın xəbərinə görə, görüşdə Türkiyənin bölgədəki rolu, Əfqanıstana əsgər göndərilməsi, Dağlıq Qarabağ problemi, Türkiyə-Ermənistan münasibətləri və Yaxın Şərqdəki son durum müzakirə olunub. Görüşdən sonra ABŞ prezidenti Barak Obama hər iki ölkənin terrorla mübarizə ilə bağlı qərarlı olduqlarını deyib.
"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Dağlıq Qarabağ danışıqları ilə çox bağlıdır"
B.Obama deyib ki, o, Ərdoğanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına cəhddən dolayı təbrik edib. ABŞ prezidenti Ərdoğanı bu istiqamətdə səyləri davam etdirməyə çağırıb.
"Nabucco" layihəsi ilə bağlı ciddi addımlar atmağa hazır olduqlarını deyən baş nazir Azərbaycanla layihə ilə bağlı danışıqların davam etdirildiyini və müsbət nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib. Ərdoğan bu layihənin uğuru üçün beynəlxalq şirkətlərin də iradələrinin önəmli olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətləri bir-biri ilə əlaqəlidir: "Biz Türkiyə hökuməti olaraq, bu məsələdə qərarlıyıq".
Türkiyənin baş naziri "Dağlıq Qarabağ münaqişəsi nə qədər tez tənzimlənərsə, biz Ermənistanla münasibətlərimizi nizamlaya bilərik"-deyə bildirib.
"Minsk Qrupu Qarabağ münaqişəsini həll etməlidir və bundan sonra biz Ermənistanla
münasibətlərimizi nizama salmalıyıq"
"Mən Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir problem görmürəm. Bu gün ABŞ prezidenti Barak Obama ilə aparılan danışıqlarda mən bildirdim ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll etməlidir və bundan sonra biz Ermənistanla münasibətlərimizi nizama salmalıyıq. Minsk Qrupunun münaqişəni tənzimləmə prosesini sürətləndirməsi çox vacibdir və bu hal, nə qədər tez baş verərsə, biz də Ermənistanla münasibətləri o qədər tez qaydaya sala bilərik"- Ərdoğan deyib.
Onun sözlərinə görə, BMT-nin bəzi qətnamələri mövcuddur və nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyib, Türkiyə üçün Ermənistanla münasibətləri tənzimləmək çətin olacaq. O, həmçinin, qeyd edib ki, türk-erməni protokolu Türkiyə parlamentinə təqdim olunub.
"Hökumət heç cür bu prosesə təsir edə bilməz. Parlament komissiyasında müzakirə edilən məsələlərə müdaxilə etmək bizim səlahiyyətimizə aid deyil. Biz bir hökumət kimi, Ermənistana yalan danışmamışıq. Nəyə söz vermişik, onu da yerinə yetiririk. Protokolları imzalayanda, orada heç bir şərt irəli sürülməmişdi. Ancaq bizim parlament bu sənədi qəbul etmək üçün şərt irəli sürür. Bu problemi həll etmək üçün siyasi iradə azdır. Türkiyə parlamenti üçün bu çox həssas məsələdir",- deyə Ərdoğan bəyan edib.
Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanın problemləri bizim problemlərimizdir"
"Türkiyə bu yaxınlarda Ermənistanla münasibətlərinin normallaşma prosesinə başlayıb. Biz, həmçinin, ATƏT-in Minsk Qrupunun üzvlərindən biriyik. Azərbaycan bizim yaxın dostlarımızdan biri və qardaş dövlətdir, onun problemləri bizim problemlərimizdir"- bu barədə isə Türkiyənin baş naziri APA-ya eksklüziv müsahibəsində bildirib. "Təəssüf ki, təxminən, 20 ildir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar bölgəyə sülh gətirməyib. Hazırda bu məsələ Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində əsas problemlərdən biridir"- baş nazir deyib.
Azərbaycanın "Nabucco" layihəsində payı 10 faizdən 25 faizə qədər artacaq
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirdiyi mətbuat konfransında "Nabucco" layihəsinə də toxunub. Türkiyənin hökumət başçısı deyib ki, bu layihə ilə bağlı rəsmi Ankara ciddi addımlar atmağa hazırdır.
Bu istiqamətdə Bakı ilə danışıqların davam etdiyini vurğulayan Ərdoğan Azərbaycanın da bu layihədə maraqlı olduğunu söyləyib. "Nabucco" layihəsinin Türkiyə üçün həssas olduğunu qeyd edən Türkiyənin baş naziri Azərbaycanın gələcəkdə böyük paya sahib olacağını da deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında olan enerji xəttində və "Nabucco" layihəsində Azərbaycanın payı 10 faizdir: "Bu pay 25 faizə qədər artacaq. Biz "Nabucco" layihəsinə, xüsusilə, əhəmiyyət veririk".
Ərdoğan qeyd edib ki, kəmərin 1400 kilometri Türkiyə ərazisindən keçəcək və Azərbaycan təbii qaz ixracına hazırdır.
Bakıda sonuncu xəbərdarlıqlar, Yerevanda qorxudan doğan güzəşt təklifləri
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərt bəyanatlarından sonra beynəlxalq birlik hərəkətə gəlib. Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləməsi və məsələ sülh yolu ilə həll olunmasa, Bakının antiterror əməliyyatları aparacağı haqda bəyənatlar öz təsirini göstərir.
Yerevanda artıq əl-ayağa düşüblər və danışıqlarda güzəştə getməyin vacibliyi haqda fikirlər səslənməyə başlayıb. Prezident Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və digər rəsmilərin son açıqlamaları göstərir ki, işğalçı ölkə artıq Azərbaycanın sərt tədbirlərə əl atacağından ehtiyatlanır.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Sürix protokollarının Türkiyə Böyük Millət Məclisində təsdiqlənməyəcəyinə tam əmin olan Yerevan həm iqtisadi, həm də siyasi təzyiqlər qarşısında geri çəkilməyə məcbur olacaq. Ermənistan rəhbərləri Azərbaycanın hərbi-iqtisadi qüdrətinin özlərindən 5 dəfə artıq olduğunu anladıqlarından heç vəchlə müharibənin başlamasını arzulamırlar.
Müşahidələr göstərir ki, artıq beynəlxalq təşkilatlar və böyük dövlətlər də Yerevana işğal olunmuş torpaqları azad etmək haqda təzyiqlər edir. Çünki həm Avropada, həm Moskvada, həm də Vaşinqtonda başa düşürlər ki, bölgədə sülh və sabitlik, qarşılıqlı inteqrasiya, normal qonşuluq münasibətlərinin yaranmasında ən ciddi maneə Qarabağ problemidir.
Beləliklə, Yerevanın həm Azərbaycan, həm də dünya birliyi tərəfindən edilən təzyiqlərə davam gətirmək iqtidarında olmadığı və danışıqlarda konstruktiv mövqe sərgiləməyə məcbur olacağı hamıya aydındır. Bu isə, münaqişənin ən yaxın zamanda həll olunacağını düşünməyə əsas verir.