Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb
"Səs" qəzeti cəmiyyətdə maraq doğuran müxtəlif mövzular ətrafında dəyirmi masalar keçirməyi ənənə halına çevirməkdədir. Bu dəyirmi masalarda hökumət, dövlət nümayəndələri, millət vəkilləri, ziyalılarla aparılan müzakirələr geniş oxucular arasında diqqətə və marağa səbəb olub. Hətta müxtəlif xarici ölkələrdən redaksiyanın internet poçtuna ünvanlanan məktublarda dəyirmi masalarda qoyulan suallara və bu suallar ətrafında aparılan diskussiyaların maraqla izlənildiyi vurğulanır. Ənənə halına çevirilən dəyirmi masanın budəfəki mövzusu ümumxalq partiya olan YAP-nın yaradılmasının ildönümünə həsr olunmuşdur. Dəyirmi masada YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Siyasi Şurasının üzvləri Aydın Mirzəzadə, Vilayət Əliyev, Aydın Hüseynov, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev iştirak edirdilər.
"Səs" qəzetinin əməkdaşı:
- YAP o dövrdə hansı zərurətdən yardıldı?
PARTİYANIN TƏMƏL PRİNSİPLƏRİ OLDUQCA SAĞLAM AMİLLƏR ÜZƏRİNDƏ QURULUB
Kərim Kərimov:
- YAP-ın yaranması artıq tarixə çevrilir. Bu, faktdır. YAP-ın yaranma zərurətinin ən dolğun və lakonik cavabını Ulu Öndərimiz Heydər Əliyev verib. 1992-ci il oktyabrın 16-da "91-lər" Ona "Səs" qəzeti vasitəsi ilə müraciət etdilər. Bir neçə gündən sonra Heydər Əliyev öz cavabında partiyanın yaranması zərurətini belə xarakterizə edirdi ki, YAP tarixi zərurətdən yaranır. Bu tarixi zərurət nədən ibarətdir? Bunu bilmək üçün Azərbaycanın ən qanlı-qadalı günləri olan 90-cı illərin əvvəlindəki vəziyyətin qısa nəzər salaq. Bu illər ərzində istehsal hər yerdə dayanmışdı. Əhalinin maddi vəziyyəti olduqca çətin idi. Ölkədə hərc-mərcilik, xaos baş alıb gedirdi. Ölkədə artıq vətəndaş müharibəsi başlamışdı. Ermənilərə lazımi müqavimət göstərilmirdi. Dağlıq Qarabağ erməni separatçıları tərəfindən zəbt olunmuşdu. Azərbaycan, faktiki olaraq, yox dərəcəsində idi. Həmin dövrdə Azərbaycan ziyalıları ölkəni belə bir vəziyyətdən çıxaracaq bir şəxs kimi yalnız Heydər Əliyevi görürdülər. O zaman Heydər Əliyevə çoxsaylı müraciətlər olurdu. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişinə Konstitusiya səviyyəsində maneələr yaradılmışdı. Konstitusiyaya belə bir dəyişiklik olmuşdu ki, 70 yaşından yuxarı Azərbaycan vətəndaşı prezidentliyə öz namizədliyini irəli sürə bilməz. O zaman biz bu maneçiliyin aradan qaldırılması üçün mitinqlər keçirirdik. Lakin yaxşı təşkilatlana bilmirdik. Biz belə qənatə gəldik ki, kütləvi mitinqləri ancaq güclü partiya təşkil edə bilər. Bu zaman Heydər Əliyevə partiya yaratmaqla bağlı müraciət olundu. Ölkənin düçar olduğu ağır vəziyyətdən çıxarıldığı üçün partiyanın yaradılması həlledici amilə çevrildi. YAP-ın yaradılması bu ideyadan qaynaqlandı. Bu partiyanın yaranması insanları Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinə verdikləri qiyməti ifadə edir, digər tərəfdən, Heydər Əliyevin 90-cı illərin əvvəllərində Azərbaycanı düçar olduğu ağır vəziyyətdən xilas etmək qüdrətinə malik olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən, Heydər Əliyevin ətrafında siyasi partiyanın yaradılması ideyası ortaya çıxdı. 90-cı illərin əvvəllərində Heydər Əliyevə olan inamın ifadəsi kimi YAP-ın yaradılması ideyasına O, razılıq verdi. Bu gün Azərbaycanda mövcud olan ən qüdrətli siyasi təşkilat olan YAP-ın ideoloji prinsipləri, bilavasitə, Heydər Əliyev tərəfindən müəyyənləşib. Bu gün biz YAP-ın gücü, qüdrəti, nüfuzu haqqında danışarkən, çoxlu sayda mövcud olan amillər sırasında ən vacibinin - partiyanın təməl prinsiplərinin olduqca sağlam amillər üzərində qurulduğunu qeyd etməliyik.
"Səs" qəzetinin əməkdaşı:
- O dövrdə müəyyən sayda müstəqil mətbu orqan olmasına baxmayaraq, niyə məhz xalqın istək və arzularının, mövqeyinin "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə çatdırılması zərurəti yaranmışdı?
"SƏS" QƏZETİ XALQIN İSTƏK VƏ ARZULARINI HEYDƏR ƏLİYEVƏ
ÇATDIRAN MƏTBU
ORQAN İDİ
Bəhruz Quliyev:
- YAP-ın yaradılmasında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin rolu xüsusi olub. O dövrdə xalqın istək və arzuları məhz "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə çatdırılırdı. Heydər Əliyevə müraciət hazırlanan ərəfədə bu məsuliyyəti üzərinə götürəcək mətbu orqan yox idi. O zaman "Səs" qəzetinin redaksiyası əsas mərkəz sayılırdı. Redaksiya həm də təşkilati baxımdan, baza rolunu oynayırdı. Baxmayaraq ki, AXC-Müsavat hakimiyyəti dövründə mətbuata güclü basqılar var idi, ancaq mübarizlik, qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi istəyi "Səs" qəzetinin kollektivini təzyiqlərdən çəkindirmədi. Əksinə, deyərdim ki, "Səs" qəzeti daha fəal və mübariz formada fəaliyyətini genişləndirdi. Məhz buna görə də, sonrakı dövrlərdə Ulu Öndərimiz Heydər Əliyev "Səs" qəzetinin tarixi missiyanı yerinə yetirməsini yüksək qiymətləndirmişdi. Qəzetdə dərc olunan məqalələr geniş ictimaiyyət arasında maraqla oxunurdu. O zaman Heydər Əliyevin Naxçıvanda gördüyü işləri geniş ictimaiyyətə çatdırırdı. Bu işdə həmin vaxt qəzetin baş redaktoru olmuş Ağabəy Əsgərovun böyük xidmətləri olub. Dəfələrlə baş redaktora qarşı hücumlar edilib, təzyiqlər göstərilib. Ancaq hücumlar A.Əsgərovu xalqın ümumi maraqları timsalında Ulu Öndər Heydər Əliyevə olan sevgisindən çəkindirməmişdi.
Qeyd edim ki, o vaxtı jurnalistləri döyürdülər, kağız yedizdirirdilər, maşının "baqajnikinə" salırdılar və s. Jurnalist azad sözün sahibi deyildi, senzura var idi. Nəşriyyatın 6-cı mərtəbəsində bütün qəzet materialları oxunub, sonra çapa getməli idi. Ulu Öndərimiz "Səs" qəzeti haqqında bildirmişdi ki, qəzet belə bir məşəqqətli dövrdə tarixi missiyasını yerinə yetirdi. Qəzet o dövrdə, sadəcə olaraq, obyektiv söz demək, Ulu Öndərimizin Naxçıvanda qəbul etdiyi qərarları ictimaiyyətə geniş tərzdə çatdırmaq üçün bir vasitə idi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsasını elə qurub ki, kimsə 100 il sonra da hakimiyyətə gəlsə, həmin ideyalardan kənara çıxa bilməz. Həmin siyasətin düşünülmüş şəkildə davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanın dünyadakı nüfuzu günü-gündən möhkəmlənir.
"Səs" qəzetinin əməkdaşı:
- YAP Naxçıvan MR-də təsis edildikdən sonra qarşıya qoyulan əsas vəzifə həmin partiyanın yerlərdə dayaqlarını yaratmaq idi. Aydın müəllim, Qaradağ rayon təşkilatının yaradılmasında xüsusi rolu olan şəxs kimi prosesi necə həyata keçirmişdiniz?
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏR BİR KƏS ÖZÜNÜN XİLASKARI
KİMİ YANAŞIRDI
Aydın Hüseynov:
- YAP 1992-ci il noyabr ayının 21-də Naxçıvanda təsis edilib. Bildiyimiz kimi, 1991-ci ilə qədər rəsmi olaraq, Kommunist Partiyası mövcud idi. Azərbaycan cəmiyyəti 70 il ərzində partiya dedikdə Kommunist Patiyasını nəzərdə tuturdu. Bu partiya iflasa uğradığını onun ideoloji baxımdan düzgün şəkildə əsaslarının qurulmadığını cəmiyyət artıq dərk etdi. Məhz Azərbaycan cəmiyyəti Heydər Əliyevin simasında bu partiyanın lazımsız olduğunu, xalqa xidmət etmədiyini onda gördü. Çünki Heydər Əliyev öz partiya biletindən imtina etdi. Sonra ölkədə digər partiya-Xalq Cəbhəsi yarandı. Tarixdir, deməliyik ki, insanların Xalq Cəbhəsinə inamı var idi. Bu, bir hərəkat idi. Sonra partiya kimi formalaşdı və hakimiyyətə gəldi. Hakimiyyətə gəldikdən sonra bunlar xalqın heç bir etimadını doğrultmadı və tam şəkildə süquta uğradı. Yəni, ikinci partiyaya qarşı bir inamsızlıq və yavaş-yavaş nifrət yaranmağa başladı. Sonra İsa Qəmbərov partiya yaratdı. Onun simasında da Müsavata və onun ilkin ideyalarına da ona qarşı nifrət yarandı. Demək istəyirəm ki, Azərbaycan cəmiyyətində sönük fəaliyyətli partiyalara qarşı nifrət var idi. Məhz həmin dövrdə insanlar xilaskar axtarırdı. Xalq bu xilaskarlığı da Heydər Əliyevin şəxsiyyətində görürdü. Hələ YAP yaranmamışdan qabaq "Heydər baba, bizi bu bəladan qurtar" bu xalqın istəyi idi, dilinə gətirdiyi şüar, haray idi. Yaş senzi dövründə Heydər Əliyevin prezidentliyə namizədliyinin müdafiəsindən söhbət gedirdi. Heç olmasa, Prezident olsun, Azərbaycanı idarə etsin. Həmin dövrdə Heydərçilik var idi. Heydər Əliyevə üz tutanlar var idi. Ziyalılar çox gözəl bir missiyanı öz üzərinə götürdü və istəyi, arzunu sistemləşdirdilər. Onda partiya yaradılmadı. Heydər Əliyevi istəyən insanları bir araya gətirdilər. Yerlərdə partiyanın təşkilatlanması ilə məşğul olanda, "biz partiya yaradırıq" demirdik, Heydər Əliyevin adını çəkirdik. Onu istəyən insanlar, sadəcə, dövlətçilik, milli maraqlar baxımı ilə yanaşı, hər bir kəs Onu özünün xilaskarı kimi yanaşırdı.
(Ardı var)