PDF Oxu

Əsas

  • 12

Qarabağ münaqişəsi: hərbi potensial rakursundan baxış

Qarabağ münaqişəsi: hərbi potensial rakursundan baxış

Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt bəyanatlarından Ermənistanın hakimiyyət dairələrinin ciddi narahatlıq keçirdikləri günümüzün reallığıdır. Artıq bu bəyanatlara Ermənistan rəhbərliyi, xüsusilə işğalçı ölkənin hərbi elitası tərəfindən reaksiyalar verilib. Ciddi təşviş və həyacan açıq-aşkar hiss olunur. Təbii ki, Azərbaycanın sürətlə artan hərbi və iqtisadi potensialına rəğmən Ermənistanın narahatlığı üçün ciddi əsaslar var.
Bu fakt nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da təsbit olunub. Belə ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatını açıqlayıb. Hesabat 170 ölkəni əhatə edir və açıqlanan sənəd, birmənalı olaraq, Azərbaycanın işğalçı Ermənistan üzərindəki hərbi üstünlüyünü diqtə edir. Hesabatda Azərbaycan və Ermənistanın orduları haqda da məlumatlar yer alıb.
Hesabatda deyilir ki, Ermənistan ordusunun sayı Azərbaycan ordusunun sayından təxminən 35 faiz azdır. Ehtiyat qüvvələrinin sayına görə də Azərbaycanın imkanları Ermənistandan on dəfə genişdir. Hesabatda hər iki ölkənin hərbi-texniki potensialı da öz əksini tapıb. Bildirilir ki, Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdur. Hesabata görə, Azərbaycanın döyüş qabiliyyətli təyyarələrinin sayı Ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayından 3 dəfə artıqdır. Tank əleyhinə silahlara gəldikdə, hesabata görə, burda Azərbaycanın arsenalı Ermənistanınkından təxminən 10 dəfə çoxdur.
Beləliklə, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatı Azərbaycanın Ermənistan üzərindəki hərbi üstünlüyünü, birmənalı olaraq, şərtləndirir. Lakin bu üstünlük təkcə hərbi-texniki potensialla kifayətlənmir. Ordunun döyüş hazırlığı səviyyəsi, psixoloji durum və ərzaq təminatı baxımından da Azərbaycan nəinki Ermənistandan qabaqdadır, həmçinin, regionun ən modern ordusu hesab edilə bilər. Xüsusilə, qeyd olunmalıdır ki, Azərbaycan ordusunda zərəli tendensiyalar mövcud deyil, əsgərlə şəxsiyyət olaraq davranılır, hərbi elitanın öz əsgərinə münasibəti olduqca sağlam əsaslar üzərində qurulub. Ermənistana gəldikdə isə, heç bir şərhə yol vermədən elə ermənilərin öz dediklərini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.
Belə ki, Ermənistanda "Əsgər Anaları Birliyi"nin sədri Qreta Mirzoyan öz ölkəsinin ordusu ilə bağlı apardığı monitorinqlərdən sonra dəhşətə gəldiyini səmimi şəkildə etiraf edərək, bildirib ki, "Ermənistan ordusunda əsgəri xidmətdə olanların 30 faizi könüllülərdir. Onlar əsgəri xidmətə çağırılmış gənclərə rəhbərliyin gözü qarşısında dəhşətli işgəncələr verirlər. Belə bir hal keçmiş sovet ordusunda mövcud olub. Buna görə də gənclərin ictimai şüurunda orduda xidmət "katorqa cəzası" kimi dəyərləndirilir. Gənclər orduda xidmətdən yayınmaq üçün min bir üsuldan istifadə edirlər".
Analitika.at.ru saytı tərəfindən işğalçı ölkədə "Bizim ordumuz yaxşıdırmı?" adı ilə keçirilən sosioloji tədqiqatlardan sonra isə aydın olub ki, Ermənistan ordusunda vəziyyət ağırdır. Əsgərlərlə yanaşı, zabitlər belə komandanlıqla rüşvət metodu ilə dil tapır. Kimin harada və necə xidmət etməsi, xüsusilə, dağlıq bölgələrdə və Azərbaycanın işğal olunmuş ərazilərində əsgəri xidmət şəraiti olduqca dözülməzdir. Buna görə də ordunun döyüş hazırlığı səviyyəsi ildən-ilə aşağı düşür. Sorğunun nəticələrinə görə, orduda xidmət edən zabitlərin 90 faizi psixoloji və sosial mənada müharibəyə hazır deyil. Sosial həyat tərzinin dözülməz səviyyədə olması üzündən onlar "kimin üçün və nəyə görə?" döyüşmək kimi ictimai düşüncədən uzaqlaşıblar.
Ermənistanda gənc əsgərlərin çoxunun skolioz xəstəliyinin daşıyıcısı olmaları da ordu üçün dəhşətli problemlərdən biri kimi qeyd olunur. Araşdırmalar nəticəsində məlum olub ki, son iki ildə Ermənistan və separatçı Dağlıq Qarabağda əsgərlər və zabitlər arasında homeseksualizm, döyülmə və işgəncə hallarının sayı xeyli artıb. Ordu rəhbərliyi məcbur olaraq bu yöndə 483 cinayət işi açıb. 98 nəfər (62 gizir və 36 zabit) nəfər haqqında məhkəmə hökmü verilib. Məcburi halda rüşvət verməyə təhrik hallarına görə isə 123 nəfər zabit və gizir həbs olunub.
Digər tərəfdən Ermənistan ordusu çağırışçı çatışmazlığı ilə getdikcə daha çox üzləşir. "Eurasianet" portalının məlumatına görə, Ermənistanda hərbi xidmətdən azad olunmalarla bağlı güzəştlər, eləcə də demoqrafik vəziyyət çağırışçı çatışmazlığı probleminə səbəb olub. Yerevandakı hərbi mütəxəssislərin fikrincə, orduda xidmət edən əsgərlərin sayı 42 min nəfər olsa da, bu fakt əsil reallığı əks etdirmir. Belə ki, hər il orduda xidmətə 17-20 min nəfər gənci səfərbər etmək mümkündür. Çünki ordunun saxlanmasında çox böyük problemlər mövcuddur. Əsgərlərdən hətta acından ölənlərin sayı hər il artmaqdadır. Yazıda qeyd olunur ki, ötən əsrin 90-cı illərindən Ermənistanda doğum əmsalı kəskin şəkildə düşüb. Belə ki, 1991-ci ildə ölkədə 39 min oğlan uşağı doğulub, onlar 2009-cu ildə hərbi xidmətə çağırılıblar. Lakin doğulan oğlan uşaqlarının sayı 1995-ci ilə qədər 25697-ə enib. Ermənistan Dövlət Statistika Xidməti demoqrafiya şöbəsinin müdiri Karine Kuyumciyanın bildirdiyinə görə, müharibədən ötən dövr ərzində də doğum əmsalı yaxşılaşmayıb. Ötən il Ermənistanda doğulan körpələrin 24 mini oğlan olub. Statistika xidmətinin rəsmisi bildirib ki, bu, özünü ən azı gələn onillik ərzində hərbi xidmətə başlayan çağırışçılarının sayında əks etdirəcək.
Ermənistan ordusunun komplektləşdirilməsinə ölkədə hökm sürən sosial-iqtisadi problemlərlə əlaqədar yaranmış demoqrafik vəziyyət təsir etsə də, bu, yaranmış durumun yeganə səbəbi deyil. Problemin əsas səbəblərdən biri də, Ermənistan vətəndaşlarının öz övladlarını Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən, işğal altında olan Dağlıq Qarabağda xidmət keçməsini istəmədikləri ilə bağlıdır. Bir qədər imkanlı valideynlər verdikləri rüşvət hesabına övladlarının Ermənistanın Azərbaycanla təmas xətlərindən və işğal edilmiş ərazilərdən kənarda xidmət keçmələrinə nail ola bilirlər. Daha varlı valideynlər isə oğullarının Ermənistan ərazisində olan rus hərbi bazalarında xidmət keçmələrinə çalışırlır.

Bütün bunlarla yanaşı, Ermənistanda hökm sürən iqtisadi böhran ordunu təmin etməyə imkan vermir. Bunun nəticəsidir ki, gələn il üçün işğalçı ölkə özünün hərbi büdcəsində ciddi ixtisarlar etməli olub. Araşdırmalara görə, Ermənistanın müdafiə xərcləri gələn il üçün azaldılıb və 1/2 nisbətdə paylaşdırılır. 2010-cu il üçün nəzərdə tutulan 300 milyon dollarlıq rəsmi müdafiə xərclərinin 200 milyonu Ermənistan ərazisindəki silahlı qüvvələrin saxlanmasına, 100 milyonu isə Azərbaycanın işğal edilən ərazilərindəki hərbi birləşmələrə yönəldiləcək. Qeyri-rəsmi rəqəmləri də bu göstəriciyə əlavə etsək, onda Ermənistana 400 milyon, Qarabağ separatçılarına isə 200 milyon ABŞ dolları yönəldiləcək. Müqayisə üçün deyək ki, Azərbaycanın hərbi büdcəsi artıq 2 milyard dolları keçib. Yəni faktiki olaraq, Ermənistanın hərbi büdcəsindən 5 dəfə çoxdur.
Bütün bunlarla yanaşı, o da məlumdur ki, Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə yerləşdirməyə əsgər tapmır. Buna görə də muzdlu şəxslərə pul verilməklə səngərə gətirilir. Elə məhz bununla da düşmən ölkənin ordusunun vəziyyətini təhlil etməyə dəyər. Hazırda Ermənistan ordusunun olduqca ağır, böhran yaşadığı açıqca olaraq hiss edilməkdədir. Bunu həm yuxarıda göstərdiyimiz, həm də başqa faktlar sübut edir. Məsələ burasındadır ki, düşmən ölkənin ordusunda baş verən fərarilik, ölüm, "dedovşina", rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2007-ci ilə nisbətən 2008 və 2009-cu ilin müvafiq dövrünə qədər təxminən 25 faiz artıb. Ümumilikdə isə, göstərdiyimiz dövr ərzində Ermənistan ordusunda xeyli hərbi qulluqçu həlak olub ki, onların 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir. Qeyri-döyüş itkiləri əsasən I, II və III ordu korpuslarının tabeliyində olan hərbi hissələrdə baş verib. Bundan əlavə 2007-2009-cu illər ərzində Ermənistan ordusunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dizenteriya xəstəliklərinin sayı 2 dəfə artıb.
Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı məlum olub ki, Ermənistan ordusu kütləvi şəkildə homoseksualizm bəlasına düçardır. Bu cür faktları konkretləşdirməyin mümkünsüzlüyünü erməni rəsmiləri özləri də etiraf edirlər. Vəziyyət o həddə çatıb ki, hazırda ordu komandanlığının göstərişi ilə belə halların daha da genişlənməməsi və aşkar olunmuş şəxslərin ordudan tərxis olunmaları məqsədilə xüsusi hərbi həkim komissiyası yaradılıb. Həmçinin, bu ölkənin siyasi hakimiyyətində Ermənistandan olanlarla Qarabağdan olanlar arasında baş verən çəkişmə orduda da özünü açıq şəkildə büruzə verir. Belə ki, hərbi qulluqçularla Qarabağdan olan erməni hərbçiləri arasında davam edən ayrı-seçkilik və qruplaşma problemləri ölkə ictimaiyyətinin ciddi müzakirə mövzusudur. Ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunduğu, fiziki təzyiqlərə məruz qalmaları çoxsaylı cinayət faktlarına əsas verib.
Hətta Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorladığı barədə də faktlar ortaya çıxmaqdadır. Ermənistan rəsmilərinin ordu haqqındakı açıqlamaları, əldə olunan məlumatlar, statistik göstəricilər onu sübut edir ki, düşmənin ordusu bu gün səfalət və böhran içərisindədir. Əldə etdiyimiz informasiyalar Ermənistan ordusunda olan faktların kiçik bir hissəsidir.
Statistikaya görə, hər il Ermənistanı 70 min erməni tərk edir. Real fakt budur ki, erməni lobbisinin və "Daşnaksütyun"un girovuna çevrilib xam xəyallarla yaşamağa məhkum edilən mənfur qonşularımız səfalət içində olan ölkəni qoyub qaçırlar. Ermənistanın tanınmış hüquq müdafiəçisi və jurnalist Janna Aliksanyan Ermənistan silahlı qüvvələrindəki rüşvətxorluq hallarının adi hala çevrildiyi barədə bəyanatında yazır: "Əsgərləri döyür, onlara qarşı zorakılıqlar edirlər. Əsgəri məzuniyyətə göndərəndə də ondan pul almamış evə buraxmırlar. "Dedovşina" ordunu içindən didib-parçalayır". Ermənistan parlamentinin üzvü və vəkil Zaruhi Bostançyan isə erməni ordusunda nizamnamədən kənar cəza mexanizminin tətbiq olunduğunu bildirir.
Bütün bu və digər faktlar, öz növbəsində, Azərbaycanın hərbi üstünlüyünü diqtə edir. Göründüyü kimi, bu gün işğalçı Ermənistanın narahatlığı üçün ciddi əsaslar var və bunu Azərbaycanın malik olduğu qüdrətli ordu şərtləndirir.

Digər xəbərlər