Görkəmli ərəbşünas alim, professor, Azərbaycanda ərəb filologiyası üzrə ilk qadın elmlər doktoru Aida İmanquliyeva xalqına bəxş etdiyi nailiyyətlərlə yad olunur, yaradıcılıq irsi tədqiq olunaraq, yetişən nəslə çatdırılır. Müasir dövrümüzdə onun keçdiyi ömür yolunu əks etdirən əsərlər yaradılaraq geniş ictimaiyyətin ixtiyarına verilir. Bu yaxınlarda "Elm və Təhsil" nəşriyyatında çapdan çıxan ictimai-siyasi xadim, şair-publisist Mirkazım Seyidovun "Aydınlığın gül nişanı" əsəri də bu qəbildəndir. Kitabda Aida İmanquliyevanın şərəfli ömür dastanının səhifələri vərəqlənir. Azərbaycan, rus və ingilis dillərində çap olunan əsərdə Aida İmanquliyevanın şəxsi və elmi fəaliyyət dairəsinə diqqət yetirilir.
Kitaba ön söz yazan xalq şairi Nəriman Həsənzadə "Böyük qadın müasirimiz" başlıqlı yazıda qeyd edir ki, Aida xanım bütövlükdə türkçülük dnyagörüşünü özündə ehtiva etməklə, Azərbaycan və azərbaycançılıq şəraitində elmi-nəzəri əsaslarını hazırladığı Şərq-Qərb kulturoloji əlaqələrimizin istiqamətini də müəyyənləşdirmişdir. Belə bir elm, zəka sahibi olan ziyalının sənət tərcümeyi-halını nəzmə çəkib poema şəklində təqdim edən Mirkazım Seyidov Aida xanımın keçirdiyi iztirabları obrazlaşdıraraq, onun psixoloji gərginliyini, sevgi və ülvi hisslərini, bəşəri duyğularını da bədii ifadə vasitələri ilə oxucusuna çatdırır. Azərbaycanlı qadının həyat ştrixlərini poema şəklində qələmə alaraq, Aida xanımın mənəvi dəyərləri ilə yaradılıcıq meyarının bir məxrəcdə həllinə nail olmağa çalışır.
Poemada ümumilli lider Heydər Əliyevin tərənnümü, eləcə də, İlham Əliyev və Mehriban Əliyevaya həsr olunan parçalar bu şəcərə ilə bağlı olan görüşlərin bədiiləşmiş ifadəsidir. Xəyali olaraq bir-birinə əziz, doğma olan insanların görüşləri onların əqidə və məslək mübarizəsində bir amala xidmət etdiklərini göstərir.
Qadın ləyaqətini, Ana şərəfini, Müəllim əzəmətini lirik boyalarla təqdim edən şair onun mənəvi keyfiyyətlərini, cəmiyyətə bağlılığını əks etdirməklə Aida İmanquliyeva şöləsinin daim parlaq və əbədi olduğunu misraları vasitəsi ilə təcəssüm etdirir. Həyat yoldaşı Arif Paşayevin, qızı Mehriban Əliyevanın dili ilə bədiləşmiş şəkildə olan ifadələr bu İnsana ailənin böyük sevgisindən xəbər verir. Ananın nigaran ruhu övladlarından soraq axtarır və hər birinin Mehriban Əliyevanın, Nərgiz Paşayevanın cəmiyyət üçün yaralı insan olduğundan rahatlıq tapır. Poemada Aida İmanquliyeva ailəcanlı bir Azərbaycan qadını orazı kimi təqdim edilir. O, təkcə görkəmli alim, tanınmış şərqşünas deyil, həm də ətrafındakı insanların dərin sevgisini qazanan insan idi. Bu sevgini isə rəftarı, mehribanlığı ilə qazanmışdı. Ona görə də, onu tanıyanların qəlbində əbədi iz buraxıb.
Belə bir ömür yolunu istedadı, əməyi, məsuliyyəti ilə yazan ziyalının "Aydınlığın gül nişanı" poemasında ictimai, elmi, şəxsi tərəfləri nəzmlə oxuculara təqdim edilir.