Cəmiyyətin inkişafında demokratik seçkilərin rolu böyükdür
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat və təşviqat kompaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirildi.
Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bələdiyyələrin cəmiyyətin inkişafında və sosial problemlərinin həllində mühüm rola malik olduğunu vurğuladı. Qeyd etdi ki, cəmiyyətimiz günü-gündən inkişaf edir və qarşıya çıxan yeni-yeni prinsiplər daha mütərəqqi qərarların qəbul edilməsini zəruriləşdirir. M.Abasquliyeva əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçiliyimizin başlıca prinsiplərini məhz demokratik dəyərlərə sədaqətin durduğunu bildirdi: "Bu gün ölkəmizin hər bir sahəsində mövcud inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Bu uğurlu inkişaf xəttinin əsasını isə möhkəm təməllər üzərində qurulmuş milli dövlətçiliyimizin dayanması hər kəsə bəllidir. Qloballaşan dünyada baş verən proseslər üzərində mümkün olan ən vacib qərarı qəbul etmək başlıca şərtdir. Prezident İlham Əliyevin mətin və düzgün siyasi xətt yürütməsi ölkəmizi bu gün inkişaf mərhələsinin ən yüksək səviyyəsinə çatdırmışdır. Artıq Azərbaycanın möhkəm və sarsılmaz mövqeyi nəinki Cənubi Qafqaz regionunda, həmçinin, bütün dünyada qəbul olunmaqdadır. Ölkəmizin mövcud qüdrəti və mövqeyi ilə artıq hər bir dövlət hesablaşmaqdadır. Bütün bunlar isə ölkə daxili ictimai-siyasi sabitliyin olmasından və mövcud inkişaf imkanlarımızdan xəbər verir. eyni zamanda, ətrafda olan müsbət dəyişikliklər özü ilə yanaşı yeni münasibətlər və imkanlarda yaratmış olur. Ona görədir ki, artıq sosial-ictimai və siyasi münasibətləri tənzimləyən qanunlarda məhz buna müvafiq olaraq dəyişilir".
M.Abasquliyeva çıxışında hər bir seçicini qarşıdakı bələdiyyə seçkilərində daha aktiv olaraq YAP-ın "Xalqa xidmət naminə" devizinə səs verəcəklərinə əminliyini ifadə etdi.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Rəfael Cəbrayılov da çıxışında hər bir xalqın seçim hüququ üçün müəyyən dövrlərdə mübarizə apardığını dilə gətirdi. Seçki hüququnun mühüm bir hüquq olduğunu qeyd edən R.Cəbrayılov istənilən seçkidə iştirak etməyi hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdi. Bəşər tarixinidə insanların seçki hüququnu əldə etmək üçün mühüm səylər göstərdiyini vurğulayan R.Cəbrayılov insanların azadlıq hüququ qədər seçki hüququnun da vacib olduğunu söylədi: "Azərbaycanda da insanlar öz istək və arzularını məhz seçkili orqanlar vasitəsi ilə ifadə edə bilirlər. Bələdiyyə seçkilərinin bu mənada mühüm və demokratik cəhətlərlə uzlaşma baxımından vacib olduğu hər kəsə məlumdur. Ölkəmizdə isə bu quruma seçkilər, ilk dəfə olaraq, 1999-cu ildə keçirilib. Artıq üçüncü dəfədir ki, keçirilən bələdiyyə seçkiləri vətəndaşların iradələrinə uyğun və daha yaxın olan bir seçki prosesidir. Çünki seçilən və formalaşan bələdiyyə strukturu, birbaşa olaraq, əhali ilə işləyən və ona yaxın olan bir qurumdur. Bələdiyyə sistemi yerli özünüidarə orqanı olduğu üçün onun strukturu da məhz yerlərdə insanlarla iş müstəvisində qurulur. Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinin birbaşa bələdiyyələrə həsr olunması bu sahədə tam təkmil qanunvericilik bazasının olmasından xəbər verir. Bələdiyyələr dövlət qurumu olmasalarda da dövlət onların fəaliyyət prinsiplərini stimullaşdırır. Artıq müəyyən bir dövr üçün ölkədə öz idarəçilik imkanlarını mənimsəmiş bələdiyyə strukturu daha da təkmilləşməkdədir" -deyən R.Cəbrayılov hər bir seçicini dekabrın 23-də məntəqələrə gələrək, öz seçim hüququndan istifadə etməyə səslədi.
Tədbirin sonunda seçiciləri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparıldı.