PDF Oxu

Əsas

  • 14

YAP xalqın istəyini tərənnüm edən partiyadır

YAP xalqın istəyini tərənnüm edən partiyadır
Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən şəxslərlə keçirilən görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, təşkilatın sədri Zakir Qaralov ilk öncə, tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik etdi.
Daha sonra o, rayonda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən danışdı. Z.Qaralov bildirdi ki, rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşıb və öz işini partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurub. Digər zəruri seçki prosedurlarını uğurla icra edən rayon təşkilatı hazırda təşviqat kampaniyası aparır. O, bu məqsədlə rayonun bütün qəsəbələrində seçicilərlə görüşlər keçirilməsinin planlaşdırıldığını vurğulayaraq, əlavə etdi ki, seçkilərə qədər hər bir seçici partiyamızın namizədləri haqqında dolğun məlumatlara malik olacaq.
Z.Qaralov daha sonra bildirdi ki, 18 nəfərdən ibarət yerli rayon qərargahı yaradılıb: "Rayonda olan 3 bələdiyyədən - Səbail, Badamdar və Bibi-Heybət bələdiyyələrinə, ərazilərindəki əhalinin sayına müvafiq olaraq, 41 nəfərlik yerə eyni sayda namizəd irəli sürülüb. Müəyyən texniki səbəblərdən 39 namizəd müvafiq dairə seçki komissiyalarında qeydə alınıb. Həmin namizədlərin seçimində qadınların və gənclərin sayı çoxluq təşkil edir.
Z.Qaralov onu da bildirdi ki, əvvəlki seçkilərlə müqayisədə bu seçkilərdə iştirak edən namizədlərin tərkibində qadınların, gənclərin və ali təhsillilərin sayı 2 dəfədən çox artıb.
Z.Qaralov Prezident İlham Əliyevin uğurlu iqtisadi-sosial siyasətindən danışaraq, son 6 ildə ölkəmizdə görülmüş işlər barəsində ətraflı məlumat verdi. Bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir: "Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub. Prezident İlham Əliyev ən yeni tarixin ortaya çıxardığı siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoymuş olub. Ölkədə hökm sürən sabitliyin qorunmasının və möhkəmlənməsinin inkişafın əsas indikatoru olduğunu başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Respublikamız makroiqtisadi sabitlik, yüksək milli yığımlar, eləcə də inflyasiya tempi, bazarların səmərəliliyinin artırılması ilə bağlı göstəricilərə görə, bir sıra inkişaf etmiş dövlətləri qabaqlamaqda davam edir. Əsas indikatorlardan biri olan əmək bazarında islahatların aparılmasına görə, Azərbaycan hər il öz vəziyyətini daha da yaxşılaşdırır. Yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsi ilə bağlı hökumətin strateji addımlarının məntiqi nəticəsi öz bəhrəsini verməkdədir".
Z.Qaralov Azərbaycanda bələdiyyə strukturunun formalaşması və tarixindən də geniş bəhs etdi: "1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyası referendum yolu ilə qəbul olunduqdan sonra həmin sənəddə mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi və həmçinin, yerli özünüidarəetmənin təşkili məsələləri əksini tapmışdır. Həmin dövrdən başlayaraq, cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması ideyası ortaya çıxdı. O dövrdə Milli Məclisdə yaradılan daimi komissiyalardan biri yerli özünüidarə məsələləri daimi komissiyası idi. Həmin komissiyada ilk olaraq, gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin hüquqi tənzimlənməsi üçün müvafiq bazanın formalaşdırılması istiqamətində qanunlar, normativ hüquqi sənədlər hazırlanmağa başlandı. 1995-ci ildən 1999-cu ilə qədər bu proses davam etdi və 1999-cu ildə respublikamızda, ilk dəfə olaraq, bələdiyyə seçkiləri keçirildi".
Ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini söyləyən Z.Qaralov əmin olduğunu vurğulayaraq, qeyd etdi ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq: "Bu baxımdan da əminliklə vurğulamaq istərdim ki, ölkədə baş tutmuş bütün seçki kampaniyalarını uğurla başa vuran YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərində də qarşıya qoyulmuş məqsədə nail olacaq".
Görüşdə çıxış edən YAP Səbail rayon təşkilat sədrinin müavini Əhliman Qarayev Yeni Azərbaycan Partiyasının Azərbaycanın hər yerində sevilən və dəstəklənən siyasi təşkilat olduğunu vurğuladı. Ə.Qarayev bildirdi ki, məhz xalqın bu cür böyük etimad göstərməsi və ciddi dəstəyi partiyanın uğurlarında əsas rol oynayır. Hakim partiyanın hazırda nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu diqqətə çatdıran Ə.Qarayevin sözlərinə görə, yarandığı tarixdən 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak etmiş və yüksək nəticə əldə etmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə qazanacaq.
Görüşdə YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Həsən Tağıyev, rayon təşkilat sədrinin müavini Muxtar Nağıyev və rayon təşkilatı idarə heyətinin üzvü Hacan Hacıyev iştirak etdi.

Digər xəbərlər