PDF Oxu

Əsas

  • 13

Dahi Öndərin siyasi dühası hər zaman hiss olunur

Dahi Öndərin siyasi dühası hər zaman hiss olunur

Müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasından 6 il ötür. Bu altı il ərzində xalqımız öz liderini bir an belə unutmayıb. Hər zaman müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim, ümumtürk dünyasının böyük oğlu Heydər Əliyev bütün tarix boyu fəxr hissi ilə yad edilib.
12 dekabr Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədar xalqımızın bütün təbəqələrindən olan insanlar axın-axın Fəxri Xiyabana gedərək, Ümummilli Liderə olan sonsuz məhəbbətlərini və sevgilərini ifadə edirlər.

YAP Laçın rayon təşkilatının sədri, millət vəkli Sevindik Hətəmov

- Ulu Öndərimizin cismani olaraq dünyasını dəyişməsindən 6 il keçir. Bu müddət ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi dühası hər zaman hiss olunur. Gün keçdikcə, illər ötdükcə Ümummilli Liderimiz Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğu insanlar üçün bir daha aşkarlanır. Ən vacibi isə budur ki, bu gün böyük bir şəxsiyyəti hər bir Azərbaycan vətəndaşı ürəkdən anır. Xalqımız Heydər Əliyevin gördüyü bütün işləri, xidmətləri qiymətləndirir. Bu gün həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin izi olmasın. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan tarixinə öz imzasını milli lider kimi atmışdır. Elə şəxsiyyətlər var ki, onlar tarixdə iz qoyaraq, fəaliyyətləri ilə tarix yaradırlar. Ulu Öndər Heydər Əliyev məhz tarix yazan şəxsiyyətdir. Ona görə də, O, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Bu gün bütün nailiyyətlərimizə görə, biz Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq.
İllər keçdikcə Onun böyüklüyünü, əzəmətini və dahiliyini daha çox hiss edirik. Hər bir xalqın tarixində şəxsiyyət amili böyük rol oynayır. Azərbaycan xalqı da, bu baxımdan, müasir tarixin yaradıcısı, müstəqil Azərbaycanın memarı Ulu Öndərimiz Heydər Əliyevin əzəmətini dərk edərək, hər il dekabrın 12-si olmaq şərtilə hər ay, hər gün Onun məzarını ziyarət etməyə gedir, ruhuna dualar oxuyurlar. Çünki bu gün Azərbaycanı uğura aparan yol Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir.
Hər bir Azərbaycan vətəndaşı AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaosun, anarxiyanın baş verdiyinin şahidi olub və bu hadisəni unutmayıb. Xüsusilə də, çətinliklə əldə etdiyimiz müstəqilliyimizi itirmək dərəcəsində olduğu bir vaxtda 91 nəfər ziyalı "Səs" qəzeti vasitəsilə dövlətimizin dağılması və vətəndaş müharibəsinin qarşısını almaq üçün Heydər Əliyevə müraciət etdi. Bu müraciətdə bildirilirdi ki, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır, bunun da əsas səbəbi respublikada olan mövcud və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ümummilli Liderimiz Heydər Əliyev 91 nəfər ziyalının müraciətinə cavab olaraq bildirmişdi: "16 oktyabr 1992-ci il tarixli "Səs" qəzetində dərc olunan müraciətlərinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatçılığı haqlıdır və təqdirəlayiqdir."
Bu gün xalqımız iftixar hissi ilə, Heydər Əliyevin anım gününü yüksək səviyyədə qeyd etməklə, bir daha öz liderinə məhəbbətlərini bildirirlər. Müstəqil Azərbaycan dövlətçiliyinin qarantı olmuş dahi şəxsiyyət Heydər Əliyev cismən bizdən ayrı olsa da ruhən həmişə bizimlədir. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin.

Millət vəkili Rauf Əliyev:

- Bu gün respublikamızın hər yerində xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin anım gününü qeyd edir. Ulu Öndərimiz 6 ildir ki, cismən bizdən ayrılıb. Lakin Onun ideyaları, düşüncələri yaşayır və yaşayacaqdır. Heydər Əliyevin qurduğu, yaratdığı, memarı olduğu Azərbaycan, heç bir zaman Heydər Əliyev ideologiyasından, fəlsəfəsindən dönməyəcəkdir. Heydər Əliyev yüz illər ərzində, tarixin yetişdirdiyi qeyri-adi şəxsiyyətlərdən biri kimi, Azərbaycan xalqının yaddaşında, qəlbində əbədi yaşayacaqdır. 1993-cü ilin iyun hadisələri zamanı artıq bütün xalq, Azərbaycanın siyasi məkanında fəaliyyət göstərən bütün qüvvələr də, bu qənaətdə idilər ki, ölkənin müstəqilliyini və bir dövlət kimi mövcudluğunu yalnız cənab Heydər Əliyev qoruyub saxlaya bilər. Odur ki, təkidlə Onun yenidən ölkə rəhbərliyinə qayıtmasını tələb və xahiş etdilər. Azərbaycanın müstəqilliyinin reallığa çevrilməsi ilə barışmaq istəməyənlər də vardı. Əslində, özlərinin və ölkənin taleyini Heydər Əliyevə və Yeni Azərbaycan Partiyasına etibar edənlər yanılmamışdılar. Çünki tarixən çox qısa bir müddətdə, Heydər Əliyev müdrikliyi və dövlətçilik təcrübəsi ölkəmizi fəlakətlər burulğanından qurtardı, Azərbaycanın müstəqilliyini hifz edərək, əbədiliyə və dönməzliyə çevirdi. Lakin bunun üçün yorulmadan, gecəni gündüzə qataraq, çalışmaq lazım gəldi. Ən əvvəl, vətəndaş müharibəsinin alovlarını söndürmək, qardaş qanının axıdılmasını dayandırmaq vacib idi. Ulu Öndər Heydər Əliyev çox qısa müddətdə bu missiyanı yerinə yetirdi. Lakin silahlı dəstələr və xəyanətkarlar tərəfindən törədilən təxribat əməlləri müvəffəqiyyətlərin artırılaraq, genişləndirilməsinə imkan vermədi. Hələlik, silah vasitəsilə işğal altındakı ərazilərin azad edilməsi mümkün olmadığından 1994-cü ilin may ayında atəşkəsə nail olundu, bununla da yeni ərazilərin işğalının qarşısı alındı.
Ölkə daxilində sabitlik yaradılması da çox çətin və ağrılı proses oldu. Azərbaycanı, keçmişdəki kimi, kiçik xanlıqlara parçalamağa çalışan separatçı qüvvələr zərərsizləşdirildi, qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat toplandı. Torpaqlarımızın etibarlı müdafiəsini təşkil edəcək Milli Ordunun yaradılması sahəsində zəruri tədbirlər görüldü. Azərbaycanın əldə etdiyi bütün bu uğurlara görə, fəxr edə bilərik ki, biz Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil, demokratik və azad bir ölkənin vətəndaşlarıyıq!

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva:

- Azərbaycan vətəndaşı kimi, hər il dekabrın 12-ni böyük ürək ağrısı və dərin hüznlə qarşılayıram. Çünki bu gün təkcə mənim deyil, bütün Azərbaycan xalqının qəlbində ən kədərli bir gün olaraq yaşayır. Həmin gün biz Ümummilli Liderimiz, böyük şəxsiyyət olan Heydər Əliyevi, ən başlıcası isə, xalqın atasını itirdik. Bu sözləri demək mənim üçün çox ağırdır. Çünki mübağiləsiz demək olar ki, keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Burada ən böyük faktlardan biri də müstəqil Azərbaycanın yenidən dirçəldilməsi və bu gün dünyanın ən qabaqcıl və inkişaf etmiş dövlətlərindən birinə çevrilməsidir. İstər xarici ölkələrin rəhbərləri, istər adi vətəndaşlar - hamı o dövrdə SSRİ rəhbərliyində fəalliyyət göstərən Ulu Öndərimiz Heydər Əliyevin humanizmi, böyük intellektə və siyasi bacarığa malik olması haqqında ürək dolusu danışıblar.
Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Mən tam əminliklə deyə bilərəm ki, Heydər Əliyev Azərbaycan xalqının qəlbində bundan sonra da əsrlər boyu məhəbbətlə və hörmətlə yad ediləcək. Çünki O, buna layiq olan tarixi şəxsiyyətdir. O, xalqımızın, sözün əsil mənasında, Atası idi. Ulu Öndərimizin tarixi xidmətləri Onun barəsində bu sözləri deməyə tam arxayınlıqla əsas verir. Hər bir azərbaycanlı çalışmalıdır ki, yeni böyüyən nəslin yaddaşında Böyük Öndərimizin xalqımız qarşısında gördüyü xidmətlər əbədi olaraq həkk olunsun, onlar məhz Heydər Əliyev ideyaları ruhunda böyüsün. Yəni Azərbaycanı, xalqını dərin məhəbbətlə sevsin. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev xalqın atası və xilaskarı kimi həkk olub və dərin məhəbbətlə anılır.

Cəbi Bəhramov, tarix elmləri namizədi:

- Millətimizin vətənini sevən nümayəndələri kimi, mən də xalqımızın böyük oğlunun itkisini həmişə hiss edirəm. Heydər Əliyev zəngin və qədim tarixə malik bir xalqın ən böyük müstəqillik arzusunu həyata keçirib. 1993-cü ildə Heydər Əliyev cənablarının Ali Sovetin Sədri seçilməsi və Azərbaycan dövlətinin 10 il müddətində Prezidenti olması, xalqı ağır bəlalardan xilas edərək, çox güclü və müstəqil dövlət qurması prosesi hamının yadındadır.
Bir tədqiqatçı kimi, onun fəaliyyətinin çox əvəzsiz bir dövr olduğunu, xüsusi olaraq, qeyd etmək istərdim. Onun bütün həyatı Azərbaycana həsr olunub. Ulu Öndərimiz müstəqilliyimizin həm iqtisadi, həm siyasi, həm də ideoloji əsasını hələ ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə qoymuşdur. Azərbaycanda milli şüurun oyanması, milli özünüdərkin inkişafı üçün o zaman O, çox böyük işlər görmüşdür. Çoxcildlik Azərbaycan tarixinin yazılmasının ilk təşəbbüskarı Heydər Əliyevdir. Yəni, 1972-ci ildə 7 cildlik Azərbaycan tarixinin yazılması təklifini etmişdir. Bundan başqa, Azərbaycanın bütün rayonlarında diyarşünaslıq, ölkəşünaslıq muzeylərinin yaradılmasının əsasını, məhz Heydər Əliyev qoymuşdur. İlk dəfə O, Azərbaycan tarixində çoxsaylı tələbələrin keçmiş SSRİ-nin ən məşhur ali məktəblərində təhsil almaq üçün göndərmişdir. Bu tələbələrin sayı 17000-dən çox idi. Bunlardan biri də, mən idim. Mən həyatımın sonuna qədər O şəxsə, Onun ruhuna daim minnətdar olacağam. Çünki O, təkcə mənim üçün deyil, bütün xalqımız üçün bu şəraiti yaratmışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu binanın özülü o qədər möhkəmdir ki, onu dağıtmaq qeyri-mümkündür. Onun onillik Prezidentliyi dövrü bir əsrə bərabər dövrdür. Əgər ingilislər Uinston Çörçillə, fransızlar Şarl De Qolla, almanlar Adenauerlə, türklər Atatürklə, amerikalılar Corc Vaşinqtonla, Avraam Linkolnla və s. fəxr edirlərsə, azərbaycalılar isə Heydər Əliyevlə fəxr edirlər. Çünki O, bizim millətimizin mənəvi dayağıdır.
Heç vaxt yadımdan çıxmaz, 1998-ci ildə Prezident seçilərkən, "Gülüstan" Sarayında böyük şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirini deyərkən, O, sona qədər misraları tamamlaya bilmədi. Gözlərinin yaşı yanaqlarından axırdı. Çünki O, vətənini çox sevirdi, həyatını Azərbaycana bağlamışdı. Biz bugünkü müstəqilliyimizin yaşaması üçün, ilk növbədə, Ulu Öndərimizə borcluyuq. Müstəqilliyi qazanmaq olar, mübarizə aparmaq olar, ancaq onu qoruyub saxlamaq çətin və şərəflidir. Onun qoyub getdiyi ən böyük miras XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi müstəqillikdir.
Müharibənin dayandırılması, neft strategiyasının hazırlanması, Azərbaycanın sosial-iqtisadi inkişafının genişləndirilməsi, xarici investisiyaların Azərbaycana gətirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması Ümummilli Liderimiz Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Görülən işlər indi də davam edir. Onun qurduğu məktəb Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bugünkü nailiyyətlər, nəticələr böyük bir ümidlə danışmağa əsas verir ki, Azərbaycan doğru yoldadır. Bu istiqaməti göstərən Ümummilli Liderimiz Heydər Əliyevdir. Qoy onun ruhu həmişə şad olsun.

Digər xəbərlər