“Ölkə ictimaiyyəti inanır ki...”
Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu, Ermənistanın qeyri-konsturiktiv mövqeyindən irəli gəlir. Yəni işğalçı ölkə beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların bəyanatlarına əməl etmir. Təəssüf ki, dünya ölkələri, o cümlədən, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr bu münqaişənin həlli ilə bağlı ciddi addımlar atmayıblar.
Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı səsləndirdiyi sərt bəyanatı bu gün də ictimaiyyət tərəfindən geniş müzakirə edilməkdədir. Bu da bir daha onu göstərir ki, xalq hər zaman ölkə başçısını dəstəkləyir. Prezident İlham Əliyevin bu bəyanatını Ermənistan tərəfi necə qarşılayıb və iki ölkə arasında müharibə başlayarsa, bu məsələdə Rusiyanın mövqeyi necə olacaq? Bu və ya digər suallarla YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızına müraciət etdik.
- Cənab Prezident İlham Əliyevin Goranboyda səfərdə olarkən, söylədiyi fikrlərlə tamamilə razıyam. İstər Ulu Öndərimiz Heydər Əliyev, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyi bəyan etmişdilər. Amma çox təəssüflər olsun ki, artıq uzun illərdir ki, sülh danışıqlarının, diplomatik danışıqların, hələ ki, heç bir nəticəsi olmayıb. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu müddət ərzində çox böyük şanslardan və imkanlardan istifadə etməmişdilər. Onlar Azərbaycana və Ermənistana gəlib-getməklə və orda-burda görüşlər keçirməklə işlərini, missiyalarını başa çatdırmış hesab edirlər. Bu günə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı əldə olunan istənilən uğur, istənilən nailiyyət bizim Ulu Öndərimiz Heydər Əliyevin və bu gün cənab Prezidentimiz İlham Əliyevin sözügedən problemin həlli ilə bağlı regionda sülhün, əmin-amanlığın, sabitliyin, davamlı inkişafın bərqərar olması ilə bağlı siyasi naliyyətləridir. Uzun illərdir ki, ATƏT-in Minsk Qrupu bu münaqişəni həll edə bilməyib. Ona görə də, Prezident İlham Əliyev Goranboyda müharibə haqqında bəyanat səsləndirdi. Çox təəssüf ki, dünya dövlətləri Azərbaycanın 20 faiz torpaqlarının işğalı faktını təsdiqləsələr də, Minsk Qrupunun həmsədrləri Ermənistanı işğalçı kimi ittiham etmirlər. Bu, bir daha onu göstərir ki, onlar bu münaqişənin həllinə ikili standartdan yanaşırlar və onların bu hərəkətləri ermənilərin maraqlarına xidmət edir.
Prezidentlərin Münhen görüşü Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həllinə ümid verir. Bu il Azərbaycan və Ermənistan prezidentləri arasında bir neçə görüş olmuşdur və bu görüşlər yaxın zamanlarda daha da intensivləşəcək. Prezidentlərin bu görüşlərindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini gözləyirik. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Barak Obama ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi. Bu da qeyd olunan münaqişənin həllinə təkan verəcək. Ümumiyyətlə, onu da qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı, ölkə ictimaiyyəti inanır ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini həll edəcək. Yəni xalqımız buna qəti əmindir. Bizim hər birimiz bir vətəndaş olaraq, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasətə dəstək veririk.
Prezident İlham Əliyevin müharibə ilə bağlı səsləndirdiyi bəyanatı Ermənistan tərəf qorxu ilə qarşıladı. Bildiyimiz kimi, bizim iqtisadiyyatımız ildən-ilə inkişaf etməkdədir və bunun nəticəsində hər il dövlət büdcəsindən orduya ayrılan vəsait artırılır. Yəni bizim güclü, müasir maddi-texniki imkanlara malik milli ordumuz var. Həm insan resursu, həm də dövlətimizin gücü baxımından, Ermənistan bizimlə müqayisə olunacaq səviyyədə deyil. Bu gün işğalçı ölkə xaricdən maliyyə dəstəyi alır. Belə ki, əgər işğalçı ölkə xaricdən yardım almasa, məhv olar. Həmçinin, ermənilər Azərbaycanın güclənməsindən ehtiyat edir, yəni işğalçı ölkə bu gün qorxu içərisindədir. Heç şübhəsiz ki, ölkə başçısının da qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla işğal altında olan torpaqlarımızı azad edəcəyik.
Bildiyimiz kimi, Azərbaycanla Rusiya arasında münasibətlər çox yüksək səviyyədədir. Rusiya tarixən bizim qonşumuz olub. Bizim RF ilə bir çox əlaqələrimiz var. Biz iki əsr Rusiya ilə birgə yaşamışıq. Azərbaycanla Rusiya arasında heç zaman etnik zəmində problem olmayıb. Rusiya da ATƏT-in həmsədrlərindən biridir. Yuxarıda qeyd etdiyim kimi, son görüş sübut etdi ki, diplomatik, sülh danışıqları hələ tükənməyib. Fikrimcə, bu gün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də, qonşu ölkələr bunu bəyan etmişdir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həllini hər kəs tələb edir.