Bələdiyyə xalq tərəfindən seçilirsə, xalqa da xidmət etməlidir
Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində bələdiyyələrə namizədlikləri irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı sədri Nəbi Xəlilov bildirdi ki, artıq təbliğat-təşviqat kampaniyasına start verilib. Respublikada üçüncü bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edən sədr xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu qeyd etdi: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə qurulmasına şərait yaradıb". Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu söyləyən N. Xəlilov bu səbəbdən də, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyətin düşdüyünü bildirdi. Əgər bələdiyyə xalqda tərəfindən seçilirsə, sözsüz ki, xalqa xidmət etməlidir.
N.Xəlilov YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, rayon təşkilatı namizədləri müəyyənləşdirərkən, gənclərin və qadınların da potensialından yararlandığını söylədi. Belə ki, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş namizədlər arasında qadınlarla gənclər üstünlük təşkil edir. Onların da əksəriyyəti ali təhsillidir. N.Xəlilov, eyni zamanda, namizədlərin seçicilərlə təmaslarının qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması barədə tövsiyələrini çatdırdı.
Təşkilatın sədri çıxışında ümidvar olduğunu bildirdi ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də rayon təşkilatının üzvləri və ümumiyyətlə, Binəqədi sakinləri yüksək fəallıq nümayiş etdirəcək, dövlətçiliyimizin, inkişafın keşiyində dayandıqlarını bir daha sübuta yetirəcəklər.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Madar Musayev çıxış edərək, namizədlərə bələdiyyə seçkiləri haqqında ətraflı məlumat verdi və qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üçün ciddi hazırlığın vacibliyini önə çəkdi. Millət vəkili təbliğat-təşviqat dövründə fəal iş aparılmasının əhəmiyyətini qeyd etdi: "Bələdiyyələrin təkmilləşdirilməsi istiqamətində Milli Məclis tərəfindən 30-a yaxın qanun qəbul olunub. Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial-iqtisadi məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu Konstitutsiyada bələdiyyələrin funksiyalarına dair mükəmməl müddəalar öz əksini tapıb. Ümidvarıq ki, bələdiyyələr Konstitusiyanın tələblərinə uyğun şəkildə fəaliyyətlərini quracaqlar". M.Musayev bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğur arzulamaqla bərabər, onlara seçiləcəkləri təqdirdə, əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi.
Millət vəkili onu da bildirdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin artırılması əsas vəzifə kimi qarşıda durmalıdır.
Tədbirdə namizədlikləri irəli sürülmüş Qəhrəman Qəhrəmanov, Sahib Məcidov və başqaları çıxış edərək, bələdiyyə üzvləri seçiləcəkləri təqdirdə, seçicilərin problemləri ilə yaxından tanış olacaq və bələdiyyələrin səlahiyyətləri çərçivəsində nöqsanları aradan qaldıracaqlarını bildirdilər.
Sonra tədbir seçiciləri maraqlandıran suallar ətrafında diskussiya şəklində davam etdirildi.