Dünən "Gülüstan" Sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin yaradılmasının 90 illik yubileyi qeyd edildi. İlk öncə, Azərbaycan Respublikasının himni səsləndi və kollecin keçdiyi 90 illik şərəfli yol ilə bağlı film nümayiş etdirildi.
Sonra tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu gün Azərbaycanın təhsil tarixinə öz imzasını atmış bir məktəbin yubileyidir. 90 il ərzində Pedaqoji Kollec ölkə təhsilinə 20 mindən çox dəyərli ziyalı verib. Kollecdə təhsilin keyfiyyəti ilbəil yaxşılaşır. 90 il ərzində Pedaqoji Kollec müxtəlif adlar altında fəaliyyət göstərsə də, onun yalnız bir amalı olub, bu da Azərbaycan xalqına xidmətdir".
M.Mərdanovun sözlərinə görə, kollecin fəaliyyəti Azərbaycan dövləti tərəfindən həmişə yüksək dəyərləndirilib: "Təsadüfi deyil ki, indiyədək Azərbaycanda heç bir texnikumun yubileyi dövlət səviyyəsində qeyd edilməyib. Kollecin bir neçə əməkdaşı Azərbaycanın əməkdar müəllimi adına və "Tərəqqi" medalına layiq görülüb".
Təhsil naziri ümummilli liderimiz Heydər Əliyevin təhsilə, məktəbə böyük diqqət və qayğı göstərdiyini vurğuladı: "Ulu öndərimiz Heydər Əliyev deyib: "Azərbaycanda gözəl dövürdə əldə olunan bütün nailiyyətlər - iqtisadiyyat sahəsində, mədəniyyət sahəsində, həyatın bütün sahələrində - elm sahəsində əldə olunan bütün nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, onun kökü olan məktəbdir, təhsildir, müəllimdir."
M.Mərdanov Azərbaycan təhsilində əldə olunan uğurların arasında Azərbaycan Pedaqoji Kollecinin müsbət nəticələri olduğunu qeyd etdi. Bildirdi ki, bu kollec neçə-neçə alimlərin, şairlərin, bəstəkarların təhsil aldığı ocaq olub: "Bu təhsil məbədində mütərəqqi fikirli ziyalılar, millətini elmsizlikdən xilas etmək uğrunda mübarizə aparan Abdulla Şaiq, Hüseyn Cavid, Üzeyir Hacıbəyov, Camo Cəbrayılbəyli, Azad Əmirov, Gövhər Yusubova, Salam Salamzadə, Şəfiqə Əfəndizadə və bu kimi mədəniyyət xadimləri, gözəl pedaqoqlar çalışıblar. Kollec texnikum statusu alandan sonra onun ilk məzunları sırasında Mirəli Axundov, Mikayıl Müşfiq, Əfrasiyab Bədəlbəyli, Niyazi, Səid Rüstəmov, Mehdi Hüseyn, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə, Sabit Rəhman, Cabir Novruz və başqaları. Bu gün də Azərbaycan Dövlət Pedaqoji Kolleci yüksək səviyyəli kadrların yetişməsində müsbət rol oynayır."
Tədbirdə çıxış edən ADPK-nın rəhbəri Nurlanə Əliyeva mərasim iştirakçılarını salamladı. N.Əliyeva kollecin keçdiyi 90 illik şərəfli yolu ilə bağlı geniş məlumat verərək, bildirdi ki, təhsildə əldə olunan böyük uğurların içərisində kollecində öz payı var: "Kollecin mövcud olduğu 90 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən bəri cəmiyyət həyatının bütün sahələrində gedən yeniləşmənin, tərəqqinin və bütün bunların nəticəsi kimi əldə olunan böyük uğurların fəaliyyətində bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə, dünyanın ən irəlidə gedən ölkələrindən birinə, regionun ən nüfuzlu dövlətinə çevrilmişdir. Hər bir inkişafın və tərəqqinin təməlində məhz təhsilin dayandığını nəzərə alsaq, ölkəmizin indiki şərəfli, tərəqqi durumunda hər bir təhsil işçisi kimi azacıq da payımızın olması bizi sevindirir. Böyük ədibimiz Hüseyn Cavidin dediyi kimi "cahan səbgisinə verdiyimiz bir çiçəyə görə özümüzü bəxtiyar sayırıq."
Kollecin rəhəbri onu da bildirdi ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Kolleci mövcud olduğu 90 il ərzində on minlərlə mütəxəssis yetişdirmişdir. Onun sözlərinə görə, kollecin kitabxanasında 100 mindən çox dərs vəsaiti yerləşdirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev və başqaları çıxış edərək, kollecin tarixi nailiyyətlərindən danışdılar. Çıxış edənlər bildirdilər ki, bu nailiyyətləri nəzərə alsaq, Bakı Dövlət Pedaqoji Kollecinə universitet statusu vermək olar.
BDU-nun rektoru Abel Məhərrəmov bu təklifi bir daha irəli sürdü: "Mən istəyirəm ki, kollec universitetə çevrilsin. Hazırda Pedaqoji Kollec təhsilin keyfiyyətinə görə bir çox universitetlərdən geri qalmır".
Görüşdə YAP İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək, Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçdiyi 90 illik yolda şərəfli tale yaşadığını və zəngin tədris dövrü keçdiyini bildirdi: "Azərbaycanın çox dəyərli elm xadimləri, Azərbaycan mədəniyyətinə, töhfələr vermiş insanların böyük bir hissəsinin pedaqoji kollecdə təhsil almaları faktı, hesab edirəm ki, bu təhsil ocağının Azərbaycanın təkcə təhsil tarixində yox, bütövlükdə, elm və mədəniyyət tarixində nə qədər əhəmiyyətli rol oynadığından xəbər verir. Aydındır ki, şərəfli tale yaşamaq, zəngin ömür sürmək asan deyil. Bu gün bu tədris ocağında çalışan insanlar böyük fədarkarlıq nümayiş etdirməklə zəngin ömür sürüblər. Xalqına, dövlətinə xidmət etmək üçün qəhrəmanlıq nümunələri göstəriblər. Heç də təsadüfi deyil ki, bu təhsil ocağının pedaqoji heyəti 90 illik şərəfli bir tarixə imza ata biliblər."
Ə.Əhmədov kollecin iki çox əhəmiyyətli missiyanı yerinə yetirdiyini bildirdi: "Bu missiyalardan biri tədris təhsilidir ki, Azərbaycanın ibtidai məktəbləri üçün müəllim kadrları hazırlayır. Digəri isə, bilvasitə, tərbiyəvi funksiyadır. Güman edirəm ki, bütövlükdə, bu kollec belə bir funksiyaları bundan sonra da uğurla davam etdirəcək və daha yüksək səviyyəli kadrların hazırlanmasına səy göstərəcəkdir."
YAP İcra katibi Ə.Əhmədov tədbirdə kollecin univerisitet səviyyəsində olan tədris müəssisəsi olması təklifini də münasibət bildirdi: "Səslənən təkliflə həmrəy olmağımla yanaşı, bu fikrə başqa bir formada aydınlıq gətirmək istərdim. Belə ki, istənilən müəssisəyə əgər yaxşı və işini düzgün quran rəhbərlik edirsə, sözsüz ki, həmin müəssisənin fəaliyyəti də keyfiyyətli olacaq. Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri Nurlanə Əliyeva haqqında səslənən xoş fikirlərə qoşulmaqla yanaşı, onu da qeyd etmək istəyirəm ki, o, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının çox fəal üzvlərindəndir. Eyni zamanda, N.Əliyevaya partiyanın rəhbərliyi tərəfindən böyük etimad göstərildiyinə görə, o, YAP Qadınlar Şurasının sədri seçilmişdir. Bu gün N.Əliyeva seçildiyi gündən bu günə kimi öz vəzifəsini uğurla və müvəffəqiyyətlə aparır. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanın bütün regionlarında qadın təşkilatlarının yaranması geniş vüsət almaqdadır. Bu yolda kollecin kollektivinə uğurlar arzulayıram."
Görüşün sonunda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi musiqi proqramı ilə çıxış etdilər.