Yeni Azərbaycan Partiyası xalqın dəstəklədiyi siyasi qüvvədir
Dünən YAP Qusar rayon təşkilatının təbliğat-təşviqat qrupu rayonun Aşağıləyər, Hil və Yasab kəndlərinin seçiciləri ilə görüş keçirdi. Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, ilk olaraq, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışdı.
Bildirdi ki, Milli Məclisdə bələdiyyələrin sayının azaldılması və birləşdirilməsi ilə bağlı qəbul olunmuş Qanunun icrası məqsədilə Qusar rayonunda da bir neçə bələdiyyələr birləşdirilib: "Dekabrın 23-də keçiriləcək seçkilər zamanı 29 bələdiyyəyə 261 nəfər namizəd irəli sürülüb. YAP Qusar rayon təşkilatı bütün yerlərə öz namizədlərini irəli sürüb. İrəli sürülən namizədlərin 53 nəfəri gənc, 55 nəfəri isə qadınlardır".
D.İbrahimxəlilov, həmçinin, onu da vurğuladı ki, YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, rayon təşkilatı namizədləri müəyyənləşdirərkən, gənclərin və qadınların da potensialından yararlanıb. Belə ki, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 261 nəfərin 35,8 faizini qadınlar, 31,7 faizini isə gənclər təşkil edir. Onların da 82 faizi ali təhsillidir".
D.İbrahimxəlilov yerli özünüidaretmə orqanları olan bələdiyyələrin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələrin qoyduğunu bildirdi. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışan natiq qeyd edib ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib. Bu seçkilərdə də, YAP-ın irəli sürdüyü namizədlərin seçicilər tərəfindən yekdilliklə dəstəklənəcəyinə əminliyini bildirdi.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın idarə heyətinin üzvü, millət vəkili, professor Nizami Xudiyev Yeni Azərbaycan Partiyasının, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbəsinin labüd olduğunu bildidi: "Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalqa xidmət naminə" proqramı ilə gedir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışmalıdır. Bir məsələni də vurğulamaq istərdim ki, bu seçkinin digər ölkələrdə keçirilən seçkilərdən fərqli cəhəti var. Belə ki, yerli özünüidarəetmə orqanlarına namizədliyini verən şəxs əhali ilə yerlərdə görüşərək, onların problemləri ilə yaxından tanış olur. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər seçicilər tərəfindən dəstəklənəcək və seçilən namizədlər də əhaliyə yüksək xidmət nümayiş etdirəcək".
Hazırda seçkilərin mühüm mərhələsi olan seçicilərlə görüşün əhəmiyyətinə toxunan N.Xudiyev bildirdi ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir. Onun fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq.
YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Yevda Abramov görüşdə çıxış edərək, əvvəlki seçkilər kimi, bu seçkilərin də şəffaf və demokratik şəraitdə baş tutacağını dedi: "Bu gün müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Bu istiqamətdə, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda təbliğ olunmaqdadır. Məhz bunun nəticəsidir ki, ötən prezident, parlament seçkilərinin uğurla başa vuran Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr qurumun ictimaiyyət arasında nüfuzunu, çoxsaylı sosial bazasının olduğunu göstərdi. Xalqın yüksək inamını və etimadını qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən dəstəklənəcəyinə inanırıq".
Səlahiyyətli nümayəndə Y.Abramov Qusar seçicilərinin həmişə siyasi proseslərdə fəal iştirak etdiklərini və dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçiriləcək seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi.
Sonda YAP-ın səlahiyyətli nümayəndələri namizədlərə vətəndaşlarla təmasların qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması haqqında tövsiyələrini çatdırdılar.