PDF Oxu

Əsas

  • 32

Qurban bayramı Tanrıya inam, dərin etiqaddır

Qurban bayramı Tanrıya inam, dərin etiqaddır
İslam - gözəl əxlaqdır. Cəmiyyətdə sosial ədaləti bərpa etmək üçün İlahi hökmdür, sevgidir, doğmalıqdır, qardaşlıqdır, yardımlaşmaqdır, yıxılanın əlindən tutmaqdır, dara düşənə yardım etməkdir, gözəllikdir. Gözəl bildiyimiz nə varsa, hamısı islamda ehtiva olunur. Bu uca dinimizin bizə hədiyyə etdiyi iki gözəl bayram var: Ramazan və Qurban bayramları. Ramazan bayramı bir aylıq ibadətin sonunda bizə İlahi mərhəmət kimi verilir. Qurban bayramı da şükrün bir başqa şəkildə ifadəsidir. Allah-Taalanın bizə verdiyi hər cür maddi sərvətin, naz-nemətlərin qarşılığını ifadə etmək anlamına gəlir.
Qurban bayramı islam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Bəşəriyyət gerçək islamdan yayınanda, bütpərəstlik meydana çıxanda, artıq bu sektor ticari mahiyyət daşımağa başlamış, insan Allaha şərik qoşmuş, bütlərin adına verilmiş qurbanlar hesabına zəngin zümrələr meydana çıxmışdır. Bəşəriyyət həmin mərhələdə qara günlərini yaşamışdır. Odur ki, Qurban bizi yaradan, yaşadan, bu qədər maddi-mənəvi sərvətlərə sahib edən, uca Yaradana şükür duyğusunun ifadəsidir. Əlbəttə, bu nemətlərin qədrini bilən, Allahını tanıyan insan əlindəki imkanların ən üstününü, ən gözəlini qurban olaraq ayırmalıdır. "Qurban" sözünün mahiyyətində Allaha yaxınlaşmaq anlayışı var. Yəni bu ibadəti yerinə yetirən insan öz səmimiyyəti, şükrü nisbətində Allaha yaxınlaşmış olur. Qurban Allaha yaxınlaşmaq üçün kəsilən heyvana deyilir. İndi hər kəs bir öz vicdanına baxsın, bir də kəsdiyi qurbana. Yəni insan qurbana nə qədər önəm verirsə, Allah qatında özü üçün o mərtəbəni seçmiş olur.
Azərbaycanın müqəddəs bayramları xalqın milli-mənəvi əxlaqi düşüncəsini əks etdirən bir dəyərdir. Bunların hər birinin insanları halallığa, paklığa səsləyən çox maraqı tarixi və şərtləri var. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə artıq 17 ildir ki, dövlət səviyyəsində bayram edilir.
Bu gün bütün müsəlman dünyasının qeyd etdiyi Qurban bayramı və ya dini qurbankəsmə mərasimi də müqəddəs günlər sırasındadır. İslam aləmində ən möhtəşəm bayramlardan hesab olunan Qurban bayramı müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir və mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə, bu gün mərasimlərə dəvət olunurlar. Qeyd edək ki, dini qurbankəsmə mərasimi islamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Hicrinin ikinci ilindən sonra dini qurban kəsmənin islam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurbankəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi. Bu gün xalqımızın qeyd etdiyi bayramın tarixi, onun islamda buyurulmuş şərtlərinə islam dini baxımından riayət edilməsi müsəlmanlar üçün vacib şərtlərdəndir. Dini qurbankəsmə İbrahim peyğəmbərin həyatında baş verən məlum hadisədən sonra yaranmışdır. Yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsil dindar kimi, Allahın əmrini yerinə yetirməyə hazır idi. İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" deyirlər. Peyğəmbərin canı qədər sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutu olduğunu göstərir. Din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Belə ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Bu hadisənin fəlsəfi-əxlaqi mənası da var ki, islamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanların qurbanvermə ayinlərinə rast gəlmək mümkündür." İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Qurani-Kərimdə də, hədisi-şəriflərdə müsəlmanlara qurban kəsmək dönə-dönə əmr olunub. Üstəlik, uca Kitabımız Qurani-Kərimdə o da bildirilir ki, kəsilən qurbanın nə əti, nə də qanı Allaha yetişməz. Allah-Taala Saməddir, yəni heç nəyə ehtiyacı yoxdur, hər kəs və hər şey Ona möhtacdır.
Üç səmavi dinin-yəhudilik, xristianlıq və islamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin islamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burada əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacibdir. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Dişi heyvanların nəsil artımında rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha məqsədə uyğundur. Qurbanlıq qoçun yaşını ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi islamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb, onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin islam dininə görə, bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətləri sırasında din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsidir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gələn əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır.
Qurban bayramı cəmiyyətdə təbəqələr arasında uzlaşmanın, anlaşmanın ən gözəl vasitələrindən biridir. Qurban payı verən minnət qoymaz, qurban payı alan özünü aşağı hesab eləməz. Qurban payı verən verdiyinə təşəkkür eləməlidir ki, onun vasitəsilə bu gözəl ibadəti yerinə yetirə bilir. Təbii ki, alan da ən azı təşəkkür borcunu yerinə yetirəcək. Əgər bu zamana qədər ortada bir inciklik, narazılıq varsa da, bu qurban payı ilə silinib gedər, münasibətlər daha səmimi məcraya yönələr.
Bu gün elmi-texniki inkişaf qurban məsələsində də qarşımızda geniş imkanlar açır. Əgər bir islam ölkəsində həyat tərzi yüksəkdirsə və o ölkənin sakini Qurban ibadətindən daha çox savab qazanmaq fikrinə düşürsə, onu ən çox ehtiyacı olan ölkələrə də göndərə bilər.
Allah-Taala qurbanlarınızı qəbul etsin!

Digər xəbərlər