Yeni Azərbaycan Partiyası: dünəndən bu günə, bü gündən gələcəyə şərəfli yol
Bu dövrdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, imzalanmış atəşkəs sazişinə baxmayaraq, təcavüzkar Ermənistanla daim münaqişə vəziyyətində olan Azərbaycan Silahlı Qüvvələrinin təhcizatı və döyüş qabiliyyəti xeyli yüksəlmişdir. Prezident İlham Əliyev demişdir: "Orduya qayğı, hüquq-mühafizə orqanlarına qayğı bizim əsas vəzifəmizdir. Azərbaycan əsgərinə, zabitinə hörmət hər kəsin borcudur, çünki, onlar dövlətin, xalqın qüdrətidir.Onların şərəfli fəaliyyətləri lazımınca qiymətləndiriləcək və dövlət bu insanların sosial vəziyyətini yüksəldəcək".
(Əvvəli ötən sayda)
Dövlət başçısının müvafiq sərəncamına əsasən, hərbi qulluqçuların vəzifə maaşları mütəmadi artırılmış, və onların mənzillə təminatı, həmçinin, digər sosial - məişət problemlərinin həllinə dövlət qayğısı daha da artırılmışdır.
Təhsil sahəsində dövlət qayğısı özünü bütün istiqamətdə hiss etdirmişdir. Belə ki, ali təhsil müəssisələrinin maddi- texniki bazası xeyli genişlənmiş, təhsil ocaqlarında dünya standartlarına uyğun elmi şərait yaradılmışdır. Həmçinin, təhsil müəssisələrində çalışanların əmək haqları, tələbə və aspirantların təqaüdləri bir neçə dəfə artırılmış, ünvanlı təqaüdlərin əhatə sferası xeyli genişlənmişdir. Bundan əlavə, prezidentin orta məktəblərin kompüterlərlə təmin olunması istiqamətində imzaladığı sənədlər və bu istiqamətdə həyata keçirdiyi əməli işlər, nəticə etibarilə, ölkədə orta təhsilin keyfiyyətcə yaxşılaşmasına stimul yaratmışdır.
Prezident İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun, bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət, incəsənət, ədəbiyyat sferalarında, həmçinin, milli-mənəvi, dini dəyərlərin qorunması və möhkəmləndirilməsi istiqamətində də davam etdirmişdir.
Hazırkı dünya nizamının aydın görünən özəlliklərinə söykənən Heydər Əliyev xarici siyasət konsepsiyası ilə tam silahlanmış İlham Əliyevin onu uğurla həyata keçirmək istəyinə, qətiyyətinə və səriştəsinə malik olduğu xarici ölkələrə rəsmi dövlət səfərləri zamanı bir daha təsdiqlənmiş oldu. Nəticədə Heydər Əliyevin səyləri sayəsində beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış etibarlı tərəfdaş imici nəinki qorunub saxlanıldı, hətta yeni impuls qazandı.
Bu, ilk növbədə, özünü Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və dəqiqliklə işlənib hazırlanmış balanslaşdırılmış xarici siyasət xəttinin uğurlu davamında büruzə verir. Regionda baş verən proseslər (Rusiya-Gürcüstan münaqişəsi) bir daha təsdiq etdi ki, geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiş, məhz balanslaşdırılmış xarici siyasət kursu nəticəsində, nəinki öz mənafelərini uğurla qoruya bilmiş, həmçinin, regionun ən vacib ölkəsi halına gəlmişdir.
Azərbaycan həm MDB məkanında, həm də Avroatlantik məkanda əlverişli və etibarlı partnyor imici qazanmış, ölkəmizin xarici siyasəti öz prinsipiallığı və konseptuallığı ilə fərqlənərək, daim beynəlxalq birliyin və qlobal güc mərkəzlərinin diqqət mərkəzində olmuşdur. Bu baxımdan, 14 noyabr 2008-ci il tarixində Beynəlxalq Enerji Sammitinin məhz Bakıda keçirilməsi mühüm siyasi məna daşıyır.
Ötən dövrdə cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə hücumçu taktika əlavə olunmuş, onun effektivliyini daha da artırmışdır. Bu isə özünü ölkəmizin ən ağır problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda qabarıq şəkildə göstərmişdir. Belə ki, hücumçu diplomatiya nəticəsində Dağlıq Qarabağ məsələsi BMT səviyyəsində müzakirəyə çıxarılmış, bu isə təcavüzkar Ermənistanı və onun havadarlarını ciddi narahat etmişdir. Bu gün artıq ölkənin ərazi bütövlüyü, nəinki beynəlxalq qurumlarda və dünyanın aparıcı dövlətləri tərəfindən etiraf olunur, həmçinin, rəsmi sənədlərlə təsdiq edilir.
Görülmüş işlərin yekunu və məntiqi davamı ölkəmizin ictimai-siyasi həyatında mühüm və aparıcı yer tutan YAP-ın IV Qurultayının aldığı tarixi qərarda öz əksini tapdı. Qurultay yeni mərhələdə partiyanın qarşısında duran vəzifələri və prioritet istiqamətləri müəyyən etdi, gələcək fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar çıxardı. Partiyanın ali forumu ölkəmizin strateji inkişaf istiqamətinin Ümummilli Lider Heydər Əliyev xəttinə sadiq olduğunu bir daha və yüksək səviyyədə təsdiqləyərək, Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinə yekdilliklə səs verdi.
Bununla da siyasi fəaliyyətinin kökündə demokratik, hüquqi dövlətin dəyər və normaları dayanan YAP, möhtərəm İlham Əliyevin hərtərəfli, çoxşaxəli və nəticə etibarilə uğurlu siyasətinin layiqincə həyata keçirilməsinin və ardıcıl olaraq davam etdirilməsinin ölkəmiz və xalqımız üçün tarixi zərurət olduğunu bir daha vurğuladı. Cənab İlham Əliyevin qurultaydakı nitqində demişdir: "Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranmışdır və xalq partiyası kimi fəaliyyətini davam etdirir. Belə olan halda, bizim üçün birinci dərəcəli vəzifə Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır. Azərbaycan xalqının təhlükəsiz, gözəl şəraitdə və maddi cəhətdən yaxşı təmin olunmuş şəkildə yaşaması bizim üçün çox vacibdir".
IV Qurultayda qarşıya qoyulan ən mühüm vəzifə 2008-ci il 15 oktyabr prezident seçkilərində Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin parlaq qələbəsini təmin etmək və bu seçkiləri Heydər Əliyev ideyalarının növbəti təntənəsinə çevirmək oldu. Ölkəmizin mövcud ictimai-siyasi mühiti və sosial-iqtisadi rifah səviyyəsi, imkan verdi ki, YAP bu tarixi vəzifənin öhdəsindən layiqincə gəlsin və bu, olduqca əhəmiyyətli siyasi kampaniyanın uğurla başa vuraraq, əsil ümumxalq partiyası olduğunu bir daha sübut etsin.
Beləliklə, Azərbaycanın ən yeni tarixində mühüm siyasi kampaniya-15 oktyabr 2008-ci il prezident seçkiləri uğurla başa çatdı. Azərbaycan xalqı yekdilliklə (88,6%) özünün layiqli liderinə səs verərək, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi ikinci dəfə prezident kürsüsündə görmək istəyini ifadə etdi. İstər xarici, istərsə də yerli müşahidəçilərin demokratik meyarlar və dünya standartları baxımından yüksək qiymətləndirdikləri seçki prosesi "exit-poll"a real nəticələrin, demək olar ki, üst-üstə düşdüyü fenomenal hadisələrdəndir.
Prezident olduğu son beş ildə Azərbaycanı qələbələrə daşıyan, xarici və daxili siyasətdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyi, inkişafı, yeniliyi qoruyan, ölkəmizin işıqlı gələcəyinin yeganə qarantı olan cənab İlham Əliyevin şanlı qələbəsi məhz tarixi zərurət idi və hər bir Azərbaycan vətəndaşının dövlətinə sevgisinin göstəricisidir. Məhz bu sevgi və inam 15 oktyabr günü seçki məntəqələrində Prezident İlham Əliyevin qələbəsinin təminatçısına çevrildi. Bu seçkilərdə YAP böyük fəallıq nümayiş etdirməklə, ən yeni yeni seçki texnologiyaları tətbiq etmiş, uğurlu qələbənin təmin olunması naminə mövcud potensialını tam səfərbər etmişdir.
Bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən ilə genişlənir, beynəlxalq nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir. YAP Azərbaycanın siyasi partiyaları tarixində ilk dəfə beynəlxalq miqyasda konfranslar keçirməklə ("Sivilizasiyaların dialoqunda siyasi partiyaların rolu"- 27 sentyabr 2007-ci il, "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları"- 7 may 2008-ci il) yalnız ölkə miqyasında deyil, regionun ən qüdrətli partiyası olduğunu təsdiqləmişdir.
Partiya fəaliyyətinin ən konkret və dərin məzmunlu yekununu möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəyərləndirmiş və YAP-ın 15 illik yubiley mərasimində gələcək hədəfləri müəyyənləşdirərək demişdir: "Bizim hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqından bizə verilən dəstək bizi gücləndirir və bizim məsuliyyətimizi də artırır. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti öz üzərimizə götürmüşük. Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Nəsillər gəlirdi-gedirdi, ölkəmiz müstəqil deyildi. Başqa ölkələrin tərkibində yaşayırdı. Böyük sərvətdir, böyük xoşbəxtlikdir ki, biz, indiki nəsil bu müstəqilliyi görürük. Azərbaycan xalqı azaddır. Azərbaycan bayrağı bütün beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda dalğalanır. Biz azadıq, biz müstəqilik, biz güclü Azərbaycan yaradırıq, güclü dövlət qururuq.
Mən bu dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının rolunu çox yüksək qiymətləndirirəm. Əlbəttə ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik. İndi biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, səma aydındır, üfüqlər açıqdır və biz irəli gedirik. Bu yolda sizə, Yeni Azərbaycan Partiyasının fəallarına, bütün üzvlərinə uğurlar arzu edirəm".
Müəllifi Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan Respublikasının 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi, dinamik olduğu və dövrün tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və praktik əhəmiyyət daşıyır. Bu baxımdan, 2008-ci ilin dekabr ayı YAP-ın Konstitusiya islahatı təşəbbüsü ilə yaddaqalan oldu. Belə ki, daim cəmiyyətin istək və arzularını ifadəçisi olan YAP-ın Konstitusiya islahatı təşəbbüsü ilə çıxış etməsi səciyyəvidir.
YAP dekabr ayının 16-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürdü. Milli Məclis Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı YAP-ın təşəbbüsünü dəstəkləyərək, 2009-cu il mart ayının 18-də referendum keçiriliməsinə qərar verdi.
29 maddəyə 41 dəyişiklik nəzərdə tutan təklif həm də birbaşa ölkəmizin demokratik inkişaf prosesinə töhfə olduğu üçün böyük əhəmiyyət daşıyırdı. Səsvermə günü xalqımız Referendum (ümümxalq səsverməsi) məntəqələrinə gələrək cəmiyyətin avanqard siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının Konstitusiya isalahatı təşəbbüsünü, birmənalı olaraq, dəstəklədi və ölkəmizin davamlı inkişafını sürətləndirən hüquqi-normativ bazanın təkmilləşdirilməsinə səs verdi.
Əldə edilən bu uğurlar, qətiyyətlə deməyə imkan verir ki, Ümummilli Liderimizin müstəqil Azərbaycana rəhbərliik etdiyi illərdə ölkəmiz xaosdan sabitliyə, inkişafa qədəm qoymuş və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyev Azərbaycanı bölgənin güclü, qüdrətli, zəngin ölkəsinə çevirməklə rifaha doğru inamla aparmaqdadır. Məhz bunun nəticəsidir ki, bu gün hakimiyyətlə xalqın vəhdəti yaranmışdır və YAP bu birliyin parlaq ifadəsidir.