PDF Oxu

Əsas

  • 13

Ümummilli Lider Heydər Əliyev bəşəriyyət üçün fenomendir

Ümummilli Lider Heydər Əliyev bəşəriyyət üçün fenomendir
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Milli Məclisin üzvləri Eldar Quliyev, Fərrux Zeynalov, Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva iştirak edirdi. Tədbirdən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin YAP Sabunçu rayon təşkilatının qərargahında qoyulmuş büstünü ziyarət ədib əklil qoydular. Dövlət Himni səsləndikdən sonra tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və yaradıcılığı, Onun keçmiş olduğu fəaliyyət istiqamətlərini, xalqımız və dövlətimiz qarşısında xidmətlərini əks etdirən filmə tamaşa etdilər.
Anım mərasimində çıxış edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmindən başlayaraq xalqımızın bu günü və gələcəyi üçün mühüm işlər gördüyünü və vacib qararlar qəbul etdiyini vurğuladı. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev keçmiş totalitar rejimin bütün qadağa və qovğalarına baxmayaraq, öz milli kimliyini daim uca tutmuş və xalqının xoşbəxtliyi üçün əlindən gələn bütün işləri görmüşdür. "Tarixdə çox az-az yetişən böyük şəxsiyyətlər öz dövrlərində mühüm və əbədi iz qoyurlar. Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, onu böyük bəlalardan və tarixi keşməkeşlərdən xilas edə bilən Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyəti olmuşdur. Bu böyük sərkərdə, xalqının böyük oğlu ömrünü birbaşa milli mənsubiyyəti uğrunda fəda etmişdir. Ulu Öndər Heydər Əliyevin idealları Azərbaycan xalqı üçün əbədi və müqəddəs bir yol olduğu üçün gələcək nəsillərin bu yolun möhtəşəmliyindən bəhrələnərək, vətənpərvər və milli ruhda yetişmələri üçün özlərinə nümunə götürmüş olacaqlar" -deyən Ə.Əliyev Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan xalqının günü-gündən daha mütərəqqi ideyalara yiyilənməsi üçün əlindən gələni etdiyini və dövlətimizin öz qüdrətini, mövqelərini gücləndirdiyini vurğuladı.
Tədbirdə rayon ictimaiyyəti adından çıxış edən Sərxan Gəncəliyev xalqımızın və dövlətçiliyimizin etibarlı əllərdə olduğunu vurğuladı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi strategiya və inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam və inkişaf etdirilir. Xalqımızın 1990-cı illərin sonlarında bir sıra ağır sınaqlarla üz-üzə qaldığını bildirən S.Gəncəliyev məhz Ümummilli Lider Heydər Əliyevin böyük iradəsi və mətinliyi nəticəsində bugünkü situasiyanın mövcudluğuna imkan yaratmış olduğun qeyd etdi.
Digər çıxışçı Vahid Qurbanov da Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərinə nəzər salaraq, Onun bəşəriyyət üçün ən böyük töhfə olduğunu qeyd edib. Bildirib ki, bu cür şəxsiyyətlər tarixdə çox nadir hallarda yetişir. "Xalqımız çox xoşbəxtdir ki, onun Ümummilli Lideri Heydər Əliyev kimi oğlu vardır"-deyən V.Qurbanov Onun ən layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirdiyini bildirdi.
Milli Məclisin üzvü Fərrux Zeynalov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, Onun dövründə yaşamağın böyük bir xoşbəxtlik olduğunu dilə gətirib. Qeyd edib ki, Azərbaycan xalqı zaman-zaman tarixin acı sınaqlarından məhz müdrik oğulllarının səyi nəticəsində üzüağ çıxa bilib. Dahi Lider Heydər Əliyevin də məhz bu cür şəxsiyyətlərdən olduğunu bildirən F.Zeynalov Onun müəyyənləşdirmiş olduğu dövlətçilik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.
Millət vəkili Eldar Quliyevdə çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altındakı fəaliyyətlərindən, Onunla bağlı gözəl xatirələrdən bəhs etdi. Bildirdi ki, böyük Şəxsiyyətin rəhbərliyi altında çalışmış o dövr bir o qədər də hiss olunmurdu. "Lakin zaman keçdikcə bunun nə qədər möhtəşəm və xoşbəxt bir məqam olduğunu anlamaq olduqca dəyərlidir" deyən E.Quliyev bugünkü inkişafımızın kökündə məhz Ulu Öndər Heydər Əliyev fenomeninin dayandığını da dilə gətirdi.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva da çıxışında Ulu Öndərlə bağlı məqamlara toxunaraq, Onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, tarixdə iz qoymaq hər bir şəxsiyyətə nəsib olmur. "Ulu Öndər Heydər Əliyevin bütöv həyatının və bütöv fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün böyük yoldur" deyən M.Abasquliyeva böyük bəlalardan və tarixin sərt sınaqlarından uğurla çıxmış dövlətimizin və xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi altında daha uca və müqayisəolunmaz uğurlara imza atacağına əminliyini bildirdi.

Digər xəbərlər