YAP bələdiyyə seçkilərində də parlaq qələbə qazanacaq
Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi tərəfindən təbliğat-təşviqat işləri ilə bağlı tərtib olunmuş qrafikə uyğun olaraq Gəncə şəhər, Nizami küçəsi, 1 saylı musiqi məktəbinin Nizami bələdiyyəsi seçiciləri ilə, Dədə Qorqud küçəsi "Metallurq" mədəniyyət sarayında Kəpəz bələdiyyəsi seçiciləri ilə YAP tərəfindən namizədliyi irəli sürülən bələdiyyə üzvlüyünə namizədlərin görüşü keçirildi.
Tədbirlərdə YAP Gəncə şəhər təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin nümayəndələri, 1200 nəfərdən çox seçici iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən, bələdiyyələrin fəaliyyətindən və qarşıda duran vəzifələrdən söhbət açdı. O, qeyd etdi ki, Yeni Azərbaycan Partiyası yeni seçki texnologiyası və cəmiyyətin tələblərini özündə əks etdirən "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərinə hazırlaşır. Ötən müddət ərzində YAP tərəfindən namizədliyi irəli sürülən partiya üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara seçki praktikası, bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilibdir. Şəhər təşkilatının sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurla davam etdirilməsini önə çəkdi. Bildirdi ki, bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi partiyanın qələbəsinin vacibliyini təmin edən şərtlərdəndir. Qeyd edildi ki, xalqın böyük dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, mövcud problemlərin həll olunmasında qətiyyətli addımlar atır. Məhz bizim qələbələrimizin əsası da xalqın bu ümumxalq partiyasına böyük inamından, etibarından və dəstəyindən qaynaqlanır. Şəhər təşkilatından üç bələdiyyəyə 40 namizəd irəli sürülüb ki, onlardan 35 faizi gənclər, 30 faizi qadınlardır. Söz yox ki, qadınlar və gənclər onlara göstərilən etimada cavab olaraq fəallıqlarını daha da artıracaq, partiyamızın qələbəsinə öz töhfələrini verəcəklər. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən partiya üzvləri məhz xalqa xidmət etmək üçün partiya tərəfindən seçiliblər: "Ümidvaram ki, xalqımızın dəstəyini alan namizədlərimiz inamlı qələbə qazanacaq və bundan sonra formalaşan bələdiyyələr Yeni Azərbaycan Partiyasının Proqramında qeyd olunduğu kimi, var qüvvələri ilə doğma xalqına xidmət göstərəcəkdir".
Partiyanın təbliğat qrupunun üzvlərindən professor Mirdaməd Sadıqov, professor Telman Məlikov və başqaları çıxış edərək, bildirdilər ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində hədəfi qələbə qazanmaq və artıq on illik təcrübəsi olan yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə də öz töhfəsini vermək niyyətindədir. Çıxış edənlər bildirdilər ki, ölkəmizdə gedən böyük inkişaf prosesində bələdiyyələr də layiqincə yer almalıdırlar. Bizim məqsədimiz bələdiyyələrin işinin keyfiyyətinin daha da artırılması üçün mövcud potensialdan düzgün istifadə etmək, hüquqi bazanın daha da mükəmməlləşdirilməsi üçün səylərimizi artırmaq, xalqın bələdiyyələrə inamını gücləndirmək və digər mühüm məsələlərin həllinə nail olmaqdır. YAP tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu məqsədlərin həyata keçirilməsində fəal iştirak etməli və seçicilərimizin etimadını qazanmalıdırlar.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək, bildirdilər ki, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası böyük nüfuza malikdir və insanlar tərəfindən dəstəklənən güclü, siyasi təşkilatdır. Bu gün əhalinin sosial problemlərinin həll edilməsi partiyamıza olan rəğbəti, inamı daha da artırır. Bizim üzərimizə düşən vəzifə isə verilən imkanlardan istifadə edərək, həyatımızın firavanlığına, insanların daha yaxşı yaşamasına asudə vaxtlarının səmərəli keçməsinə, bacardıqca daha yaxından kömək etmək,ahıllara, kimsəsiz uşaqlara diqqəti artırmaqdan ibarətdir. Şübhəsiz ki, bizim hər birimiz təbliğat işlərini yüksək səviyyədə qurmaqla, xalqın dəstəyini qazanacaq və seçkilərdə müvəffəqiyyət əldə edəcəyik.
Tədbirin sonunda şəhərin musiqi kollektivlərinin maraqlı konsert proqramı oldu.