Mübariz Qurbanlı: Hazırda Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əlverişli şərait yaranıb
"ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Afinada keçirilən toplantısında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul olunmuş bəyanatında danışıqlar prosesinin davam etdirilməsi fikri xüsusi qeyd olunmaqla, eyni zamanda danışıqların müəyyən baza prinsipləri əsasında nəticə verəcəyi fikri ifadə edilib. Afina bəyanatı Ermənistanın bundan əvvəlki danışıqlardakı iddialarına bir növ cavab olub". Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı xatırladıb ki, Ermənistan tərəfi son dövrlərdə həddindən artıq iddialı çıxış etməkdəydi. Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri zamanı Ermənistanın bu iddalarına cavab olaraq Azərbaycanın nəticəsiz danışıqları davam etdirməyəcəyini bəyan etdi. Dövlətimizin başçısı eyni zamanda, Azərbaycanın BMT-nin bəyan etdiyi prinsiplər əsasında öz ərazi bütövlüyünü digər vasitələrlə, hərbi yolla bərpası istiqamətində addımlar atacağını vurğulamışdı. Bu isə Ermənistanı iddialarından geri çəkilməyə məcbur etdi.
YAP İcra katibinin müavini qeyd edib ki, qarşı tərəfin iddiaları prezildentimizin sərt mövqeyi nəticəsində aradan qalxıb və hər iki prezidentin Münhen görüşündə Ermənistan yenidən danışıqlar prosesində müəyyən dərəcədə əməli mövqe nümayiş etdirib. Onun fikrincə, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında da verilən bəyanatlar Ermənistanın həmin iddialarından geri çəkildiyini göstərir.
"Yəni bu, pozitiv hadisədir. Bu amil perspektivdə danışıqların daha sürətlə getməsinə təkan verəcək. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində əlverişli şərait yaranıb. Bu əlverişli vəziyyətdən həm beynəlxalq təşkilatlar, həm də tərəflər istifadə etməlidir. Təbii ki, Azərbaycan danışıqlar yolu ilə problemi həll etməyə üstünlük verir. Amma danışıqlar istənilən nəticəni verməsə BMT Nizamnaməsinin 51-ci maddəsinə görə təcavüzə məruz qalan ölkə öz ərazisini hərbi yolla azad etmək hüququna malikdir. Ölkəmiz bu hüquqdan istifadə edə bilər" deyə M.Qurbanlı vurğulayıb.