Avropada islamafobiya yenidən tüğyan edir. Zəngin və çoxəsirlik islam mədəniyyətinə qarşı "səlib yürüşü" tam çılpaqlığı ilə ortadadır. Çürüməkdə olan Qərb sivilizasiyası islam dünyası qarşısında öz acizliyini indi də məscid minarələrinə qarşı çıxmaqla nümayiş etdirir. İsveçrənin timsalında Qərb artıq bu cür qeyri-tolerant davranışını gizlətmir.
İsveçrədə minarələrin ucaldılmasına qadağa qoyulması ilə bağlı keçirilən referendumun ilkin nəticələrinə görə, isveçrəlilərin əksəriyyəti, daha dəqiq desək, 59 faizi ölkələrində minarələrin inşasının qadağan olunmasını istəyir. Məlum olduğu kimi, bu cür bədnam və anti-islam xarakteri daşıyan "ümumxalq səsverməsi"nin keçirilməsi təşəbbüsü parlamentdə əksəriyyət təşkil edən İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, "minarələr İsveçrənin islamlaşdırılması strategiyasının bir hissəsidir". Hazırda İsveçrədə 400 min müsəlman yaşayır, islam bu ölkədə xristianlıqdan sonra ikinci dindir və bununla yanaşı, ölkədə, ümumilikdə, cəmi dörd minarə ucaldılıb.
Bu fakt islam dininə qarşı yönələn təsadüfü və yeganə təcavüzkar akt deyil. Belə ki, İsveçrənin ardınca Hollandiya da bu kampaniyaya qoşularaq islamafobiya start verdi. Belə ki, Holland Azadlıq Partiyası bildirib ki, hökumətə belə bir qadağanın qoyulması ilə bağlı müraciət edəcəklər və bu məqsədlə referendumun keçirilməsini istəyəcəklər. Parlamentdə 150 yerdən cəmi 9-a sahib olan partiya islama və miqrantlara qarşı tənqidi mövqeyi ilə fərqlənir.
Qərb sivilizasiyaısnın islam dünyasına qarşı bu cür qərəzli və fitnəkar davranışlarının arxasında, sözsüz ki, ciddi siyasi məqsədlər dayanır. Əslində, Avropa bu gün fərqində deyil ki, bu geosiyasi məkanda islam mədəniyyətinin yayılması qətiyyən Avropaya təhlükə törətmir, əksinə, bu, Avropanın xilasına yönələn prosesdir. Zaman-zaman bu həqiqəti Avropanın görkəmli alimləri və filosofları da etiraf etmişlər.
Məşhur "Edqar" mükafatının laureatı Mark Qrehem bu barədə müfəssəl olaraq yazıb. Yazıçının sözlərinə görə, "əgər Avropaya müsəlman təsiri olmasaydı, onda bizim indi tanıdığımız Avropa, yəqin ki, heç mövcud belə olmazdı". Mark Qrehem özünün "İslam necə müasir dünyanı yaratdı" adlı kitabında müsəlmanların, nəinki özlərinin elmi məktəblərini və yeni elmi sahələrini formalaşdırdıqları barədə, nəinki antik intellektual və elmi irsi qoruyub saxladıqları barədə və nəinki bütün bunları əhəmiyyətli dərəcədə inkişaf etdirdikləri, genişləndirdikləri və dərinləşdirdikləri barədə sübutlar gətirərək, çox müfəssəl şəkildə izahlar vermişdir. Müəllif, həmçinin, bu kitabında müsəlman irsinin bizim bu gün sırf Qərb dünyası kimi qəbul etdiyimiz dünyanı yaratdığı barədə də geniş və müfəssəl söhbət açmışdır.
Mark Qrehemin sözlərinə görə, müsəlman mütəfəkkirləri, şairləri və alimləri Avropa intibahının əsasını qoymuşlar. Buna nümunə kimi, Mark Qrehem folosof İbn Rüşdün timsalında müsəlman alimlərinin fəlsəfi konsepsiyalarının Avropa universitetlərinə daxil olaraq, ortodoksal kilsənin səhv və ətalətsiz doqmalarını darmadağın etməsini və Avropa cəmiyyətində elmi metodlara yol açmasını göstərmişdir.
Mark Qrehem, konkret olaraq, Dantenin "İlahi komediyası"nda böyük mütəfəkkir İbn Ərəbinin əsərlərindən götürülmüş motivlərdən çox geniş şəkildə istifadə olunduğunu qeyd etmişdir. O, bu əsərdəki müsəlman təsirində Dantenin müəllimi Brunetto Latininin böyük rolu olduğunu bildirmişdir. Daha sonra öz kitabında Mark Qrehem elə bir tarixi faktı göstərmişdir ki, bir buna görə Avropa islam dünyası qarşısında əvəzi hələ də ödənilməmiş bir borclu kimi qalacaqdır.
Söhbət, 1260-cı ildə monqolların qabaqlarına çıxan hər bir şeyi darmadağın edərək, irəliləyən çox böyük qoşun birləşmələrinin qarşısında dayanan qüvvənin məhz müsəlmanlar olmasından gedir. O zaman, Misirdəki məmlüklər Fələstində yerləşən Əyn Cəlut məntəqəsi yaxınlığında monqol qoşunlarını darmadağın edərək, faktiki olaraq, Avropanı xarabazarlığa çevrilməkdən və məhv olmaqdan xilas etdilər.
Avropanın başı üzərini almış ölümcül təhlükədən müsəlmanların ona verdikləri bu cür gözlənilməz xilası, Mark Qrehem "İslam dünyasının Qərb dünyasına verdiyi ən böyük hədiyyəsi - bilikdən sonra ona bəxş etdiyi daha bir nemət" adlandırmışdır. Bütün aparıcı ekspertlərin və siyasətçilərin müsəlman və Qərb sivilizasiyalarının toqquşmasının qaçılmaz olduğu barədə olan rəylərinə rəğmən Mark Qrehem, nəinki Avropanın formalaşmasında müsəlman sivizasiyasının müəyyənedici rolu barədə cəsarətli bəyanatlar verməyə özündə güc tapır, o həmçinin, bəyan edir ki, müsəlman və Qərb sivilizasiyaları eyni intellektual və mənəvi köklərdən yaranmışdar. Onun nəzərində, mahiyyət etibarilə Qərbə və islama bir mədəniyyətin müxtəlif tərəfləri kimi baxmaq olar.
Digər Avropa alimi Tim Uolles-Mörfin isə bildirir ki, "Avropaya elə təkcə bir ərəb rəqəmlərinin və hesablama sisteminin ötürülməsi, avropalıların düşüncə tərzində riyaziyyat, cəbr, həndəsə sahəsində inqilab yaratmasına gətirib çıxardı. Bu cür inqilab əsasında isə tədris, memarlıq, ticarət, iqtisadiyyat kimi sahələr və sonradan da bütün Avropanın inkişafı təşəkkül tapdı. Bundan başqa, müsəlmanlar Avropanı dini tolerantlıq, təhsil və biliyə hörmət, cəngavərlik və qardaşlıq ənənələri prinsipləri ilə tanış etdilər".
Avropa üçün antik bilikləri saxlayan, ona öz elmi və mənəvi irsini bəxş edən və onun intibahına doğru təkan vermiş bir qüvvənin məhz müsəlman sivilizasiyasının olduğunu bildirən digər bir müəllif - Corc Saliba da özünün "İslam elmi və Avropa İntibahının yetişməsi" adlı kitabında bu barədə ətraflı yazır. Corc Salibanın araşdırmaları Avropada o qədər böyük maraq doğurub ki, kitab müəllifini bu mövzu ilə bağlı çoxlu sayda universitet və tədqiqat mərkəzlərində məruzələrlə çıxış etməyə dəvət etmişlər. Bu mövzu üzərində işləyən müəlliflər sırasında professor Çarlz Bernettin də adını çəkmək lazımdır. Belə ki, o, islam elmi traktatlarının və tərcümələrinin Avropa cəmiyyətinə təsirini öyrənmiş və Avropada elmlərin dirçəlməsinin müsəlman köklərini müəyyən etmişdir.
Çarlz Bernett, ümumiyyətlə, bəyan edir ki, Avropaya müsəlman elmi və mədəni təsiri o qədər dərin olmuşdur ki, bu, faktiki olaraq, Avropa qitəsində yeni bir cəmiyyət formalaşdırmış və hətta kapitalizmin yaranması üçün ictimai və iqtisadi şəraiti hazırlamışdır. İntibahın özünə gəldikdə isə, Çarlz Bernett təklif edir ki, burada bir intibah, bir dirçəliş dövrü yox, bir neçə intibah dövrü görmək lazımdır. Belə ki, o, müsəlman təhsil sistemi və elmi ilə tanışlıq dövrü ilə başlayan XVII əsr intibahını və müsəlmanların Avropa üçün qoruyub saxladıqları incəsənətdə, memarlıqda və ədəbiyyatda antik standartların yenidən dirçəlməsi dövrü olan XV əsr İntibahını fərqləndirmişdir.
Onun sözlərinə görə, XVI və XVII əsrlərin intibahı isə özünü müsəlmanların astronomiya sahəsində elmi nailiyyətləri ilə yenidən həyata qayıtmasında büruzə vermişdir. Belə ki, məhz bu zaman islam elminin təsiri ilə avropalıların dünyagörüşlərini tamamilə tərsinə çevirmiş Qalileo Qalileyin və Nikolay Kopernikin elmi konsepsiyaları formalaşmağa başlamışdır. Çarlz Bernett öz Qərb həmkarlarını müsəlmanların fövqəl bir tərzdə Avropanın dirçəlişinə təsir etdiklərini nəzərə alaraq, bu intibahı tamamilə yenidən qiymətləndirməyə çağırmışdır. Belə ki, çox qəribədir ki, hətta Qərbin akademik dairələrində belə, bu tarixi fakt tamamilə alimlərin yaddaşlarından çıxarılmışdır və silinmişdir.
Avropa intibahına müsəlman təsirinin bütün izlərinin sıxışdırılıb çıxarılması prosesi isə avropalıların müsəlman elmi irsinin bütün nailiyyətlərini qəbul edərək, özlərinin çox təsirli bir qüvvəyə çevrilmələrindən sonra başlamışdır. Belə ki, bundan sonra avropalılar bu elmlərlə silahlanaraq, özlərinin müəllimlərinə, tərbiyəçilərinə və elmi nöqteyi-nəzər baxımından, öz "atalarına" qarşı aqressiv, təcavüzkarcasına silahlı hücuma keçdilər. Avropa kilsəsi və hökmdarları tarixdə Avropa intibahını nə keçmişdə və nə də hazırkı zamanda digər sivilizasiyalarla heç bir ümumi cəhəti olmayan və istisna olaraq, özlərinin yaradılışı olan, bir Avropa halı kimi təqdim etmək üçün imkanları daxilində olan bütün hər şeyi etdilər.
Beləliklə, bu və digər faktlardan, bir daha aydın olur ki, əslində Avropa özünün bugünkü mövcudluğuna görə islam mədəniyyətinə və dəyərlərinə borcludur. Bəs bu zaman nədir Avropanı islama qarşı çıxmağa vadar edən əsas amillər? Bu suala İtaliyanın Paduya Universitetində işləyən Stefano Alyevi "İslamı qəbul edənlər: "Avropada İslam" adlı kitabında aydınlıq gətirir. Onun fikrincə, avropalılar islam amilindən hələ lazımınca xəbərdar deyillər. Onun tərəfindən proqnozlaşdırılan bu fikirlər Avropanı dəhşətə salır: "50 il ərzində Avropa ya islamlaşacaq, ya da çox geniş miqyasda islamın təsiri altına düşəcək. Həm də bu artım III dünya ölkələrindən gələn mühacirlərin sayəsində deyil, kommunizmin iflası və kapitalizmin daxili tənəzzülü müqabilində islamın alternativ bir dünyagörüşü kimi qəbul edilməsi yoluyla həyata keçəcəkdir".
İtalyan aliminin bu "narahatlığını", əslində, dünya əhalisinin artım statistikası da təsdiqləyir. Belə ki, dünyanın müsəlman əhalisinin sayı 1973-cü ildə 500 milyon idisə, hazırda bu rəqəm 1,5 milyarda çatır. Qərbli tədqiqatçılar miqrasiya proseslərinin təsiri altında çoxlu sayda avropalının islamı qəbul etməsi nəticəsində, 50 ildən sonra bu bölgənin islam dini üçün başlıca mərkəz olacağını proqnozlaşdırırlar. Fransanın "Aktual" jurnalının müsahibə aldığı fransalı tədqiqatçı Oliver Royun fikrincə isə, avropalaşmaq islamı liberallaşdıracaqdır.
Onu da qeyd edək ki, Fransadakı "Dünyəvilik əldən gedir" kimi çıxışlara səbəb olmuş hicabla bağlı böhran; Aralıq dənizi sahilində yerləşmiş Avropa ölkələrinə Şimali Afrikadan güclü mühacir axını; Almaniya və İngiltərədəki müsəlman icmaları - bütün bunlar avropalıların islam barəsində "pis-yaxşı", müəyyən qədər tanışlıq əldə etmələri üçün vasitəyə çevrilmişdir. Bəziləri uzun illər uzaqdan-uzağa müşahidə etdikləri "müsəlmanlar"ı birdən-birə yanlarında gördükdə, özlərini əməlli-başlı itirirlər: "soyuq müharibə" zamanı torpaqlarında bir kabus kimi dolaşan "kommunizm bəlası"ndan yenicə xilas olduqları bir vaxtda, bu yeni "kabus", görəsən, haradan peyda olmuşdu? Üstəlik, bu "kabus", yaşadıqları şəhərin düz mərkəzində namaz qılır, küçələrdə imperializm əleyhinə şüarlar çağırır, bayraqlar yellədir.
Avropalı bu "kabus"u əvvəlcə "dişinə vurdu". Sonra həmişəki ənənəsinə uyğun olaraq, onu başa düşməyə və öyənməyə çalışdı; mütəxəssisləri səfərbər etdi. Bu axını bəziləri "Yaradanın qəzəbi", digərləri "Mədəniyyətlərin toqquşması" adlandırdı. Bir başqası isə, mütləq orta bir yol axtarmağın, humanistləşən dünyada birlikdə, yanaşı yaşayış şərtləri yaratmağın zəruriliyini müdafiə etməyə başladı.
Farnsanın "Le-Fiqaro Maqazin" jurnalı özünün bu ilin yanvar sayında bu mövzuya toxunduqdan daha sonra "Mariann" jurnalı 100-cü sayında "İslamın yüksəlişi"ni təhlil edib. Jurnaldakı həmin yazı "öz ölkəsini xristianlığın qalası hesab edən Fil Dişi Sahili Respublikasının sabiq prezidentinin bir gün ayılıb burada islamın birinci din olduğunu görməsindən xəcalət çəkdiyini" bildirməklə başlayır. Qeyd edək ki, Fil Dişi Sahili Respublikası prezidentinin inşa etdirdiyi nəhəng kafedral kilsənin görkəmi də islamın sürətli artımının qarşısını ala bilmədi. Paytaxt şəhəri Abicanda tikilən məscidin inşası hələ başa çatmamış, ora namaz qılmağa gələn müsəlmanların sayı kilsəyə ibadətə gələnlərin sayını ötüb keçdi. Həm də Fil Dişi Sahili Respublikası bu sahədə istisna təşkil etmir. Hətta Seneqal, Mali, Niger kimi, ənənəvi olaraq, qədim müsəlman məmləkətləri hesab edilən ölkələr nəzərə alınmazsa belə, Qərbi Afrikanın bütün başqa ölkələrində islamın nüfuzu gün-gündən artır. Hətta 65 milyon nəfər əhalisi olan Nigeriyada şəriət üsul-idarəsinə keçməyin yolları araşdırılır.
Qərbi Afrika müsəlmanların sayı nöqteyi-nəzərindən demək olar ki, artıq "hazırdır". İndi növbədə başqa ölkələr durur. Yerli ənənəvi dinlərə inananlar gündən-günə azalaraq, yox olur, xristianlar isə baş verənləri analaya bilməyərək, çaşqınlıq içində qalmışlar. Öz növbəsində, Səudiyyə Ərəbistanı neft satışından əldə etdiyi dollarlar və ezam etdiyi din mübəlliğləri vasitəsilə Aşağı Səhra bölgəsini tədricən bütünlüklə öz nəzarəti altına almaqdadır. Xristian dünyasının fikrincə, Afrika qitəsindəki artım zəncirvari prosesin yalnız bir halqasını təşkil edir.
Beləliklə, islam Yer kürəsinin dörd tərəfində ağlasığmaz bir sürətlə yayılmaqdadır. Afrikadan ayrılıb nəzələri qitələrə yönəltsək də, ciddi fərqə səbəb olacaq heç bir şey görmərik. Son 25 ildə müsəlmanların sayı düz 3 dəfə artaraq, tarixdə ilk dəfə xristianları sayca geridə qoymuşdur. 1973-cü ildə müsəlmanların sayı 500 milyon idisə, bu gün bu rəqəm 1,5 milyarda yaxınlaşmaqdadır. Başqa sözlə, Yer kürəsinin hər dörd nəfər sakinindən biri müsəlmandır. Bu, Avropa üçün elə başgicəlləndirici bir inkşafdır ki, təkcə onun sürəti tərəddüdlü şəxsləri öz təsiri altına alaraq, onların islamı qəbul etməsinə səbəb olur. Bu artımı şərtləndirən başqa bir amil doğum faizidir. Avropalı sosioloq Jan Pol Çarneyin apardığı demokrafik tədqiqatlar bunu düşünməyə əsas verir ki, təkcə ərəb ölkələrində müsəlman əhalinin sayı 2025-ci ilə kimi 2 dəfə artacaqdır.
Bütün bunlara rəğmən, islam dünyasında xristianlara qarşı münasibət hər zaman sivil dəyərlərə uyğun qurulub. Başqa dünyəvi dinlərə hörmət və ehtiram islamın ən başlıca prinsiplərindən biridir.